Şəhər icra hakimiyyətində Olimpiya lisenziyalı idmançılarla görüş
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanan sərbəst güləş üzrə Avropa və Dünya çempionu Turan Bayramovla və parataekvando idman növü üzrə Dünya, Avropa, o cümlədən beynəlxalq turnirlərin çempionu İmaməddin Xəlilovla görüşüb.
Görüşdə “Şöhrət” ordenli Əməkdar məşqçilər Elçin Zeynalov və Əli Hacıyev, icra hakimiyyəti aparatının, regional təhsil, gənclər və idman idarələrinin məsul işçiləri, idman məktəblərinin, idman liseyinin direktorları iştirak ediblər.
Niyazi Bayramov idmançıları salamlayaraq Prezident İlham Əliyevin ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də idman sahəsinə xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Şəhər rəhbəri qeyd edib ki, 2024-cü il aprelin 9-da ölkə başçısının Gəncə şəhərinə səfəri zamanı möhtəşəm İdman Sarayının açılışı, o cümlədən şəhər stadionunun təməlinin qoyulması bu qayğının bariz nümunəsidir. Eyni zamanda, Gəncə şəhərinin 2025-ci ildə MDB-nin İdman paytaxtı seçilməsi də ölkə rəhbərinin yürütdüyü idman siyasətinin nəticəsidir.
Niyazi Bayramov hər iki idmançını təbrik edib və onlara 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında uğurlar arzulayıb.
Çıxış edənlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə idmanın inkişafına göstərdikləri qayğıdan söz açıblar və ölkə rəhbərinə idman sahəsində yaradılan yüksək şəraitə görə minnətdarlıqlarını bildiriblər.
İdmançılar öz növbələrində səmimi görüş üçün şəhər rəhbərinə təşəkkür ediblər.
Məlumat üçün bildirək ki, Turan Bayramov Bakı şəhərində keçirilən Avropa təsnifat turnirində finala yüksələrək 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Dünya və ikiqat Avropa çempionu olan İmaməddin Xəlilov isə dünyanın ən güclü 8 idmançısının qatıldığı Qran-Pri final seriyasında qalib olub və hazırda dünya reytinq sıralamasında 1-ci yerdədir. O, 2024-cü il Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə