“Toplum TV” ilə bağlı obyektiv araşdırmalar ABŞ-ni niyə narahat edir?

post-img

Azərbaycan hüquq-mühafizə orqanları “Toplum TV” redaksiyasında axtarış aparıblar. İlkin açıqlamalardan belə məlum olur ki,  “qrant qaçalmalçığı” üzrə şübhələr vardır. Bu şübhələr təsadüfdən yaranmayıb. 

Baş redaktor Xədicə İsmayılın dünən xarici KİV-lərə verdiyi açıqlamalardan belə məlum olur ki,  "Toplum TV" redaksiyasında 10-15 nəfərlik işçi heyəti çalışır. Gündəlik işləyirlər, əmək haqqı alırlar. Amma redaksiyanın əmək haqqı fondunun hansı mənbədən formalaşdırılması barədə bilgi verilmir. Nəzərə alaq ki, “Toplum TV” abunə sistemi ilə işləmir. Onun hazırladığı məhsulların daimi alıcıları yoxdur. Oxucular  üçün  kod sistemi də  tətbiq etməyiblər. Yəni, öz məhsullarını, informasiyalarını  ödənişsiz əsaslarla təqdim edirlər. 

Saytda elan, reklam, bir sözlə, müstəqil  KİV qurumu üçün  qazanc  gətirən legitim maliyyə qaynağı görünmür. Hansı ki, nə milli, nə də beynəlxlaq sənədlər  KİV qurumlarının maliyyələşməsi üçün  fərqli mənbə tanımır. Beynəlxalq sənədlərdə qeyd edilir ki, normal fəaliyyət göstərən KİV qurumunun legitim maliyyə mənbəyi reklam və elanlardır. Maliyyəsinin ən azı 75 faizi reklam və elandan formalaşmalıdır ki, müstəqil fəaliyyət göstərə bilsin. Digər 25 faiz isə satışdan, abunədən, ianələrdən, qrantlardan, təsisçinin yardımından formalaşmalıdır. Əgər bunların heç  biri yoxdursa, “Toplum TV”nın maliyyə mənbəyi haradan qaynaqlanır? Stabil maliyyə qaynağı yoxdursa, redaksiya ofisinin icarəsi, işçilərin əmək haqqı, texniki avadanlıqlar  və digər xərclər üçün zəruri olan vəsait  hansı mənbədən ödənilir? Baş redaktor Xədicə İsmayıl və portalın hüquqi təsisçisi olan Ələsgər Məmmədli bu sualların cavablandırılmasından yayınırlar. Araşdırmalar göstərir ki, “Toplum TV”-nin kifayət qədər böyük maliyyə dövriyyəsi mövcuddur. Sadəcə  maliyyənin  qaynağı şəffaf deyil. 

“Toplum TV”-nin maliyyə qaynaqları sırasında görünən yalnız bir mənbə var ki, o da qrantlardır. Amma xəbər portalının sahibləri qrant vəsaitlərini hansı donorlardan və hansı həcmdə aldıqlarını da qapalı saxlayırlar. Bu tip sualları cavablandırmaqdan yayınırlar. Sanki normal bir hal imiş kimi üzərindən keçirlər. Bu özü də ciddi qanun pozuntusudur. “Qrantların qeydiyyatı  haqqında” Qanuna əsasən, alınmış vəsaitlər Ədliyyə Nazirliyində  qeydiyyatdan keçirilməlidir.  “Toplum TV” bu qanunu pozub. Qrantları qanuni deyil, qaçaqmalçılıq yolu ilə alaraq realizə edib. 

Xədicə İsmayıl dünən xarici KİV-lərə verdiyi müsahibədə qeyd edib ki, “Toplum TV” hüquq-mühafizə orqanları tərəfindən onun ofisində axtarış aparılmasına zəmin yaradan heç bir hüquq pozuntusuna yol verməyib. Sual yaranır: görəsən hüquq pozuntusu necə olur? Yaxud, Xədicə ismayıl qanun pozuntusu olmayıb deyəndə nəyi nəzərdə tutur? Yuxarıdakı nümunədən də görünür ki, “Toplum TV” öz fəaliyyəti dairəsində Azərbaycanın Qrant haqqında qanununu pozub. 

Amma xəbər portalının pozduğu başqa bir  qanun da var. “Toplum TV" KİV qurumudur. İnternet səhifəsində qeyd edilib ki, “2016-ci ilin oktyabr ayından yaradılmış müstəqil informasiya resursudur” (https://toplum.tv/sehife/biz-kimik ).

“Media haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə ərazisində fəaliyyət göstərən KİV qurumları   Media Reyestrində qeydiyyatdan keçməlidirlər. Düzdür, bu tələb sosial şəbəkə platformalarını əhatə etmir. O cümlədən,  "Toplum TV"-nin  yutub sosial şəbəkə platforması üzərindən yayımlanan versiyası da mübahisələndirilə bilər. Amma yutub üzərindən yayımlanan verilişlər onun məhsulunun bir qismidir. “Toplum TV” domen adı, veb-səhifəsi, rekvizitləri olan xəbər portalıdır. Bu cür redaksiyalar üçün reyestrə düşmək zəruri şərtdir. Bu tələb “Media haqqında” Qanunda çox aydın şəkildə təsvir edilib.

“Toplum TV” qanunun tələblərini pozub, reyestrdə qeydiyyatdan keçməyib. Saytın rəsmi təsisçisi olan Ələsgər Məmmədlinin, həmçinin baş redaktor Xədicə İsmayılın  açıqlamalarından görünür ki, onlar qanunun tələblərini bilərəkdən pozublar. Arqumentləri budur ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun şərtləri ilə razılaşmırlar. Nəzərə almırlar ki, dünyanın heç bir ölkəsində legitim qanunlara tabelilik könüllük prinsipinə söykənmir.   

Məsələ araşdırılmalıdır, hüquqi ölçü götürülməlidir. Bu KİV-lərin hansı məqsədlə yaradıldıqları, nə üçün maliyyələşdirildikləri və hansı güc mərkəzlərinə xidmət etdikləri müəyyənləşdirilməlidir. 

Müşahidələr göstərir ki, ABŞ başda olmaqla Qərb mərkəzləri Azərbaycanda ictimai rəyi çaşdırmaq üçün  çox sayda təsir agentləri yetişdiriblər. İz azdırmaq üçün onların adını “KİV qurumu”, “QHT”, “Siyasi partiya” qoyublar. Yəni, öz agentlərini  məsuliyyətdən yayındırmaq üçün bir növ hüquqi platforma yaradıblar. Qrant vermək adı altında onlar üçün “qanunu maliyyə mənbəyi” təmin ediblər. Azərbaycan 2000-ci illərdən başlayaraq, bu şəbəkəni qismən ifşa edib. Zərərsizləşdirmək üçün qanunvericiliyi yeniləyib. 2014-cü ildə qrant alma prosedurlarını  sərtləşdirib. Digər zəruri tədbirlər görüb. Amma indi bəlli olur ki, Azərbaycan ehtiyat tədbirləri gördüyü kimi, “qrant şəbəkəsi” də çevik tərpənib. Qeyri-leqal vəsaitin ölkəyə gətirilib agentura şəbəkəsinə çatdırılması üçün son 6 il ərzində tamamilə yeni metodlardan istifadə ediblər. “Abzas Media”, “Kanal-13”, “Toplum TV”,  “Demokratik Təşəbbüslər İnstitutu” və digərlərinin fəaliyyətinin araşdırılması bu yöndə çoxsaylı nümunələr verir.

Bu təşkilatlar öz fəaliyyətlərini Azərbaycan qanunları əsasında deyil, ABŞ-dən gələn direktivlər əsasında qururlar. Maliyyə xərcləri kimi, informasiya tezislərini də Qərbdən alırlar. Problem ondadır ki, hazırki dönəmdə Qərbdən gələn həmin tezislər milli maraqlarla daban-dabana ziddir. Onlar Azərbaycanda ictimai rəyi çaşdırmağa çalışırlar. Qarabağ üzərində qazanılmış Zəfərə kölgə salmaq istəyirlər. Xalqla dövlət arasında inamsızlıq yaratmaq, cəmiyyəti parçalamaq və ölkəni qarşıdurma zonasına çevirmək niyyətindədirlər. 

Hadisələr göstərir ki, Qərb mərkəzləri Azərbaycan Ordusunun əzib dağıtdığı işğalçı Ermənistan ordusunu yenidən dirçəldirlər. Azərbaycanla  Ermənistan arasında münasibətləri yenidən gərginləşdirmək, bu gərginlik fonunda Cənubi Qafqaza daxil olmaq və regionu təsir dairələrində saxlamaq üçün planlar qururlar. “Abzas Media”, “Kanal-13”, “Toplum TV”,  “Demokratik Təşəbbüslər İnstitutu” və Qərbin təxribat  şəbəkəsinə daxil olan digər QHT və KİV-lər isə aldıqları qrant qarşılığında bu neokolonolist siyasəti təbliğ edirlər. Bu mövzuda Azərbaycan KİV-lərində yetərincə verilişlər hazırlanıb və araşdırma yazıları dərc edilib (https://apa.az/blog/blog-single/abs-ni-meyus-eden-secki-texnoloqlari-219). “Toplum TV”-nin  Qərbdən gələn sifarişlər üzrə necə təxribatlar törətdiyi arqumentlərlə isbat edilib. 

İndi hüququ araşdırma aparılır. İstintaq prosesi bütün bu suallara aydınlıq gətirəcək. Bəlkə də bəraət alacaqlar. “Abzas Media” işi üzrə aparılan istintaq prosesində bu təcrübə yaşanıb. Məsələn, jurnalist Şahin Rzayev də qrant qaçaqmalçılığı işi üzrə saxlanılaraq, dindirilib. Amma prosesdə iştirakı təsdiq olunmayıb,  bir sutka keçməmiş azadlığa buraxılıb. Digərlərinin əməlində şübhələr təsdiqlənib, iş davam etdirilir. Yəni, istənilən halda hüquq –mühafizə orqanlarının ədalətli qərar verəcəyinə ümid vardır.

Amma ABŞ başda olmaqla, Qərb dairələri “Toplum TV” mövzusuna sərt təpki verərək, Azərbaycan hüquq-mühafizə orqanlarına qarşı etimadsızlıq yaradırlar. Dünən  ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller öz brifinqində bu məsələyə toxunub. Azərbaycanda çoxsaylı müstəqil jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının həbs olunduğunu deyib. O, “Toplum TV” üzrə prosesin qeyd-şərtsiz dayandırılmasına çağırıb. 

Buna uyğun olaraq, ABŞ-dən yönləndirilən, “milli”, “regional” və “transmilli” KİV-lər hərəkətə keçiblər. “Azadlıq radiosu”, “Amerikanın səsi”, “OC media”, “JAMnews” və digərləri “Toplum TV” ətrafında aparılan hüquqi araşdırmanı “siyasi repressiya” kimi təqdim etməyə çalışırlar. Beynəlxalq kampaniya formalaşdırmaq, təzyiq göstərmək, prosesi ddayandırmaq istəyirlər. Niyə, maraqları nədir?

Görünür, onlar araşdırmalar zamanı yeni detalların üzə çıxacağından narahatdırlar. 2023-cü ilin oktyabr ayında Gürcüstan Təhlküəsizlik Xidməti  USAİD-in əməlini ifşa etmişdi. Onun bir sıra “milli QHT”-lərə qanunsuz qrant vəsaiti ayırdığını, “dövlət çevrilişi üçün” təlimlər keçdiyini bildirmişdi. İndi belə görünür ki, ABŞ daha bir ifşaedici materialın Azərbaycandan gələcəyini bilir. “Toplum TV”-nin daxil olduğu şəbəkə üzərində hüquqi araşdırmaların dayandırılmasını tələb edir. 

“Xalq qəzeti”nin analitik qrupu

Siyasət