Milli Məclis Sədrinin Monteneqro Prezidenti ilə görüşü

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Monteneqro Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Yakov Milatoviç ilə görüşüb. Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Monteneqronun dövlət başçısına çatdıran Spiker ölkəmizdə keçiriləcək COP29-da iştirak etmək üçün dəvət məktubunu ona təqdim edib.

Prezident Yakov Milatoviç Azərbay­canın Monteneqro üçün dost ölkə oldu­ğunu vurğulayaraq, ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini söyləyib. O, Azərbaycanın Monteneqronun əsas investorlarından biri olduğunu, xüsusilə turizm sahəsində əməkdaşlığın yüksək səviyyəsindən razılığını bildirib.

Azərbaycanın COP29-a evsahibliyi etməsi münasibətilə təbriklərini çatdıran Y.Milatoviç Dubayda keçirilən COP28 çərçivəsində Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb. O, bu il Azərbaycanda keçirilmiş növbədənkə­nar prezident seçkilərində dövlət başçı­sı İlham Əliyevin qələbəsi münasibətilə təbriklərini çatdırıb və Monteneqro parla­mentinin üzvlərinin də bu seçkiləri müşa­hidə etdiklərini xatırladıb. Monteneqronun Azərbaycan üçün dost və tərəfdaş ölkə olduğunu qeyd edən Prezident bildirib ki, ötən il iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 15-ci ildönümü tamam olub. Ötən dövrdə ölkələrimiz ara­sında bir sıra sahələrdə uğurlu əməkdaş­lıq əlaqələri qurulub. 

Görüşdə ölkələrimiz arasında müqa­vilə - hüquq bazasının daha da genişlən­dirilməsi, yeni sazişlərin imzalanmasının əhəmiyyəti vurğulanıb. Söhbət zamanı humanitar sahədə də əlaqələrin, o cümlə­dən ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlı­ğın əhəmiyyəti qeyd olunub. 

S.Qafarova bu ilin yanvar ayında Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin etimadnaməsinin təsdiqlən­məməsinə toxunaraq, Monteneqronun bu səsvermədə iştirak etməməsini qeyd edib. Spiker Avropa Parlamentinin ölkə­mizə qarşı qəbul etdiyi qərəzli qətnamələ­ri də tənqid edib. Söhbət zamanı bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı müşahidə olunan qərəzli kampani­yaları və təzyiqləri tənqid edən S.Qafaro­va deyib ki, Azərbaycan öz yolu ilə gedir. O, sülh sazişinin tezliklə imzalanacağı­na ümidvar olduğunu bildirərək, iki ölkə arasında delimitasiya prosesi barədə də məlumat verib. Bildirilib ki, aparılan danı­şıqlar nəticəsində Ermənistan işğal etdi­yi 4 kəndin Azərbaycana qaytarılmasına razılıq verib. Fransanın regionumuzda gərginliyi artırmaq məqsədi daşıyan ad­dımları barədə də məlumat verən spiker deyib ki, bu ölkə sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesab­lanmış yanaşma ortaya qoyur.

Milli Məclisin Sədri regionda nəqliyyat xətlərinin açılması perspektivləri ilə bağlı fikirlərini açıqlayıb və hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bər­pa və yenidənqurma işlərinin həyata keçi­rildiyini diqqətə çatdırıb. 

Prezident Yakov Milatoviç Azərbay­can və Ermənistan arasında sülh sazişi­nin imzalanacağına ümid etdiyini bildirib və bunun regionun inkişafına töhfə verə­cəyinə inamını ifadə edib. 

Görüşün sonunda Milli Məclisin Sədri “Qarabağ işğaldan əvvəl və sonra” kitabı­nı Monteneqro Prezidentinə təqdim edib.

***

Milli Məclisin Sədri Sahibə Qafarova­nın başçılıq etdiyi parlament nümayəndə heyətinin Monteneqro Respublikasına rəsmi səfəri davam edir. 

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində paytaxt Podqoriça şəhərin­də “Partizan döyüşçüsü” abidəsini ziyarət edib. Milli Məclisin Sədri adından abidə­nin önünə əklil qoyulub.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər