Azərbaycanın Slovakiyadakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımızın iştirakı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib.
Xocalıda və digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin bölmələri və erməni terrorçu dəstələrinin törətdiyi cinayətlərdən söz açan səfir Vüsal Abdullayev bu qanlı əməllər nəticəsində çox sayda dinc azərbaycanlının milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirildiyini və amansız işgəncələrə məruz qaldığını qeyd edib.
Bildirilib ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması məqsədilə davamlı olaraq həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətindən danışan diplomat Xocalıda baş vermiş bu qanlı cinayətin heç vaxt yaddaşlardan silinməyəcəyini vurğulayıb.
Sonra Xocalı soyqırımına həsr olunmuş sənədli televiziya filmi nümayiş etdirilib. Mərasim gənc Azərbaycan musiqiçisi Fərid Feyzullayevin ifasında konsert-rekviyem proqramı ilə davam edib.
***
Estoniyanın paytaxtı Tallində yerləşən İşğal və Azadlıq Muzeyində də Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Azərbaycanın Estoniyadakı səfirliyindən bildiriblər ki, anım tədbirində hər iki ölkənin parlamentinin deputatları, Türkiyə, Qazaxıstan, Moldova, Çin, Braziliya və Şimali Makedoniyanın bu ölkədəki səfirləri, həmçinin digər diplomatik nümayəndəliklərin təmsilçiləri, ictimai xadimlər, elm adamları, diaspor nümayəndələri və gənc fəallar iştirak ediblər.
Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu qeyd edən səfir Anar Məhərrəmov bu hadisələrin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin göstəricisi olduğunu vurğulayıb. Qeyd edilib ki, bəşəriyyətə qarşı törədilən bu dəhşətli cinayət cəzasız qalmamalı və dünya ictimaiyyəti tərəfindən pislənməlidir.
XQ