Bakı və Sumqayıt şəhərlərində 3 nəfərin bank kartlarından oğurluq edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli bilinən 3 qadın saxlanılıb. Məlumatı DİN mətbuat xidməti yayıb.
Məlumata görə, onlar fevralın 12-də paytaxt sakinləri olan bir nəfərin bank kartından 1850 manatını, digər bir nəfərin bank kartından 1000 manatını, Sumqayıt şəhərində isə bir nəfərin bank kartından 150 manatını oğurlayıblar.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər məhkum olunmuş H.Yadigarlı və R.Səlimzadə saxlanılıblar. Onlardan metamfetamin aşkar olunaraq götürülüb. H.Yadigarlının müxtəlif vaxtlarda 2 nəfərin bank kartından ümumilikdə 650 manat, R.Səlimzadənin isə 2 nəfərin bank kartlarından ümumilikdə 200 manat pul oğurlaması, bir nəfəri isə aldadaraq 130 manat pulunu alması müəyyən olunub.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları fevralın 20-də Sumqayıt dəmir yolu stansiyası ərazisində bir nəfərin içərisində pulu və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinən M.Məmmədovu müəyyən edərək saxlayıblar.
Nizami rayonu ərazisində bir nəfərin 1100 manat pulunun və qol saatının soyğunçuluq yolu ilə talanması barədə 23-cü Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən M.Məmmədov, S.Əzizov və daha 2 qadın müəyyən olunaraq saxlanılıb.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 16-da rayon ərazisində yerləşən avtoservislərin birində ustanın 3400 manat pulunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İ.Çobanov saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ