Ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə məsuliyyətə cəlb olunublar

post-img

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Çayüzü kəndi ərazisində Viləş çayında məişət tullantılarının qalaqlanması halı aşkarlanıb.

Bununla bağlı ərazi üzrə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi) maddəsi ilə protokol tərtib olunaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib. 

Qubada da ətraf mühiti çirkləndirən şəxs məsuliyyətə cəlb olunub. Rayonun Timiryazev qəsəbəsi ərazisində ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub. Məsələ ilə bağlı qanunamüvafiq tədbir görülüb.

Bərdədə bələdiyyə sədri barəsində inzibati protokol tərtib olunub. Bərdə regional qrupundan verilən məlumata görə, rayonun Həsənqaya kəndi ərazisində məişət tullantılarının qalaqlanması halı aşkar edilib. Həmin kəndin bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

P.ƏMİRCANOV

XQ



Son xəbərlər