Cənub Qaz Dəhlizi Azərbaycanı Avropaya qovuşdurur

post-img

Bu kəmərdə “mavi yanacaq” nəqli 9 faiz artıb

9 ayda ölkəmizin təbii qaz ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artıb. Hesabat dövründə Avropaya 8,6 milyard kubmetr, Türkiyəyə 7,5 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr “mavi yanacaq” ixrac olunub. Bu müddətdə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyə 4,3 milyard kubmetr qazla təchiz edilib.

Bu göstəricilər, təbii ki, ölkəmizin neft-qaz potensialının zənginliyindən xəbər verir. Belə bir ehtiyatla Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. “Köhnə qitə”nin təbii qazla təminatına böyük töhfələr verən republikamız artıq bu gün özünü etibarlı enerji tərəfdaşı kimi təsdiqləyir. Azərbaycanın TAP vasitəsilə Avropaya qaz ixracına başlamasından isə 3 ilə yaxın bir vaxt ötür.

Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin (CQD) Avropa hissəsi olan Trans–Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr təşkil edir. Hazırda TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini (məhdud – 14,4 milyard kubmetrə qədər, qismən – 17,1 milyard kubmetrə qədər və tam – ildə 20 milyard kubmetrə qədər) nəzərdən keçirir.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 kilometrdir. Bunun isə  550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir. XXI əsrin nəhəng enerji dəhlizi olan CQD-nin son seqmenti sayılan TAP boru kəməri Avropa ölkələrinə qaz idxalı marşrutlarını şaxələndirməyə geniş imkanlar yaradır. Artıq bir sıra ölkələr tərəfindən interkonnektorlar (birləşdirici kəmərlər) vasitəsilə TAP boru kəməri ilə daxili qaz şəbəkələrini əlaqələndirməyə maraq göstərilir. Bu da Azərbaycan qazının Avropanın dərinliklərinə qədər gedib çatmasını  şərtləndirir. 

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Yunanıstan–Bolqarıstan İnterkonnektorunun (IGB) qurulması ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın  Bolqarıstana nəqli nəzərdə tutulub. “Bulgargaz EAD” dövlət şirkəti tərəfindən bu məqsədlə “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalanıb. Azərbaycan təbii qazının Bolqarıstanın tələbatının 25-30  faizini  ödəyə biləcəyi də proqnozlaşdırılıb. 

IGB vasitəsilə tədarük edilən Azərbaycan təbii qazının həcmi Bolqarıstanın tələbatının təxminən 75 faizini ödəyir və bu ölkədə “mavi yanacaq”la bağlı münasib qiymətlərin formalaşmasında həlledici rol oynayır.  Bolqarıstanın respublikamızdakı  fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanov mediaya müsahibəsində bu barədə ətraflı bəhs edərək interkonnektorun ölkəsinin müxtəlif mənbələrdən və marşrutlardan qazın paylanması üçün əsl regional haba çevrilməsinə imkan yaratdığını diqqətə çatdırıb. Səfir müsahibəsində, eyni zamanda, IGB-nin ötən il oktyabrın 1-də Sofiyada Prezident İlham Əliyev və  Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin iştirakı  ilə keçirilən mərasimdə kommersiya tədarükünə başladığını da vurğulayıb.  

Xatırladaq ki, sözügedən interkonnektor  “mavi yanacağ”ın Yunanıstan ərazisi ilə TAP vasitəsilə Bolqarıstana və qonşu ölkələrə nəqli üçün əsas marşrutdur. Bu, Cənub–Şərqi Avropa regionuna qaz tədarüklərinin diversifikasiyası üçün mühüm və ümumi maraq daşıyan layihə olmaqla Mərkəzi və Şərqi Avropada enerji bağlantısı üzrə yüksək səviyyəli infrastrukturdur. Eyni zamanda, Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan interkonnektor tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabəti şərtləndirir. 

XQ

 

İqtisadiyyat