İbrahim peyğəmbərin misilsiz Tanrı sevgisi

post-img

İbrahim peyğəmbərin öz oğlunu Tanrıya qurban deməsi semit kökənli xalqların ən məşhur rə­vayətlərindən biridir. Həmin əhvalata görə, bir gün Tanrı ən sadiq bəndələrindən olan İbrahimdən sevimli oğlu İshaqı ona qurban verməsini istəyir. İbrahim Yaradanın sözündən çıxa bilmir. O, yeni­yetmə oğlunu Tanrıya qurban verməyə dağa aparır. İbrahim oğlunu kəsməyə hazırlaşanda göydən bir mələk enərək özü ilə gətirdiyi quzunu İbrahimə verir və deyir ki, onun qurbanı artıq qəbul olub, Tanrı, sadəcə, onu sınayırdı. 

Tanrının ağır sınağı 

“Əhdi-ətiq”də nəql edilən bu rəvayət xristian­ların “Əhdi-Cədid”inə, oradan da müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim”ə keçmişdir. 

Tarixdən də məlumdur ki, qədimdə insanı Tan­rıya qurban vermək ayinləri geniş yayılmışdı. Bu cür inanclara görə, qəbilə başçısı Tanrıdan arzu­ladığı qiymətli bir şey üçün ona ən sevimli insa­nını qurban verməli idi. Bəzi bütpərəst qəbilələrdə isə əsirləri və qulları qurbangahlarda öz tanrıları üçün kəsirdilər. Məsələn, Cənubi Amerikanın qə­dim xalqı – inklərdə belə bir adət var idi: qəbilənin ən güclü və yaraşıqlı gəncləri xalqın rifahı naminə tanrılara qurban edilirdi. Bəzi mənbələrə görə qur­ban seçilən adamlar, öz inancları üzrə, ölümdən sonrakı həyatda xoşbəxt yaşamaq üçün bu ayinə özləri könüllü gedirlərmiş. 

Övladdan daha dəyərli nə ola bilər? İncilə görə İbrahim üçün İshaq, sadəcə, sevimli oğul deyildi – Rəbb özü onu hələ doğulmamışdan öncə İbrahimə və Saraya bir müjdə kimi vəd etmişdi. Demişdi ki, İshaqdan böyük nəsillər, seçilmiş xalq törəyəcək. 

İbrahim ilə arvadı Sara bu vədin gerçəkləşmə­sini uzun illər gözləmişdilər. İshaq dünyaya gələn­də İbrahimin 100 yaşı var idi. İllərlə gözlədikləri oğul anadan olanda Allah İbrahimi itaət üçün sına­ğa çəkməyə qərar verir: “Oğlunu, tək oğlunu, sev­diyin İshaqı götür və Moriya torpağına get. Orada sənə işarə edəcəyim dağların birində onu qurban kəs!” 

Bibliyada yazılır: “İbrahim səhər tezdən qalxdı, eşşəyini palanladı, iki xidmətçisini və oğlu İshaqı özü ilə apardı. O, qurbangahda yandırmaq üçün odun doğrayıb götürdü və qalxıb Allahın ona dediyi yerə getdi”. 

İshaqdan İsa Məsihə

İbrahimin səyahəti 3 gün davam edir. Nəhayət, onlar yalnız İbrahimlə İshaqın dırmaşacağı dağa yaxınlaşırlar. İbrahim xidmətçilərinə deyir ki, aşa­ğıda, dağın ətəyində onları gözləsinlər. Bu hissə din araşdırmaçılarını çaşbaş salan mübahisəli məqamdır: İbrahim nökərlərə “məni” yox, “bizi göz­ləyin” deyir. Bunu necə başa düşmək olar? Bəlkə, İbrahim xidmətçiləri sadəcə olaraq, sakitləşdirmək istəyirdi? Ancaq “Əhdi-Cədid”ə görə İbrahim oğlu­nu qurban kəsdikdən sonra Allahın İshaqı dirildə­cəyinə inanırdı.

Rəvayətə görə ürəyinə sanki nəsə daman İs­haq atasından soruşur: “Ata, odun var, ocağı da qaladın, bəs quzu haradadır?” İbrahim ona cavab verir: “Oğlum, Allah özü qurbanlıq quzu göndərə­cək”. İbrahim bu sözləri söyləyərək oğlunu qur­bangaha uzadır və əlindəki bıçağı uşağın boğazı­na çəkmək istəyəndə göydən səda gəlir: “İbrahim! İbrahim! Oğluna əl qaldırma, indi məlum oldu ki, sən Allahdan qorxursan və yeganə oğlunu ondan əsirgəmirsən!”

Beləliklə, Allah İbrahimi ən ağır sınaqdan ke­çirir. 

İbrahimin bu iztiraba dözəcəyini Tanrı bilirdi. Lakin Tanrıya görə İbrahimin bu sınağa ehtiyacı var idi. Artıq erkən xristian doktrinasında İshaqın qurbanlığı Məsihin şəhadətinin proqnozu kimi qə­bul edilir. Xristian teoloqlara görə, İsanın özü də bu rəvayəti öz taleyi ilə eyniləşdirirdi: 

“Atanız İbrahim mənim günümü görüb sevindi. Gördü və sevindi”. 

Bir çox xristian din xadimləri oğlunu qurban verməyə hazır olan İbrahim atanı bəşəriyyətin xi­lası üçün oğlu Məsihin çarmıxda ölməsinə icazə verən ata Allahla müqayisə edirlər.

Bu əhvalatın mifik tərəfini bir kənara qoyaq. Məsələnin real nəticəsi o oldu ki, qəbilə başçısı İb­rahimin zəkası, (dindarlara görə imanı) sayəsində yəhudilərin və ərəblərin əcdadları insanı qurban etməyə son verdilər.

Rəssamların ilham mənbəyi 

İbrahim oğlu İshaqın hekayəsi sənətdə, xü­susən də rəssamlıqda qeyri-adi populyarlıq qaza­nıb. Bu dini rəvayətin ən erkən nümunələri Dura Europosda yerləşən sinaqoqun divar rəsmlərində və Beyt Alfa sinaqoqunun divarlarındakı mozaik­lərdə təsvir edilib. 

Orta əsr rəssamları İbrahimin oğlunu qurban etməsi mövzusuna tez-tez müraciət edirdilər. Bu əhvalatı əks etdirən ilkin əsərlərdən biri Karavad­konun çəkdiyi tablodur. Əsər rəssamı himayə edən kardinal Maffeo Barberiniyə həsr edilib. Həmin tablo olduqca duyğusaldır. Şəkildə hətta mələk də narahat görünür və təşvişlə baxan quzu başı­nı uzadaraq, sanki İshaqın yerinə qoyulması üçün yalvarır. 

İshaqın qurbanlığı əhvalatı məşhur barokko rəssamı – Rembrandtın da populyar əsərlərindən birinin mövzusudur. Rəssam bu əsəri oğlu Rom­bertin ölümündən sonra yaradıb. Rembrandt İb­rahimin qaranlıq obrazı ilə solğun İshaq arasında güclü kontrastdan istifadə edib. Vəziyyətin gərgin­liyi isə xəncər və qının üzərində qiymətli daşların parıltısı ilə çatdırılır. Xəncərin ucluğu köməksiz, məsum uşağın boğazına yönəlmiş formada təsvir edilir.

Bu süjetin məharətlə təsvir olunduğu əsərlər­dən biri də Mark Şaqalın müəllifi olduğu rəsmdir. Rəssam İbrahimin İshaqı qurban kəsmək üçün bıçağı qaldırdığı anı seçib. Lakin elə bu anda bir mələk onu dayandırır. Solda, ağacın yanında İs­haqın anası Sara təsvir edilir. Onun simasından əzab yağır, əlləri isə mərhəmət üçün yalvararaq Tanrıya açılır. Bu əsərdə iki zaman xətti var: İndiki – qurbanın kəsiləcəyi an, bir də gələcək zaman. Arxa plandakı gələcək zamanda İbrahim nəslinin bədbəxtlikləri təsvir olunur. Rəssam bu əsərin­də qucağı körpəli anaları və Məsihin çarmıxdakı əzablarını təsvir edir. Bu təsvirlər yəhudi xalqının gələcək iztirablarına işarədir. Əsərdə üç əsas rəng üstünlük təşkil edir: mavi, qırmızı və sarı. 

M.Şaqal mavi rəngi ilahi varlığın əlaməti kimi işlədir. Qırmızı tonlar isə fədakarlığın, fiziki və mənəvi iztirabların rəmzidir. İshaqın bədəni sarı rəngdədir. Rəssama görə bu rəng həyatın canlı­lığına işarə edir, İshaqın hərəkətsiz pozası isə in­sanın Allaha təslim olduğunu əks etdirir. Ümumən, dini rəvayətlər və mifik süjetlər əsrlər boyu ədə­bi-estetik sənət sahələrinin müraciət etdiyi zəngin mənbələr kimi qalmaqdadır. 

Murad KÖHNƏQALA,
şair-publisist

Sosial həyat