Polisin seçki xidməti təkmilləşdirilir

post-img

Prezident seçkiləri ilə əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində Şirvan şəhərində polisin seçkilərdə xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan növbəti seminar-müşavirə keçirilib.

Şirvan Şəhər Gənclər Mərkəzində keçirilən müşavirədə Mərkəzi Seçki Ko­missiyasının, Daxili İşlər Nazirliyinin nü­mayəndələri, dairə seçki komissiyalarının sədrləri, Şirvan şəhər və ətraf rayonların polis şöbələrinin əməkdaşları, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli beynəlxalq mü­şahidəçiləri iştirak ediblər.

Seminar-müşavirə Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov və Şirvan Şəhər Polis İdarəsinin rəisi Füzuli Əhmədovun çıxışları ilə başlayıb. Natiqlər qeyd ediblər ki, ölkəmizdə seç­kilərin təşkili sahəsində böyük təcrübə qazanılıb. Əvvəlki illərdə olduğu kimi, budəfəki seçkilər də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun ke­çiriləcək. Bundan ötrü hazırlıq işləri yük­sək səviyyədə aparılır.

B.Əsgərov seçki qanunvericiliyi, seç­ki komissiyalarının sistemi, seçki prose­si, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları barədə geniş məlu­mat verib.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Sənan Əliyev seçki kampaniyası döv­ründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı po­lis əməkdaşlarının hüquq və vəzifələri, seçkidən sonrakı dövrdə seçki bülleten­lərinin və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gəti­rilməsi zamanı görüləcək təhlükəsizlik tədbirləri barədə məlumat verib. Bildirib ki, növbədənkənar prezident seçkilə­rinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi məqsədilə Daxili İşlər Nazirliyində mü­vafiq Tədbirlər Planı təsdiqlənib və icrası xüsusi nəzarətə götürülüb. Seçki kam­paniyasının təbliğat-təşviqat mərhələsin­də, eləcə də səsvermə günü seçicilərin, beynəlxalq müşahidəçilərin və seçki pro­sesində iştirak edən digər subyektlərin təhlükəsizliyinin təmin edilməsi, hüquq­larının qorunması, polis əməkdaşlarının vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına ciddi riayət etmələri və di­gər bu kimi məsələlər nazirliyin rəhbər­liyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Həmçinin seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün dairə və məntəqə seçki komissiyaları nü­mayəndələrinin polisin fəaliyyəti ilə bağlı qaldırdıqları bütün məsələlərin operativ qaydada həll olunacağı diqqət çatdırılıb.

Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənov seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolve­rilməzliyi barədə danışıb.

Seminar-müşavirənin sonunda müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırıb.

XQ



Son xəbərlər