Milli Məclisdə müzakirə və görüş

post-img

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin qış sessiyası üzrə növbəti plenar iclası keçirildi. Gündəliyin təsdiqindən sonra cari məsələlərin müzakirəsi başlandı. 

Deputat Vahid Əhmədov Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsindən sonra ilk ciddi diplomatik sınağının fevralın 16-18-i arası keçirilən Münxen Təhlükəsizlik Konfransı oldu­ğunu dedi. O, dövlət başçımızın iki gün ərzində çoxsaylı görüşlər keçirdiyini xa­tırladaraq, Azərbaycanın konfransdakı iştirakını kifayət qədər uğurlu adlandırıb. 

Deputatlar digər məsələlərə də müna­sibətlərini bildirdikdən sonra spiker gün­dəliyə 10 məsələnin daxil edildiyini bildir­di. Birinci məsələnin “Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında” olduğunu diqqətə çatdıran S.Qafarova dedi ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq, təqdimata parlamentdə müvafiq qaydada baxılmalıdır. Sonra o, Fikrət Məmmədovu peşəkar hüquqşünas və qanunun aliliyini həmişə uca tutan kadr kimi dəyərləndirdi. 

Müzakirələrdən sonra təqdimat səs­verməyə çıxarılaraq qəbul edildi. Fikrət Məmmədov daha sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəmə­sinin hakimi andını içdi. 

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında” qanun layihəsini ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim etdi.

Müzakirələr ətrafında çıxış edənlər bələdiyyələrlə bağlı yeni qanunların hazır­landığından məmnun qaldıqlarını bildirib­lər. Yeni qanunda nəzərdə tutulub ki, əhali sayı 3 min nəfərdən az olan bələdiyyələr birləşəcək. Bələdiyyələrin sayı azaldılır və onlar birləşdirilir. 

Sənəd müzakirələrdən sonra səsver­məyə çıxarılaraq qəbul edildi. 

Sonra Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyi­şiklik edilməsi haqqında”, “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqın­da”, eləcə də gündəlikdəki digər qanun layihələri müzakirə olunaraq müvafiq qə­rar qəbul edildi.

***

Milli Məclisin Sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmir­liklərinin Federal Milli Şurası sədrinin birinci müavini Tariq Altayer ilə görüşüb.

Spiker APA -nın üzv dövlətlər arasında dialoq və əməkdaşlı­ğın daha da genişləndirilməsi baxımından əlverişli platforma ol­duğunu qeyd edərək, paytaxtımızda keçirilən plenar sessiya çər­çivəsində məhsuldar müzakirələr aparıldığını diqqətə çatdırıb.

Azərbaycanla BƏƏ arasında münasibətlərin yüksək səviyyə­də olduğunu bildirən parlamentin Sədri deyib ki, dövlət başçı­ları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və görüşlər əlaqələrimizin dinamik inkişafında mühüm rol oynayır. Ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə sıx əmək­daşlıq və bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb. Həmçinin beynəlxalq təşki­latlar çərçivəsində də sıx əməkdaşlığın davam etdirildiyi bildirilib. Azərbaycan və BƏƏ BMT, Qoşulmama Hərəkatı, İslam Əmək­daşlıq Təşkilatı çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərirlər.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, APA, İƏT PA kimi təşkilatlarda fəal əməkdaşlığın bir sıra məsələlərin həllinə töhfəsi qeyd edilib. 

Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar prezi­dent seçkilərində Prezident İlham Əliyevin inamla qalib gəlməsi münasibətilə təbriklərini çatdıran Birləşmiş Ərəb Əmirlikləri Fe­deral Milli Şurası sədrinin birinci müavini ölkəsinin Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı daha da genişləndirmək niyyətin­də olduğunu söyləyib.

Bu il COP29-un ölkəmizdə keçirilməsi münasibətilə də təbrik­lərini çatdıran qonaq deyib ki, bu tədbir beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının təzahürüdür. O, ölkəsinin ötən il bu mü­hüm tədbirə evsahibliyi etdiyini xatırladaraq, təşkilati işlərlə bağlı geniş təcrübəyə malik olduqlarını, dost və qardaş Azərbaycana hər cür dəstəyi göstərməyə hazır olduqlarını bildirib.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər