Milli Məclisin Sədri Sahibə Qafarova Sinqapur Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Tarman Şanmuqaratnam ilə görüşüb. S.Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Sinqapurun dövlət başçısına çatdırıb. Prezident Tarman Şanmuqaratnam minnətdarlığını bildirərək, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Sinqapur Prezidenti bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladaraq, Azərbaycanla Sinqapur arasında isti münasibətlərin mövcud olduğunu söyləyib. O, bir sıra sahələrdə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edib. Əldə olunan müsbət nəticələrin əlaqələri daha da inkişaf etdirmək üçün səyləri birləşdirməyə stimul verdiyini vurğulayıb.
Görüşdə siyasi təmasların, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin inkişafında müstəsna rolu qeyd edilib. Həmçinin iqtisadi əlaqələrin ölkələr arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən biri olduğu vurğulanıb, ticari-iqtisadi əlaqələrin hazırki səviyyəsinin daha geniş əməkdaşlıq üçün yaxşı əsas yaratdığı bildirilib. S.Qafarova keçirdiyi görüşlər haqqında məlumat verib və aparılan müzakirələrin münasibətlərimizin inkişafına müsbət töhfələr verəcəyinə əminliyini ifadə edib.
Görüşdə parlamentlərarası əlaqələr çərçivəsində beynəlxalq parlament təşkilatlarında da əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Həm Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, həm də ASEAN Parlamentlərarası Assambleyasının əməkdaşlıq baxımından yaxşı platformalar olduğu vurğulanıb. Bununla yanaşı, hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh danışıqları barədə də məlumat verilib.
Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb. Sinqapur Prezidenti ölkəsinin bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirib.
***
Həmin gün Milli Məclisin Sədri Sahibə Qafarova Sinqapur Respublikasının Davamlılıq və ətraf mühit naziri Qreys Fu ilə görüşüb. Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirilərək, iki ölkə arasında mövcud imkanların münasibətlərimizin daha da dərinləşməsinə şərait yaratdığı diqqətə çatdırılıb.
Bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da geniş fikir mübadiləsi aparılıb. Spiker Bakının evsahibliyi ilə təşkil olunacaq bu mühüm beynəlxalq tədbirə hazırlıqla bağlı görülən işlər barəsində məlumat verib. COP29-un ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən böyük etimad və hörmət əlaməti olduğu diqqətə çatdırılıb. Ölkəmiz bu mühüm tədbirə evsahibliyi etməklə bağlı böyük məsuliyyəti dərk edir və tədbirin ən yüksək səviyyədə təşkil olunması üçün bütün lazımi addımlar atılır.
Spiker, həmçinin Azərbaycanın yaşıl enerji istiqamətində gördüyü işlər, həyata keçirdiyi layihələr, Qarabağ və Şərqi Zəngəzurda gedən yenidənqurma və bərpa işləri, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrası, ölkəmizdə alternativ enerji mənbələrindən səmərəli və məqsədyönlü istifadə istiqamətində atılan addımlar barədə də məlumat verib.
Qreys Fu Azərbaycanın COP29 ilə bağlı çox yaxşı fəaliyyət göstərməsini yüksək qiymətləndirib. Nazir kiçik ada dövlətlərinin iqlim dəyişiklərinə qarşı mübarizəsi, bu istiqamətdə görülə biləcək tədbirlər barədə fikirlərini bildirib. O qeyd edib ki, iqlim dəyişikliklərindən ən çox əziyyət çəkə biləcək regionlardan biri Cənubi-Şərqi Asiya regionudur. Ona görə də iqlim dəyişiklikləri ilə bağlı problemlər Sinqapur hökumətinin diqqət mərkəzindədir. Nazir ölkəsinin dekarbonizasiya sahəsində ciddi iş apardığını bildirib.
Əliqismət BƏDƏLOV
XQ