Martın 7-də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov arasında görüş keçirilib.
Görüşdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlət səviyyəsində turizm sahəsinin inkişafına xüsusi diqqətin ayrıldığını, 2023-cü ildə xarici ziyarətçilərin sayında 2022-ci illə müqayisədə 30 faiz artımın olduğunu qeyd edib. O, Rusiyanın Azərbaycan üçün mühüm turizm bazarı olması, Rusiya vətəndaşlarının 2023-cü ildə gələn ziyarətçilərin 30%-ni təşkil etməsi, iki ölkə arasında turizm sahəsində çoxtərəfli əməkdaşlıq potensialının mövcudluğunu vurğulayıb. Agentlik sədri, həmçinin 5 mart 2024-cü il tarixində imzalanmış turizmə dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə “2024-2026-cı illərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında turizmin inkişafına dair Yol Xəritəsi”nin bu istiqamətdə mühüm imkanlar ehtiva etdiyini bildirib.
Fuad Nağıyev, həmçinin “Şahdağ” Turizm Mərkəzinin timsalında rusiyalı turistlərin Azərbaycandakı qış və dağ-xizək mərkəzlərinə maraq göstərməsindən bəhs edərək Rusiyanın “Roza Xutor” qış mərkəzinin də daxil olduğu Avrasiya Dağ Kurortları Alyansı çərçivəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov pandemiyadan əvvəlki rəqəmlər tam bərpa olunmasa da, 2023-cü il statistikasına əsasən Azərbaycanın rusiyalı turistlərin üz tutduğu ölkələr sırasında birinci yerdə qərarlaşdığını, ikitərəfli turizm əlaqələrinin inkişafı üçün geniş potensialın mövcudluğunu diqqətə çatdırıb. O, həmçinin MDB ölkələrinə turlar təşkil edən Rusiya turoperatorların fəaliyyətini stimullaşdıracaq qanun layihəsi haqqında danışaraq qanun layihəsinin digər ölkələrlə yanaşı, Azərbaycanla da tərəfdaşlıq əlaqələrinin güclənməsinə təkan verəcəyini qeyd edib.
Görüşdə Rusiya ilə müntəzəm olaraq həyata keçirilən birbaşa uçuşlar, Moskvada Azərbaycanın turizm nümayəndəliyinin açılması, Xəzər dənizində kruiz turizminin inkişafı potensialı, qış turizmi üzrə əməkdaşlıq, Azərbaycanın turizm imkanlarının Rusiyada tanıdılması, investisiya imkanları, aparılan geniş marketinq və tanıtım kampaniyası, turizm sənayesi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.