Fevralın 20-21-də Azərbaycanın dəstəyi ilə Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Afrika İttifaqının mənzil-qərargahında Afrika Qitəsi Azad Ticarət Zonası haqqında Sazişin icrası və Afrikanın ticari-iqtisadi inteqrasiyasının həyata keçirilməsi ilə bağlı hibrid formatda təlim proqramı təşkil olunub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi və Afrika İttifaqına bağlı olan Afrika Potensialın Gücləndirilməsi Fondu (APGF), həmçinin Afrika İttifaqı Komissiyasının təşkilatçılığı ilə həyata keçirilən proqramın əsas məqsədi Afrika Qitəsi Azad Ticarət Zonası haqqında Sazişin icrasının sürətləndirilməsi üçün təlim iştirakçılarını müvafiq bilik və bacarıqlarla təmin etmək olub.
Təlim proqramının rəsmi açılış mərasimində çıxış edən Afrika İttifaqının iqtisadi inkişaf, ticarət, turizm, sənaye və minerallar üzrə komissarı Albert Muçanqa, APGF-nin icraçı katibi Mamadu Biteye, BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının nümayəndəsi Stiven Karingi, eləcə də proqram iştirakçıları təlimin əhəmiyyətini vurğulayaraq baş tutması, o cümlədən Afrika İttifaqı Xarici İşlər Nazirləri Şurasının 2022-ci il 3 fevral tarixli 1160 saylı qərarının icrası üçün göstərilmiş dəstəyə görə Azərbaycana təşəkkür ediblər.
AİDA-nın rəisi Elməddin Mehdiyev Azərbaycanın Afrika dövlətləri və Afrika İttifaqı ilə əməkdaşlıq münasibətlərinin, dostluq əlaqələrinin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini, Afrika dövlətlərinin dayanıqlı inkişafının təmin olunması naminə qitə ölkələri tərəfindən həyata keçirilən fəaliyyətləri dəstəklədiyini vurğulayıb.
Təşkilatçıların dəvəti ilə Azərbaycanın İqtisadiyyat Nazirliyinin azad ticarət zonaları üzrə mütəxəssisi Həsən Əliyev tədbirdə təlimçi qismində iştirak edib.
Təlimin bağlanış mərasimində ölkəmizin Efiopiyadakı səfiri və Afrika İttifaqı yanında nümayəndəsi Ruslan Nəsibov həyata keçirilmiş proqramın faydalı olacağına əminliyini ifadə edib.
XQ

