Qudyalçay üzərində yeni körpü salınır

post-img

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrində, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilən avtomobil körpüsünün çökməsinə səbəb olmuşdu.  

Avtomobil  Yolları Dövlət Agentliyi əməkdaşları tərəfindən həmin yerə baxış keçirilərək yerində yeni avtomobil körpüsünün inşası qərarı verilib və tikintiyə başlanılıb. İşlərin gedişi ilə yaxından tanış olmaq məqsədilə ərazıdə olub iş icraçısı Musayeddin Qurbanovla söhbət etdik. O dedi: 

– Yeni istifadəyə veriləcək körpü hər biri 30 metr olmaqla ikiaşırımlı, uzunluğu 67, eni 15 metr olacaq. Eyni zamanda, hər  iki tərəfdə eni 1 metr olmaqla piyada zolağı yaradılacaq.    

Çayın üzərindəki köhnə korpünün yerində yenisinin  bünövrəsi qoyulub. Çayın hər iki tərəfində dayaqların vurulması, armaturla hörülməsi və betonlanması başa çatdırılıb. Paralel olaraq çayın içində dayaqların vurulması üçün hazırlıq işlərinə də başlanılıb. Dayaqlar hazır olduqdan sonra körpünün üstü qoyulacaq. Noyabr ayının sonuna  kimi bütün ağır işlər görüləcək.    

Hazırda tikintinin vaxtında başa çatdırılması üçün əraziyə cəlb olunan ağır texnika və canlı qüvvə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu isə əhalinin qarşılaşdığı problemin tezliklə aradan qaldırılacağı əminliyi yaradır. Onu da qeyd edək ki,  Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi  mütəmadi olaraq tikinti  ərazisində olur, işlərin gedişi ilə yaxından maraqlanır.

Xaçmaz–Quba yolunun rayonun Armudpadar və Qımılqışlaq kəndlərindən keçən hissəsi məsafə baxımından uzaq və qısmən yarasız olduğu üçün yeni  körpünün  inşası başa çatana qədər infrastrukturun dağıldığı ərazidən az kənarda–çay yatağının dayaz olduğu yerdə yeni müvəqqəti yolun istifadəyə verilməsi nəzərdə tutulub.  

 

Gülxar RƏHİMLİ

Xaçmaz

 

Son xəbərlər