Fransa mətbuatında, guya, AZƏRTAC-ın əməkdaşlarının Yeni Kaledoniyaya Fransada sabitliyi pozmaq üçün göndərildiyi, hətta onların “casus” olmaları barədə dezinformasiya tirajlanır.
Bu barədə Agentlik məlumat yayıb.
“AZƏRTAC-ın iki jurnalisti redaksiya tapşırığını yerinə yetirmək üçün 2023-cü il dekabrın 3-də Yeni Kaledoniyaya ezam olunmuşdular. Onlardan biri viza bəhanəsi ilə ölkəyə buraxılmayıb, bir sutka polis nəzarətində saxlanıldıqdan sonra ölkədən çıxarılıb. Uzun müddətdir ki, jurnalist fəaliyyəti ilə məşğul olan əməkdaşlarımıza “casus” damğasının vurulması qəbuledilməzdir.
Jurnalistimizə qarşı edilən haqsızlıqdan və bunun bütün dünyaya yayılmasından sonra belə bir yazının meydana çıxması onu göstərir ki, bu dezinformasiyanın arxasında Fransa rəsmi qurumları dayanır.
AZƏRTAC məqalədə qeyd olunan absurd və cəfəng iddiaları qəti şəkildə rədd edir və bunu təxribat xarakterli feyk informasiya sayır. Fransa mediasının bu cür dezinformasiya yaymasını azad mətbuat göstəricisi yox, məhz beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq və həqiqətləri gizlətmək cəhdi kimi qətiyyətlə pisləyirik” – deyə məlumatda bildirilir.
XQ