Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri, Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyi münasibətilə “Bir ömrün naxışları” adlı sərgi təşkil edilib.
Muzeydən bildirilib ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə sərgisində xalça sənətində öz dəst-xətti, fərqli yanaşma tərzi ilə seçilən sənətkarın müəllifi olduğu 40-dək əsər yer alıb. Onların sırasında milli adət-ənənələrdən, nağıl və əsatirlərdən, türkçülük ideyalarından bəhrələnərək yaradılan orijinal kompozisiyalı “Oğuz onqonları”, “Oğuz damğaları”, “Qızıl balığın nağılı”, “Dür at”, “Qurbanlıq qoç”, “Ağaclı”, “Simurq quşu”, “Novruz fəlsəfəsi”, həmçinin vətənə sonsuz məhəbbəti, doğulub, boya-başa çatdığı Abşeron torpağına, onun təkrarolunmaz ab-havasına bağlılığı tərənnüm edən “Azərbaycan”, “Naxçıvan”, “Şirvan”, “Əncir ağacı”, “Faytonçu”, “Neft səltənəti” kimi xovsuz və xovlu xalçalar yer alacaq.
Görkəmli rəssam, böyük alim Lətif Kərimov məktəbinin davamçılarından sayılan Aydın Rəcəbov əsərlərində türk-oğuz ornamental motivlərindən geniş istifadə edərək ənənə və müasirliyin mükəmməl vəhdətinə nail olub. Onun yaratdığı bəzi süjetli xalçalarda orta əsr miniatür sənətimizin təsirlərini də görmək mümkündür. Xalq rəssamının mükəmməl kompozisiya quruluşu, uğurlu rəng həlli, yüksək texniki göstəriciləri, həndəsi stilizasiyası ilə seçilən xalçaları Azərbaycanın və xarici ölkələrin muzeylərində, qalereyalarında qorunub saxlanılır.
Milli xalça sənətimizin bütün incəliklərindən bəhrələnən çoxşaxəli yaradıcılığa malik Aydın Rəcəbovun yubiley sərgisi aprelin 30-dək davam edəcək.
AYTƏN
XQ