Dekabrın 1-də Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq elmi konfransı keçirilib.
Dövlət Turizm Agentliyi ilə Türk Dövlətləri Təşkilatı tərəfindən təşkil olunan tədbirin məqsədi türkdilli dövlətlərin ortaq turizm məhsulları və marşrutlarının yaradılması istiqamətində fikir mübadiləsi aparılması, bu sahədə əməkdaşlıq perspektivlərinin müzakirə olunmasıdır. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın rəsmi qurumlarının təmsilçiləri, mədəni irs üzrə ekspertləri iştirak ediblər.
Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova tədbirin əhəmiyyətini vurğulayaraq, ortaq mədəni irsə sahib olan türkdilli dövlətlərin turizm sahəsində əməkdaşlığının gücləndirilməsinə ehtiyac olduğunu qeyd edib. O, konfransda səslənən fikirlərin türk xalqları arasında əməkdaşlıq perspektivlərinin genişləndirilməsinə dəstək olacağına əminliyini ifadə edib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov Şuşanın özündə və ətrafında mədəni turizmin inkişafi üçün kifayət qədər imkanların mövcudluğunu bildirib. Konfransın işinə uğurlar arzulayan T.Novruzov gələcəkdə yeni turizm marşrutlarının imkanlarını vurğulayıb.
Sonra konfransda TDT üzv ölkələrin nümayəndələri “Türkdilli ölkələrin köçəri həyat tərzinin turizm məhsuluna çevrilməsi” mövzusunda təqdimatlarla çıxış ediblər.
Unudulmaqda olan köçəri həyat tərzinin türk xalqları arasında, eləcə də Azərbaycanda hələ də qorunub saxlanıldığı qeyd edilib. Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə agentliyin mütəxəssisləri tərəfindən hazırlanmış nominasiya sənədi ilə "Xınalıq kəndi və Köç yolu Mədəni Landşaftı"nın bu ilin sentyabrda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi vurğulanıb. Konfrans çərçivəsində, həmçinin iştirakçı ölkələrdə köçəri mədəniyyətini əks etdirən fotolardan ibarət sərgi də təşkil olunub.
Tədbir çərçivəsində Dövlət Turizm Agentliyi və Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə türk xalqlarının ortaq mətbəx nümunələrinin təqdimatı da keçirilib.
XQ

