Fevralın 22-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.
Sahibə Qafarova parlamentlərimizin həm ikitərəfli əsasda, həm də TÜRKPA çərçivəsində fəaliyyətin gücləndirilməsinin vacibliyindən danışıb.
Spiker TBMM-in AŞPA sədrinə ünvanladığı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin bu qurumda təsdiqlənməməsinə etiraz edən məktuba görə türkiyəli həmkarına təşəkkürünü bildirib.
Görüşdə Türkiyə–Azərbaycan Universitetinin yaradılmasından məmnunluq ifadə edilərək, bunun ölkələrimiz arasında qardaşlığın daha bir örnəyi olduğu vurğulanıb. Qeyd edilib ki, bu universitet gənclərimizin inkişafına öz töhfəsini verəcək.
TBMM sədri Numan Kurtulmuş APA-ya sədrliyin Azərbaycana keçməsi və ölkəmizin bu qurumun sessiyasına yüksək səviyyədə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. O, TBMM-in Azərbaycanın təşkilata sədrliyini hərtərəfli şəkildə dəstəkləyəcəyini ifadə edib.
* * *
Fevralın 22-də Milli Məclisin Sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurasının sədri Möhsin Əli Əkbər Əl-Mandalavi ilə görüşüb.
Milli Məclisin Sədri Sahibə Qafarova plenar sessiyada müzakirə olunan mövzuların müasir dövrdə bəşəriyyəti narahat edən məsələlərin həllinə xidmət edəcəyinə inamını ifadə edərək, tədbirin təşkilata üzv ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə də töhfə verəcəyini bildirib.
Azərbaycan və İraq arasında münasibətlərin xalqlarımızın ortaq dini və mədəni dəyərlərinə söykəndiyini bildirən Sahibə Qafarova deyib ki, Azərbaycan və İraq BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman qarşılıqlı dəstək nümayiş etdirirlər.
Ə.BƏDƏLOV
XQ

