“Odlar yurdu” “Asiya nəhəngi”nin “Phoenix” telekanalı ekranında

post-img

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb. 

Xüsusi verilişin qonağı olan Azər­baycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası­nın xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aparıcının Azər­baycanla Ermənistan arasında sülh da­nışıqları, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin-Azərbaycan əmək­daşlığı, Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyəti, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq, Bakının evsa­hibliyi edəcəyi COP29 və digər mövzu­larda suallarını cavablandırıb. 

Bildirilib ki, Azərbaycan BMT Nizam­naməsinin 51-ci maddəsinə əsasən öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. İndi Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxın­dırlar. Son altı ayda Ermənistan-Azər­baycan sərhədində iki ölkə tarixində ən sakit dövrlərdən biri olub. 

Vurğulanıb ki, Fransa və ABŞ-ın həmsədrlik etdikləri ATƏT-in Minsk qrupunun himayəsi ilə aparılan 30 illik danışıqlar praktiki olaraq heç bir nə­ticə verməyib. Amma indi sülh daha yaxındır, bölgədə de-fakto sülh hökm sürür. Azərbaycanın məqsədi Qafqaz regionunu sülh və əməkdaşlıq bölgə­sinə çevirməkdir. Qeyd edilib ki, Azər­baycanın hərbi işğala məruz qalmasına baxmayaraq, məhz o, sülh müqaviləsi­nin təşəbbüskarı olub və onun mətnini hazırlayıb. 

“Bir kəmər, bir yol” layihəsi ilə bağlı sualı cavablandıran Prezidentin kömək­çisi deyib ki, Azərbaycan Çin Xalq Res­publikasının Sədri Si Cinpin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəb­büsünü dəstəkləyən ilk ölkələrdən biri olub. Qeyd edilib ki, Asiya ilə Avropa arasında yükdaşımalarda ən qısa mar­şrut olan Şərq-Qərb Nəqliyyat Dəhlizi rəqabətədavamlı, eyni zamanda, təh­lükəsiz və etibarlıdır. Avropa şirkətlə­ri və qitənin ticarət institutları Çin və Mərkəzi Asiya bazarlarına çıxmaq üçün bu marşrutdan istifadə edə bilərlər. 

Eyni zamanda, bu il Azərbaycanda keçiriləcək COP29 barədə məlumat verilib. Bildirilib ki, iqlimin maliyyələşdi­rilməsi Bakı konfransında əsas mövzu olacaq. 

Azərbaycanın Avropanın ener­ji təhlükəsizliyinin təminatçısı olduğu, bir çox Avropa ölkələrinə neft və təbii qaz ixrac etdiyi diqqətə çatdırılıb. Çinlə Azərbaycan arasında enerji sahəsində sıx əməkdaşlıq mövcud olduğunu, ya­şıl keçidin Azərbaycan üçün prioritet sahəyə çevrildiyi diqqətə çatdırılıb. 

İki ölkə arasında münasibətlərə toxunan Hikmət Hacıyev bildirib: “Çin və Azərbaycan ənənəvi dostlardır. Ölkəmizlə Çin arasında dərin tərəfdaş­lıq əlaqələri mövcuddur. Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan hər za­man Çinin dəstəyinin və tərəfdaşlığının şahidi olub. Prezidentlərimiz arasında sıx dostluq münasibətləri var. 2019-cu ildə Prezident İlham Əliyevin Çinə səfə­ri zamanı ÇXR-in Sədri Si Cinpin dövlə­timizin başçısını yaxşı dost kimi qiymət­ləndirdi. Bu parametrlərə əsaslanaraq biz Azərbaycan-Çin münasibətlərini inkişaf etdiririk. Çin və Azərbaycan si­yasi səviyyədə çox yaxşı dostlardır. Biz bir-birimizin ərazi bütövlüyünü dəstək­ləyirik. Azərbaycan həmişə “Vahid Çin” prinsipini rəhbər tutur. Azərbaycan və Çin beynəlxalq hüququn fundamental prinsiplərini dəstəkləyir”.

Həmçinin vurğulanıb ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Qeyd olunub ki, Azər­baycan bu il COP29-a evsahibliyi edə­cək və bu istiqamətdə də Çinlə əmək­daşlıq imkanları mövcuddur. İki ölkə arasında əməkdaşlığın digər istiqaməti isə iqtisadi sahədir. Bu xüsusda, Azər­baycanla Çinin ticarət əlaqələri davamlı olaraq genişlənir. 

Sonda bildirilib ki, Azərbaycan inki­şaf edən ölkədir və Çin ilə Orta Dəhliz boyu əməkdaşlıq potensialı mövcuddur.

XQ



Son xəbərlər