Konstantin Abramenko nümunəsi yenidən dirçəldilməlidir
Planetimizdə ən sevimli oyunda yüksək ustalığa, məşhurluğa aparan yol uşaq futbolundan başlayır. Bu yolun hamar olmadığı, qarşıya çoxlu çətinliklərin çıxdığı da heç kimə sirr deyil. Amma bəzən dar küçələrdə asfalt üzərində, bəzən də düzənlikdə, tozlu-torpaqlı yolda oynanılan futboldan da zövq almaq, qibtəedilməz şəraitdə keçirilən məşğələlərdə gələcəyin mahir ustalarına çevriləcək istedadlar yetişdirmək də mümkün olur. Təki istək olsun və işə həvəslə, can-başla yanaşılsın. Bu zaman bir daha əmin olursan ki, futbola və uşaqlara sevgidən çox şey asılıdır.
Biz belə qənaətə gəlməklə heç də demək istəmirik ki, uşaq və yeniyetmələr arasından istedadları seçib, onları ustalığa aparan yolda müasir akademiyalar, ixtisaslaşdırılmış məktəblər, nüfuzlu bölmələr, təcrübəli məşqçi və mütəxəssislər olmadan da keçinmək mümkündür. Əksinə, bu gün onlara həmişəkindən də çox ehtiyac var. Kim bilmir ki, əlverişli şəraitdə keçirilən müntəzəm və səmərəli məşğələlərdən daha çox fayda götürmək olar. Deməli, birinci abzasda söylədiyimiz fikir tək-tək mütəxəssislərə aiddir və küçə futbolunda yalnız nadir hallarda gördüyün işin faydasına sevinə bilərsən.
Rəhmətlik Konstantin Maksimoviç Abramenko da uşaq futbolunda nadir uğurlu məşqçilərdən olub. Bu ad Azərbaycanın futbol ictimaiyyətinə yaxşı tanışdır. Ötən ilin noyabr ayında gəncəli veteranlar anadan olmasının 100-cü ildönümü münasibətilə onun məzarını ziyarət etmiş, xatirəsini hörmətlə anmışlar.
Yetirmələrinin “Kostya əmi” deyə çağırdığı bu insan iyirminci əsrin altmış-səksəninci illərində təkcə məşğələ keçdiyi, futbolun sirlərini öyrətdiyi uşaq və yeniyetmələrin deyil, bütün gəncəli futbol adamlarının sevimlisinə çevrilmişdi. Onun yetirmələrindən sonralar usta oyunçular kimi Gəncə “Dinamo”suna, “Kəpəz”ə, Azərbaycanın o vaxtlardakı 1 nömrəli komandası “Neftçi”yə dəvət olunan neçə-neçə futbolçu həmin kollektivlərdə uğurlu çıxışları ilə yadda qalmışdır.
Mən 2005-ci ildə 82 yaşında vəfat etmiş Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi K.Abramenko haqqında ürəkdən gələn çox səmimi sözlər eşitmişəm. Mərhum həmkarım Abas Əzimovun Azərbaycan futbolunun 100 illiyi münasibətilə 2011-ci ildə nəşr etdirdiyi “Xatirələrdə yaşayanlar” kitabında verilmiş “Ocaq sahibi Kostya əmi” sərlövhəli yazı isə onun barəsində məlumatımı zənginləşdirmişdir. Buyurun, həmin kitabdakı qeydlərdən bəzi məqamları sizin də diqqətinizə çatdırırıq:
“1960–1980-ci illərdə Gəncədə uşaqların ən çox sevdikləri idman növlərindən biri də futbol idi. Həmin illərdə Gəncəni Azərbaycan futbolunun ocağı adlandırırdılar. Bu ocağın körükçüsü isə Kostya əmi idi. Onun yetirmələrinə nəinki Azərbaycanda, hətta SSRİ-nin digər şəhərlərində də rast gəlmək olardı. K.Abramenko Gəncədə anadan olmuşdu. Şərab zavodunda qaynaqçı işləyirdi. Boş vaxtlarında isə dəmiryolçuların “Lokomotiv” komandasında futbolla məşğul olurdu. Hətta Zaqafqaziyanın “Lokomotiv” cəmiyyətinin komandası heyətində Tbilisidə beynəlxalq turnirdə iştirak etmişdi. “Futbol mənim həyatımdır, ondan ayrıla bilmərəm” deyən K.Abramenko dəmiryolçular deyilən məhəllədəki düzənlikdə futbol meydanı düzəltmək üçün bu oyunu seçən uşaqları başına toplayıb, işə başlamışdı.
K.Abramenkonun ondan çox yetirməsi müxtəlif illərdə Azərbaycan milli komandasının şərəfini qoruyub. Təcrübəli məşqçi 40-dan çox idman ustası hazırlayıb. Onun yetirmələrinin hər biri haqqında uzun-uzadı danışmaq olar. Mehman və Füzuli Allahverdiyevlər, Yunis Hüseynov, Maşallah Əhmədov, Əli Rəhimov, Şahmir Hüseynov, Xaliq Mərdanov, Ceyhun Tanrıverdiyev, İmamyar və Yadigar Süleymanovlar, Fuad İsmayılov, Asif Əliyev, Mahmud Qurbanov, Alim Qurbanov, Cavid Əhmədov, Rövşən Əhmədov, Nurəddin Əliyev, Elbrus Qasımov, Arzu Mirzəyev, Arif Orucov və başqaları. Onların hamısı xoş sözlərə layiqdir”.
Kitabda Kostya əminin vaxtı ilə küçə futbolunda məşğələlərə cəlb etdiyi, sonralar isə ustalardan ibarət komandaların şərəfini qoruyan futbolçuların da fikirlərinə geniş yer ayrılıb.
SSRİ idman ustası Şahmir Hüseynov:
– Mən Kostya əmini 1965-ci ildən tanıyırdım. Dəmiryolçular məhəlləsindəki düzənliyin sahmana salınmasında mənim də əməyim olub. Ağır işləri Kostya əmi özü görərdi. Çox gözəl insan idi. Kasıb uşaqlara maddi yardım da göstərərdi. Onun kimi çoxsaylı usta futbolçu hazırlayan ikinci məşqçi tanımıram. Təcrübəli məşqçi 40-dan çox idman ustası hazırlamışdı. Azərbaycanda elə bir komanda tapılmaz ki, onun heyətində Konstantin Maksimoviçin yetirmələrinə rast gəlinməsin.
SSRİ idman ustası Asif Əliyev:
– Biz uşaqlar hamımız Kostya əminin xətrini istəyirdik. O da bizi çox sevirdi, qayğımıza qalırdı. Əgər bölmədə kimsə bir balaca xəstələnsəydi, tez dərman tapıb ona verərdi. Çox işgüzar adam idi, məşqlərdən əvvəl meydanı sulayırdı, yorulmaq bilmirdi. Heç vaxt gözləməzdi ki, hansısa bir uşaq gəlib onun bölməsinə yazılsın. Özü Gəncə küçələrini gəzib, futbol oynayan uşaqlara xeyli tamaşa edər və onların arasından istedadlı uşaqları seçərdi.
“Gəncə” komandasının məşqçisi Fuad İsmayılov isə öz fikrini belə ifadə etmişdir:
– Kostya əmi məni də küçə futbolundan seçmişdi. Çox mehriban insan idi. Hamının qayğısına qalırdı. Kimin nəyə ehtiyacı vardısa, alıb həmin uşağa verərdi. Bizi tez-tez ustalardan ibarət “Dinamo” komandasının oyunlarına aparırdı. Kostya əmi mağazalardan parçalar alar, bizim üçün gözəl köynəklər tikdirərdi.
…Göründüyü kimi, Konstantin Maksimoviç küçə futbolundan böyük futbola aparan yolda çox böyük iş görmüşdür. Yetirmələrinin daim onu minnətdarlıqla, dərin hörmət və ehtiramla xatırlamaları əbəs deyil.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist