Tacikistan Prezidenti “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi ilə tanış olub

post-img

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon noyabrın 24-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi ilə tanış olub.

Azərbaycan Respublikası Baş naziri­nin müavini Şahin Mustafayev ali qonağa sərgi barədə məlumat verib. Bildirilib ki, SPECA-nın yaradılmasının 25 illiyi müna­sibətilə təşkil olunan sərgidə ancaq SPE­CA ölkələrinin stendləri yer alır. Həmin stendlərdə Azərbaycan, Tacikistan, Qa­zaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan dövlət müəssisələrinin və özəl şirkətlərin məhsullarının nümunələri nümayiş olunur. Bütün stendlər Azərbay­can tərəfindən vahid dizayn formatında quraşdırılıb.

Tacikistan Prezidenti sərginin Azər­baycan Milli Stendinin mərkəzində “Made in Azerbaijan” markası ilə istehsal edilən məhsullarla tanış olub. Qeyd edilib ki, burada Azərbaycanın 33 şirkətinin is­tehsal etdiyi spirtli içkilər, meyvə şirələri, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, qurudulmuş meyvələr, süd məhsulları, kosmetik vasitə çeşidləri və “ABAD”çı sənətkarların hazırladıqları əl işləri təqdim olunur.

Məlumat verilib ki, burada Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində is­tehsal olunan müxtəlif növ atıcı silahlar, yaxınməsafəli döyüş vasitələri, minaatan­lar, müxtəlif çaplı döyüş sursatları, pilot­suz uçuş aparatları və sair olmaqla, 88 adda müdafiə təyinatlı məmulat sərgilə­nir. Əvvəlki sərgilərdən fərqli olaraq, bu sərgidə ilk dəfə yeni yaradılan “AH-12,7” iriçaplı pulemyot da təqdim edilir.

Daha sonra Tacikistan Prezidenti Qa­zaxıstan, Qırğızıstan, Tacikistan, Türkmə­nistan və Özbəkistanın milli stendləri ilə tanış olub.

Sonda ali qonaq fəxri qonaqlar kitabı­na ürək sözlərini yazıb.

Son xəbərlər