Bakının evsahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası fevralın 23-də işini başa çatdırıb.
Dünən plenar sessiya işini komitə iclasları ilə davam etdirib. Milli Məclisin deputatı Vüqar Bayramovun moderatorluğu ilə keçirilən Sosial və mədəni məsələlər daimi komitəsinin iclasında ötən dövrdə komitə tərəfindən görülən işlərdən, qəbul edilən qətnamə layihələrindən danışılıb. Azərbaycan nümayəndə heyətinin təşəbbüskarı və müəllifi olduğu “Qadınlar üzrə Komissiya haqqında” qərar layihəsi də üzv dövlətlər tərəfindən dəstəklənib və geniş müzakirə edilib.
İclasda, həmçinin “Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsin qorunması üzrə tədbirlər haqqında”, “İnformasiya və Kommunikasiya Texnologiyaları vasitəsilə Asiya İnteqrasiyasına dair”, “Asiyada sağlamlıq bərabərliyi üzrə əməkdaşlıq haqqında”, “Asiya parlamentarilərinin korrupsiyaya qarşı mübarizəsi haqqında”, “Dünya dinlərinin ardıcılları arasında dialoqun və harmoniyanın təşviq edilməsi haqqında”, “Asiyada mədəni sərvətlərin qaçaqmalçılığına qarşı mübarizədə hüquqi və qanunvericilik sahəsində əməkdaşlıq haqqında”, “Asiyada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə səmərəli əməkdaşlıq haqqında”, “Asiyada davamlı cəmiyyət üçün keyfiyyətli uşaq və gənclərin inkişafının təşviqi haqqında” ,“Asiyada Yaşlanan Cəmiyyəti haqqında”, “Asiyada İnsan İnkişafına dair”, “Asiyada turizm əməkdaşlığı haqqında” qətnamə layihələri, həmçinin “Komissiya haqqında” və “APA-nın Qadın Parlamentarilər haqqında” qərar layihələri müzakirəyə çıxarılıb.
APA-ya üzv ölkələrin nümayəndələrinin müzakirə olunan mövzularla bağlı çıxışları dinlənilib və təkliflər səsləndirilib.
Siyasi məsələlər Daimi Komitəsinin iclasında isə Asiya parlamentlərinin Fələstin xalqına dəstək verməsi ilə bağlı qətnamə qəbul edilib. APA-da yeni – Fələstin komitəsinin yaradılması barədə də qərar verilib. Komitə iclaslarından sonra plenar sessiyanın bağlanış mərasimi keçirilib.
Mərasimdə əvvəlcə APA-nın İqtisadiyyat və davamlı inkişaf, Büdcə və Planlaşdırma, Sosial və mədəni məsələlər, Siyasi məsələlər üzrə daimi komitələrinin hesabat məruzələri dinlənilib.
Sonra Bəhreyn, İraq, Qətər, Rusiya Azərbaycanın sədrlik etdiyi APA-nın 2024-cü il üçün sədr müavinləri seçilib. Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasının (ASGAP) APA-ya müşahidəçi statusu məsələsinə baxılıb və müvafiq qərar verilib.
Assambleyanın 14-cü sessiyasının sonunda Bakı Bəyannaməsi və yekun hesabatı qəbul edilib.
XQ