Dünən Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası işinə başlayıb. “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 10 ölkənin spikeri, 40-dək ölkənin parlament nümayəndə heyəti iştirak edir .
Plenar sessiyanın gündəliyinə büronun seçilməsi, sədrliyin Azərbaycana verilməsinin təsdiqlənməsi, İcraedici Şuranın sədrinin hesabat məruzəsi, APA-nın növbəti vitse-prezidentlərinin namizədliyinin təsdiqi, APA-da müşahidəçi statusunun təqdim edilməsi və digər məsələlər daxildir.
Qeyd edək ki, 2023-cü ilin noyabrında APA-nın İcraedici Şurasının Türkiyənin Antalya şəhərində keçirilən iclasında Azərbaycan qurumun 2024-2025-ci illər üzrə sədri seçilib. Bakının evsahibliyi etdiyi 14-cü plenar sessiyasında quruma sədrlik Türkiyədən Azərbaycana keçib. Beləliklə, Azərbaycan 2024-2025-ci illərdə Asiya Parlament Assambleyasına sədrlik edəcək.
Milli Məclisin Sədri Sahibə Qafarova sessiyada çıxış edıb. Spiker qeyd edib ki, bugündən Azərbaycan Respublikasının Milli Məclisi növbəti iki il üçün Asiya Parlament Assambleyasına sədrliyi qəbul edir. O, Azərbaycan parlamentinin namizədliyini dəstəklədiklərinə görə, assambleyanın bütün üzvlərinə minnətdarlığımı bildirib və deyib ki, bu, bizim üçün böyük qürur mənbəyidir. S.Qafarova quruma sədrlik dövründə öhdəliklərə göstərilən sadiqliyə görə Türkiyə Böyük Millət Məclisinə və cənab Kurtulmuşa təşəkkürünü bildirib.
Spiker bu gün humanitar böhranların, münaqişələrin, yoxsulluğun, iqlim dəyişikliyi ilə yanaşı, ayrı-seçkiliyin, irqçiliyin, ksenofobiya və islamofobiyanın artması kimi aktual problemlərin Asiya regionuna da mənfi təsir göstərdiyni bildirib. O, bütün bu çağırışların ayrı-ayrılıqda deyil, yalnız kollektiv, birgə səylərlə həll edilə biləcəyini diqqətə çatdırıb və bunun bölgəmizdə sülh, təhlükəsizlik, sabitlik və davamlı inkişaf üçün də keçərli olduğunu bildirib.
Parlamentin Sədri bölgədə baş verən proseslərə də münasibət bildirib. O, Ermənistanın təxribatlardan, qərəzli üçüncü tərəfləri cəlb etməkdən çəkinəcəyinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarından imtina edəcəyinə ümidvar olduğunu qeyd edib.
“Təmiz ətraf mühit və yaşıl artım Azərbaycanın dayanıqlı inkişaf gündəliyinin əsas prioritet istiqamətlərindəndir”– deyən S.Qafarova Azərbaycanın 2030-cu ilə qədər dünyada bərpa olunan enerji gücünü üç dəfə artırmaq qlobal təşəbbüsünə qoşulduğunu diqqətə çatdırıb. Ölkəmiz beynəlxalq birliyin yekdil dəstəyi ilə COP 29-a evsahibliyi etmək hüququ qazanıb. Bu, Azərbaycanın iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləməyə sadiqliyinin tanınmasıdır.
Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası işini komitə iclasları ilə davam etdirir.
Plenar sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.


