Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzi həyata keçirdiyi “Maddi-mənəvi irsimizin təbliği” layihəsi çərçivəsində Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” (“Gürcüstan Respublikası”) qəzetində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Dost, qonşu və strateji tərəfdaş” sərlövhəli geniş məqalə dərc etdirib.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı əsasında bu xüsusda keçirilən tədbirlərin həm Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunduğu, həm də respublikamızın yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrə təsadüf etdiyi bildirilib. Yazıda Prezident İlham Əliyevin Naxçıvanla bağlı fikirlərindən sitat gətirilir: “Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.
Eyni zamanda, xatırladılıb ki, Naxçıvan Azərbaycan xalqına Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, Məmməd Araz, Yusif Məmmədəliyev və Azərbaycan dövlətinin memarı, qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev kimi dahi şəxsiyyətlər bəxş edib. Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası qarşısındakı tarixi xidmətləri sadalanıb, muxtar respublikanın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün məhdud daxili imkanlardan maksimum və səmərəli istifadə etdiyi, o cümlədən, qonşu dövlətlərlə iqtisadi əlaqələrin inkişafı üçün zəruri tədbirlər həyata keçirdiyi vurğulanıb.
Qəzet onu da oxucularının diqqətinə çatdırıb ki, Prezident İlham Əliyev də Naxçıvana hər zaman böyük diqqət və qayğı göstərib. Habelə ötən 20 ildə Prezident İlham Əliyevin birbaşa diqqəti sayəsində muxtar respublikanın enerji probleminin tamamilə aradan qaldırıldığı bildirilib. Bundan başqa, məqalədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müxtəlif vaxtlarda Prezident İlham Əliyevlə birlikdə Naxçıvana səfərləri, “Əshabi-Kəhf” ziyarətgahını ziyarət etməsi də yer alıb.
XQ