Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Həştərxanda səfərdə olan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu şəhərdə Ulu öndərin adını daşıyan xiyabana gələrək onun abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi ehtiramla yad edilib.
Sonra Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəb ziyarət edilib. Direktor Tatyana Tixomirova bildirib ki, yubiley tədbirləri çərçivəsində məktəbdə şeir, inşa və rəsm müsabiqələri keçirilib. O əlavə edib ki, bu təhsil müəssisəsi iki dövləti möhkəm tellərlə bir-birinə bağlayır.
Öz növbəsində, Həştərxan vilayəti hökumətinin sədr müavini İness Qorina Rusiya və Azərbaycanı bütün sahələrdə möhkəm və çoxillik münasibətlərin bağladığını vurğulayıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ümummilli liderin adını daşıyan məktəbin əhəmiyyətini vurğulayaraq, bu təhsil müəssisəsinin Heydər Əliyevə həsr olunmuş tədbirlərdə fəal iştirakını qeyd edib. O bildirib ki, Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunması Həştərxan ilə Azərbaycan arasında mehriban qonşuluq əlaqələrinin genişləndirilməsinə öz töhfəsini verir.
Sonra Ulu öndərin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edən müəllim və şagirdlərin mükafatlandırılma mərasimi keçirilib.
***
Səfər çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşü olub.
İqor Babuşkin bu il vilayətdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bır sıra təntənəli tədbirlərin keçirildiyini qeyd edib. İqor Babuşkin diqqətə çatdırıb ki, bu ay onun Azərbaycana səfəri və Prezident İlham Əliyev ilə görüşü gözlənilir.
Abdin Fərzəliyev qeyd edib ki, Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi Azərbaycanda yüksək qiymətləndirilir və mehriban qonşuluq münasibətlərinin təzahürüdür.
O, Ulu öndərin xatirəsini əziz tutduqları üçün həştərxanlılara təşəkkürünü bildirib.
XQ

