Gəncədə akademik Həmid Araslının 115 illiyinə həsr olunmuş elmi konfrans

post-img

AMEA-nın Gəncə Bölməsində görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi akademik Həmid Araslının anadan olmasının 115 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

“Akademik Həmid Araslı və Azərbaycan ədəbiyyatşünaslığı” mövzusundakı elmi-praktik konfrans Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Gəncə Bölməsi tərəfindən təşkil olunub.

Konfransı giriş sözü ilə açan AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev Azərbaycan, eləcə də Şərq dünyası ədəbiyyatşünaslıq elminin nəhəng simalarından olan akademik Həmid Araslının anadan olmasının 115 illiyinə həsr edilmiş mötəbər elmi forumun iştirakçılarını alimin doğma yurdunda salamlamaqdan məmnunluq duyduğunu bildirib. 

Akademik İsa Həbibbəyli ölkə başçısının Sərəncamı ilə böyük şairimiz Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsinin də məhz Azərbaycançılıq işığında həyata keçirilməsini vurğulayıb. O, akademik Həmid Araslının füzulişünaslığımızın başlanğıcında durduğunu qeyd edib.

Akademik İsa Həbibbəyli Həmid Araslının nizamişünaslığın əsasını qoyduğunu xatırladıb və qeyd edib ki, Nizaminin Gəncəyə bağlı, Azərbaycan şairi olmasını alim 50 il bundan qabaq yazdığı “Şairin həyatı” kitabında sübut edir və bu əsər müasir tədqiqatlar üçün də mötəbər mənbədir. Natiq Həmid Araslının Türk dünyasının böyük şairi Əlişir Nəvai yaradıcılığı ilə bağlı araşdırmalarını nəvaişünaslığın bünövrəsi kimi dəyərləndirib və bu əməyinə görə, alimə Özbəkistanın Əməkdar elm xadimi adı verildiyini xatırladıb.

Görkəmli ədəbiyyatşünas alim Həmid Araslının millətimiz üçün ən böyük xidmətlərindən birinin “Kitabi-Dədə Qorqud”u nəşr etdirməsi və bu eposun araşdırmaçısı olduğunu xüsusi vurğulayan akademik İsa Həbibbəyli Gəncə Bölməsində akademik Fuad Əliyevin rəhbərliyi ilə aparılan tədqiqatlara, elmi nəşrlərə, keçirilən tədbirlərə görə bölmə əməkdaşlarına təşəkkür edib.

Akademik İsa Həbibbəyli ölkə başçısı tərəfindən görülən tədbirlər sayəsində dahi şəxsiyyətlərimizi yeni baxışla xalqımıza çatdırmağın milli-mənəvi intibaha xidmət etdiyini qeyd edib. Bu xüsusda o, AMEA tərəfindən nəşr edilən Həmid Araslının Füzuli yaradıcılığına dair kitabının da yeni nəşrini yüksək dəyərləndirib və həmin kitabın nüsxələrini Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyevə və AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyevə və Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarova hədiyyə edib.

AMEA-nın prezidenti İsa Həbibbəyli Akademiya tərəfindən nəşr olunmuş türk millətinin ana kitablarından olan, XI əsrdə yaşamış Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin azərbaycanca nəşrini Gəncə şəhər İcra Hakimiyyətinə və Gəncə Bölməsinə təqdim edib.

Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru akademik Şuxrat Siracəddinov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru professor Nozliya Normuradova, Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin baş müəllimi filologiya elmləri doktoru Gülbahar Aşurova, Gəncə Dövlət Universitetinin müəllimi Cahan Ağamirov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Hürnisə Bəşirova çıxış edərək böyük ədəbiyyatşünas alim Həmid Araslının Azərbaycan ədəbiyyatşünaslıq məktəbinin formalaşmasındakı rolundan söhbət açıblar.

Həmid Araslının qızı AMEA-nın müxbir üzvü Nüşabə Araslı çıxışında ölkə rəhbərinin milli-mədəni dəyərlərimizə diqqəti sayəsində xalqımızın inkişafında rolu olmuş şəxsiyyətlərin irsinə yeni baxış formalaşdığını diqqətə çatdırıb. O, Həmid Araslının elmi irsinə və şəxsiyyətinə ehtiram və bugünkü dövrün tələbləri baxımından yaradıcı münasibətə görə AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə, Gəncə Bölməsinin sədri akademik Fuad Əliyevə, konfransın iştirakçılarına və qonaqlarına, Gəncə şəhərinin rəhbərliyinə minnətdarlığını bildirib.

Konfransın sonunda Gəncə Bölməsi tərəfindən qonaqlara Həmid Araslıya həsr olunan konfransın materialları və bu böyük alim haqqında məşhur elm və ictimai xadimlərin fikirləri toplanmış kitablar, həmçinin bu qədim şəhərin tarixi abidələrini özündə əks etdirən tablolar hədiyyə olunub.

Daşkəndli qonaqlar bölməyə özbək milli rəmzlərinin təsviri olan hədiyyələr təqdim ediblər.

Sonra Gəncə Bölməsində Əlişir Nəvai Mərkəzinin yaradılması haqqında AMEA-nın Gəncə Bölməsi və Daşkənd Özbək Dili və Ədəbiyyatı Universiteti arasında memorandum imzalanıb. Sənədi AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev və Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru akademik Şuxrat Siracəddinov imzalayıblar.

Akademik İsa Həbibbəyli mərkəzin yeni istiqamətlərin müəyyənləşməsinə, birgə tədqiqatların aparılmasına, həmçinin dost ölkələrimiz arasında ədəbi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Akademik Şuxrat Siracəddinov Daşkənddə Nizamişünaslıq və Füzulişünaslıq, Bakıda Nəvaişünaslıq mərkəzlərinin fəaliyyət göstərdiyini, indi isə bu yöndə Gəncədə addımlar atıldığını qeyd edib və sözügedən mərkəzlərin iki xalq arasında ədəbi-mədəni əlaqələrin inkişafında körpü rolunu oynadığını vurğulayıb.

Qabil YUSİFOĞLU
XQ













Son xəbərlər