Ermənistanın Rusiya demarşı baha başa gəlir

post-img

“Yuxarı Lars” keçid məntəqəsində yaranmış son gərgin vəziyyət Ermənistanda narahatlıqla izlənilir. Ermənilərə məxsus yüzlərlə böyük tonnajlı avtomobillərin keçid məntəqəsində ilişib qalması İrəvanda ciddi narazılıq doğurur. Rusiya avtomobillərin keçidinin ləngiməsini “Qida məhsullarının fitosanitar standartlara uyğun gəlməməsi” ilə izah etsə də, İrəvan baş verənləri özünəməxsus şəkildə şərh edir. Məsələn, deputat Artur Xaçatryanın sözlərinə görə, “Yuxarı Lars” keçid məntəqəsində yaranmış vəziyyət Ermənistan–Rusiya münasibətlərindəki hazırkı gərginliklə bağlıdır”.

Ermənistanın anti-Rusiya demarş­ları İrəvana başa gəlir. İqtisadi nəbzinin Moskvada olmasını “unudan” İrəvanın şimal qonşusuna soyuq davranışı er­məniləri yeni problemlərlə üzləşdirir. Xüsusilə də strateji yol hesab etdiklə­ri “Yuxarı Lars” keçid məntəqəsində avtomobillərin gömrük nəzarətindən keçməsinin ləngiməsi və bir çox halda Rusiyaya buraxılmaması Ermənistan­da onsuz da güclü olan anti-Rusiya əhval-ruhiyyəsini daha da artırıb. Ni­kol Paşinyan hökumətini hər imkanda tənqid edən müxalifət düşərgəsi “Yuxa­rı Lars” keçid məntəqəsində yaranmış vəziyyəti Ermənistan üçün ciddi siqnal hesab edir. Məsələn, “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatr­ya iddia edir ki, “Yuxarı Lars” keçid məntəqəsində yaranmış vəziyyət Er­mənistan-Rusiya münasibətlərindəki hazırkı gərginliklə bağlıdır: “Rusiyanın bu addımının müəyyən mesaj olduğu­nu istisna etmirəm. “Rospotrebnadzor” və “Rosselxoznadzor” təkcə bazara nəzarət etmir, həm də siyasi faktordur. Görünən odur ki, Paşinyan nə qədər Putinlə münasibətinə və verdiyi açıq­lamalara istinad etsə də, münasibətlər çox gərgindir və bu, ictimai əhval-ruhiy­yəyə təsir etməyə bilməz”. 

Ermənistanın iri nəqliyyat-logisti­ka şirkəti “Apaven”in direktoru Qaqik Ağacanyan isə düşünür ki, “Yuxarı Lars” keçid məntəqəsini, sadəcə, ke­çid məntəqəsi hesab etmək olmaz. Onun sözlərinə görə, bu, bir simvol­dur və “Yuxarı Lars” keçid məntəqə­sinin bağlanması Ermənistan–Rusiya münasibətlərinin sonu deməkdir. “Er­mənistana taxıl haradan gəlir? Biz 400 min ton buğda idxal edirik ki, bunun da əhəmiyyətli hissəsi Rusiyadan gətirilir. Siyasətçilər təsərrüfat subyektlərinin fəaliyyətinə qarışmamalıdırlar”. Onu Rusiyanın erməni məhsullarındakı problemlərin müəyyənləşdirilməsi is­tiqamətində atdığı addımlar da təəc­cübləndirməyib: “Biz baş verənləri başqa ölkələrin timsalında gördük. Axı türk pomidoru və gürcü mallarının idxa­lına qadağa qoyuldu. Belə addımların atılacağı bəlli idi. Sabah qazın qiyməti qalxa bilər. Biz ya buna hazır olmalıyıq, ya da yarana biləcək vəziyyətdən çıxış yolları axtarmalıyıq. Biz məhsullarımı­zın satış bazarının şaxələndirilməsinin əleyhinə deyilik, baxmayaraq ki, indi də ixrac təkcə Rusiyaya deyil”.

Erməni iş adamı etiraf edir ki, alter­nativ bazarlara daxil olmaq çox çətindir, buna görə də, məhsullar Rusiyaya ix­rac edilir və bunun üçün reklam üçün pul xərcləmək lazım deyil: “İndi erməni konyakını Çinə göndərməyə çalışın. Əhalisi 10 dəfə az olan Rusiyadakı kimi heç vaxt orada eyni həcm satılmaya­caq”. Onun sözlərinə görə, yük maşın­ları üçün “Yuxarı Lars” keçid məntəqə­si hava şəraiti ilə əlaqədar bağlanıb: “Gömrükçülərin növbə dəyişdirməsi səbəbindən də tıxaclar yaranır, bax­mayaraq ki, bu amil ciddi rol oynamır, çünki bu halda gecikmə maksimum iki saat davam edə bilər. Belə olan hal­da isə vəziyyət başqadır, maşınlar müxtəlif terminallarda dayanır və keçid məntəqəsinə gedə bilmirlər. Yol rəsmən açılmayana qədər orada yük daşımala­rının hərəkəti mümkün deyil və bu, qar yağandan sonra müvafiq xidmətlər yolu lazımi vəziyyətə gətirəndə baş verə­cək. Q.Ağacanyan, həmçinin iddia edir ki, bərə daşımaları “Yuxarı Lars” keçid məntəqəsi ilə yükdaşımaları əvəz edə bilməz, çünki bərə heç vaxt tez xarab olan malları, o cümlədən meyvələri daşımayacaq, çünki bu, çox vaxt apa­ra bilər. Qaqik Ağacanyan vəziyyətin siyasi səbəblərdən qaynaqlandığını düşünmür. Onun fikrincə, baş verənlər Ermənistanı ixrac strategiyasına yeni­dən baxılması barədə düşünməyə sövq edir. 

Lakin rəsmi İrəvandakı siyasətçilər fərqli düşünürlər. Ermənistan hakimiy­yəti hazırkı vəziyyətin siyasi səbəb­lərdən qaynaqlandığını düşünür. Er­mənistan hökumətinin aparat rəhbəri Arayik Arutyunyan “Facebook” sosial şəbəkəsində yazıb ki, “hər hansı bir ke­çid məntəqəsinin bağlanması bizə təsir etməyəcək” və ölkədəki və dünyadakı erməniləri sırf erməni mənşəli məh­sullar almağa çağırıb. A.Arutyunyanın sözlərinə görə, biznesə və vergi ödəyi­cilərinə bu cür dəstək “müstəqilliyin və suverenliyin möhkəmləndirilməsi üçün həyati əhəmiyyət kəsb edən davranış­dır”. İrəvan hakimiyyəti birbaşa demir ki, Moskva siyasi səbəblərdən Ermənistan məhsullarının Rusiya Federasiyasına idxalına mane olur. Məsələn, ekspert Norayr Gevorkyan bildirib ki, yaranan məhdudiyyətlər “qanun çərçivəsində” tətbiq edilir. Uzun yoxlamalardan son­ra yükün fitosanitar standartlara cavab vermədiyi tanınır və geri qaytarılır.

Xatırladaq ki, “Yuxarı Lars” və ona bitişik nəqliyyat və logistika infrastruk­turu Avrasiya nəqliyyat çərçivəsinin bir hissəsi olan “Şimal–Cənub” yol dəhli­zinin mühüm elementləridir. Ermənis­tan üçün bu, Avrasiya İqtisadi Birliyinin digər üzv dövlətləri ilə ticarət-iqtisadi əlaqələri təmin edən yeganə quru yo­ludur. 

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət