Azərbaycan–Çin: Şərqi Qərblə qovuşduran strateji tərəfdaşlıq

post-img

Əsl dostluq üçün məsafənin önəmi yoxdur. Çin Azərbaycandan uzaqda yerləşməsinə baxmayaraq, iki ölkə arasında dost münasibətlər mövcud­dur. Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin strateji rəhbərliyi və şəxsi iştirakı sayəsində bugünkü ənənəvi dostluq münasibətlərimiz uğurla inkişaf edir. Əlaqələrin inkişaf dinamikasının ümumi mənzərəsi belə deməyə əsas verir ki, Azərbay­can-Çin münasibətləri tarixinin ən yaxşı dövrünü yaşayır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkələrimizi strateji tərəfdaş adlandırır. 

Azərbaycanın dövlətlərarası münasibətlərdə qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsinə üs­tünlük verdiyini, Pekinin “Bir kəmər, bir yol” layihəsində iştirakını yüksək qiymətləndirən Çin Bakı ilə siyasi-iq­tisadi əlaqələrinin inkişafına yönəl­miş addımları dəstəkləyir. 

2013-cü ildə Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsi mövcud ikitərəfli və çoxtərəfli əlaqələri, birgə strukturları və onların Çinin iştirakı ilə qarşılıqlı fəaliyyətini gücləndirməklə Avrasiyada iqtisa­di tərəfdaşlığın yeni mexanizmləri­ni formalaşdırmaq və təşviq etmək məqsədi daşıyır. Bu təşəbbüsün mahiyyəti nəqliyyat-logistika infrast­rukturunun formalaşdırılması və eyni zamanda, Böyük İpək Yolu boyunca iqtisadi zolağın inkişafına nail olmaq­dır. “Bir kəmər, bir yol” layihəsində iştirak edən bir çox ölkənin zəngin təbii ehtiyat ehtiyatlarına malik olma­sı, planetin əhalisinin təxminən 63 faizinin burada yaşaması Çin təşəb­büsünün faydalılıq əmsalını göstərir. “Bir kəmər, bir yol” meqalayihəsinin iqtisadi potensialı da 21 trilyon dollar dəyərində qiymətləndirilir.

Unikal coğrafi mövqeyi sayəsin­də Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsinin inkişafında mühüm rol oynayır. Eyni zamanda, Çinin bu təşəbbüsü Azərbaycanın Avra­siya məkanında coğrafi və iqtisadi əlaqələrini genişləndirmək imkanına artırır. Azərbaycan mühüm ticarət dəhlizlərinin inkişafı çərçivəsində logistika infrastrukturunu yaxşılaşdır­maq üçün böyük investisiyalar cəlb edir. Hazırda Bakı limanının keçid qabiliyyəti ildə 15 milyon ton yük təş­kil edir. Şübhəsiz ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanını Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşağı adlandırmaq olar. Azərbaycanın hə­yata keçirdiyi və Avropa ilə Çin ara­sında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi mühüm infrastruktur la­yihələri “Bir kəmər, bir yol” təşəbbüsü və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir.

Təbii ki, Azərbaycan dəmir və avtomo­bil yollarının, hava limanlarının inkişafın­da da maraqlıdır. Ölkəmizin Dünya oke­anına çıxışının olmamasına baxmayaraq, bu gün Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsü sayəsində beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilir. Bu təşəb­büsün “Böyük İpək Yolunun Bərpası” və “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Mar­şrutu” milli Azərbaycan strategiyaları ilə çoxlu təmas nöqtələri var. Bu, artıq Çin və Azərbaycan arasında iqtisadi əlaqələr üçün möhkəm zəmin yaratmaqla bərabər, əməkdaşlıq üçün yeni perspektivlər açır. Təbii ki, Azərbaycanın nəqliyyat sekto­runda əldə etdiyi nailiyyətlər və imkanlar “Bir kəmər, bir yol” layihəsinin iştirakçı­ları tərəfindən yüksək qiymətləndirilir. Bu meqalayihə Prezident İlham Əliyevin dediyi kimi, sənayeyə yeni nəqliyyat im­kanları və investisiyalar təqdim etməklə yanaşı, həm də xalqlar arasında ticarət, turizm və humanitar əlaqələri təşviq edir, eyni zamanda, Avrasiyada sabitlik, təh­lükəsizlik və sülhün bərqərar olmasına xidmət edir.

Azərbaycan və Çin arasında intensiv siyasi dialoq da aparılır. Ölkələrimiz ara­sında 88 dövlətlərarası müqavilə bağlan­mışdır. Bir çox məsələlərdə ölkələrimiz eyni mövqedən çıxış edirlər. Yəni Pekin ilə mehriban və yaxşı tərəfdaşa xas olan əlaqələr spektri var. Bu, həm də ölkələ­rimizin liderləri, hakim partiyalar və xalq­larımız arasında gözəl münasibətdir. Ha­kim Çin Kommunist Partiyası ilə hakim Yeni Azərbaycan Partiyası arasında çox gözəl əlaqələr mövcuddur. Partiyalarara­sı bu fəal dialoq iki xalq arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, çoxvek­torlu əməkdaşlığın dərinləşməsinə və ümumilikdə Azərbaycan-Çin əlaqələrinin inkişafına böyük töhfə verir. Azərbaycan­da Çin dili və mədəniyyətinin öyrənildiyi Konfutsi Mərkəzi də fəaliyyət göstərir. Yəni münasibətlər bütün sahələrdə inki­şaf edir. 

Bununla yanaşı, Bakı Çinlə siyasi di­aloqunu dərinləşdirmək və gücləndirmək istəyini hər zaman nümayiş etdirir. Azər­baycan hesab edir ki, ikitərəfli dialoqun keyfiyyəti yüksək səviyyədədir. İki ölkə liderləri arasında münasibətlərin yaxşı olması əməkdaşlığın keyfiyyətinə daha da müsbət təsir göstərir. Beynəlxalq mü­nasibətlərdə mühüm rol oynayan Çinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Azərbaycana dost ölkə olması Bakının diqqət yetirdiyi xüsusi məqamlardır. Buna görə də, Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olan və qə­dim tarixə və xoş ənənələrə əsaslanan ikitərəfli münasibətlər yüksələn xətlə inki­şaf edir və etibarlı tərəfdaşlıq hər keçən gün yeni məzmunla zənginləşir. 

S.ELAY
XQ



Siyasət