Ermənistan konstitusiyasına düzəliş etməlidir!

post-img

Hayların əsas qanununda Azərbaycana qarşı ərazi iddiaları hələ də qalmaqdadır

 

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi apararaq işğal altındakı torpaqlarının xeyli hissəsini azad etdi. Bir ay öncə – sentyabrın 19-da başlayan və bir sutkadan az davam edən antiterror tədbirləri nəticəsində isə separatçı rejimin nəzarəti altında qalan ərazilər üzərində suverenliyimiz tam bərqərar olundu. Sentyabrın 28-də qondarma rejimin sonuncu başçısı Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən “dqr”in mövcudluğuna xitam verilməsi haqqında “fərman” imzaldı. Beləliklə, Azərbaycan Sovet İttifaqının dağılmasından sonra ərazi bütövlüyü problemi ilə üzləşən ölkələr arasında bu problemi aradan qaldırmağa, etnik separatizm ocağını söndürməyə müvəffəq olan yeganə dövlət oldu.

Hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar aparılır. Ok-
tyabrın 17-də Avropa Parlamentində çıxış edən baş nazir Nikol Paşinyan oktyabrın axırlarında Brüsseldə keçiriləcək görüşü nəzərdə tutaraq ilin sonunadək iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının yüksək dərəcədə real olduğunu bildirib. Buna baxmayaraq, Ermənistan hökumətinin ondan gözlənilən bəzi addımları hələ də atmaması İrəvanın sülh istəyində səmimi olmadığına dəlalət edir. Həmin addımlara nümunə olaraq 8 anklav kəndimizin hələ də erməni işğalı altında olmasını, delimitasiya prosesinin başa çatmadığını, bundan sonrakı mərhələ olan demarkasiya xəttinin müəyyənləşmədiyini, habelə Ermənistan konstitusiyasından və digər qanunlarından, gerbindən Azərbaycana və Türkiyəyə ərazi iddialarına əsas verən məqamların çıxarılmadığını göstərmək olar.

Halbuki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil. Ümumiyyətlə, “Dağlıq Qarabağ” saxta, qondarma bir məfhumdur. 1923-cü il iyulun 7-də Kremlin diktəsi və Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə respublikamızın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Vilayət 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra İrandan, Yaxın Şərqin digər yerlərindən Qarabağa köçürülən ermənilər üçün qurulub. DQMV-nin inzibati sərhədləri elə cızılıb ki, orada mümkün qədər çox erməni yaşamış olsun.

Əslində, bu vilayətin yaradılması Azərbaycan dövlətinin altına qoyulmuş mina idi. Bu mina nə vaxtsa işə düşməli idi. Onun işə düşməsi 1987-ci ilin sonlarına təsadüf edib. 1991-ci il sentyabrın 2-də isə DQMV və ona daxil olmayan, yaşayış məntəqələrinin əksəriyyətində ermənilərin yaşadığı Şaumyan rayon XDS-nin birgə iclasında “dqr” elan olunub. Azərbaycan Ali Sovetinin 1991-ci il 26 noyabr tarixli qərarı ilə separatçı DQMV-nin varlığına son qoyulub. Həmin gün Ali Sovet DQMV-nin ləğv olunması barədə qərar qəbul edib. Şaumyan rayonunun varlığına isə bundan bir müddət öncə – 1991-ci il fevralın 12-də Azərbaycan Ali Sovetinin qərarı ilə son qoyulub. Beləliklə, keçmiş DQMV-nin ərazisi Yuxarı Qarabağ iqtisadi rayonunun, Şaumyan rayonu isə Goranboy rayonunun tərkibinə daxil edilib. Bunu qeyd etməkdə məqsədimiz “Dağlıq Qarabağ” məfhumunun müstəqil Azərbaycana yad olduğunu göstərməkdir.

Vətən müharibəsində qələbədən sonra işğaldan azad edilmiş ərazilərin yeni bölgüsünün yaradılması zərurəti meydana çıxıb. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında 2021-ci il 7 iyul tarixli fərmanına əsasən, işğaldan azad edilmiş ərazilər iki iqtisadi rayonun –
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının tərkibinə daxil edilib. Hazırda Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları, Şərqi Zəngəzur iqtisadi rayonuna isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması barədə fərmanın DQMV-nin yaradılmasının 98-ci ildönümü günündə imzalanması da təsadüfi sayılmamalıdır.

Bu günlərdə separatçıların özlərinə “paytaxt” seçdikləri Xankəndi şəhərində Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması tarixi hadisə olmaqla yanaşı, bir əsrdən sonra haqq-ədalətin zəfər çalmasının təcəssümüdür. Dövlət Bayrağını ucaltdıqdan sonra etdiyi çıxışı zamanı dövlətimizin başçısı bu məqama da toxundu: “Ulu öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır. Onu da bildirməliyəm ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl – 1923-cü
ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt – 1992-1993-cü illərdə Ermənistanın yanında idilər, onu işğala təhrik edirdilər, işğalı dəstəkləyirdilər və onlara bəraət qazandırırdılar. Bu 30 il ərzində heç nə dəyişməyib...”

Beləliklə, İrəvan, nəhayət, həm tarixi həqiqətləri, həm də bölgədə yaranmış yeni reallıqları nəzərə almalı, öz konstitusiyasından “Ermənistan Dağlıq Qarabağın təminatçısdır” kimi məhfumları çıxarmalı, sülhə gedən yola əngəl törətməməlidir.

Bundan əlavə, haylar dövlət gerbindən Türkiyə ərazisində yerləşən Ağrı dağının təsvirini çıxarmalı, onu “Ararat dağı” adlandırmaqdan “erməni xalqının simvolu” hesab etməkdən əl çəkməlidirlər. Haylar iddia edirlər ki, hətta, Nuh peyğəmbər də erməni olub. Onun gəmisi “Böyük daşqın” başa çatandan – sular çəkiləndən sonra Ağrı dağının zirvəsinə yan alıb və burada ilişib qalıb...

Onu da qeyd edək ki, baş nazir 
N.Paşinyan iyun ayında parlamentdə çıxış edərkən ölkəsinin gerbini və himnini dəyişmək niyyətini açıqlamışdı. O demişdi: “Gerbimiz psixologiyamızı güclü şəkildə əks etdirir. Orada nə göstərilir? Ağrı dağında Nuhun gəmisi və Ermənistanın dörd çarlığının simvolları. Hamımız üçün müqəddəs olan bu obrazın 1991-ci ildə qurulan dövlətə nə dəxli var? Mərkəzə baxanda Ağrı dağında Nuhun gəmisini və indiki Ermənistan Respublikasının su altında qalan ərazisini görmək olar. Orada uzun müddət Ermənistanın təbii şəraitində yaşamayan şiri də görmək mümkündür. Müzakirə etdiyimiz bu problem, əslində, bizim hər birimizdə mövcud olan ikitirəlikdə – tarixi Ermənistanla real Ermənistan arasındadır. Nə qədər emosional və hansı arqumentlərlə əsaslandırılmasından asılı olmayaraq, sual yaranır: həqiqi Ermənistan tarixi Ermənistana, yoxsa tarixi Ermənistan həqiqi Ermənistana xidmət etməlidir?”

Göründüyü kimi, bu ziddiyyətə Paşinyan özü də münasibət bildirib. Amma bu istiqamətdə hələ də real addım atılmayıb. Rəsmi İrəvan, nəhayət, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına əsas verən müddəaları əsas qanunundan çıxarmalıdır. Bu addımın atılması Paşinyan hökumətinin sülh istəyində səmimi olduğunun göstəricisi olardı.

Elxan ŞAHİNOĞLU, 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

–  Əgər Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, bəli, konstitusiyasına da mütləq əl gəzdirməlidir. Ağrı dağının ermənilərin simvolu kimi təqdim olunmasını, Türkiyəyə, Azərbaycana ərazi iddialarını aradan qaldırmaq üçün əsas qanuna dəyişiklik edilməlidir. Əslində, Nikol Paşinyanın parlamentdə bununla bağlı çıxışı da olmuşdu. Amma Ermənistanda radikallar və revanşist düşüncədə olanlar bu məsələdə də Paşinyana müqavimət göstərməyə çalışacaqlar.

İstənilən halda, Ermənistanın bir tərəfdən Azərbaycanla sülh sazişini imzalaması, Türkiyə ilə diplomatik münasibətlər qurması, ancaq konstitusiyasında iki ölkəyə ərazi iddialarının yer alması çox qəribə olardı. Əlbəttə, Bakı və Ankara İrəvandan bu iddiaları qanunvericilik səviyyəsində aradan qaldırmağı da tələb edəcəklər. Yəni, sözdə ərazi bütövlüyünü tanımaq şərt deyil. Konstitusiyadakı məntiqə zidd maddələr də aradan qaldırılmalıdır. Aradan qaldırılmasa belə çıxacaq ki, ermənilər Azərbaycanla sülh sazişi imzalasalar, Türkiyə ilə diplomatik münasibət qurmağa hazır olsalar da, iki ölkəyə ərazi iddiaları yenə onların qəlblərinin dərinliklərində, yaxud gündəmində qalıb.

Bir məqam da bundan ibarətdir ki, Ermənistanda beyinlər kifayət qədər zəhərlənib. Hətta, konstitusiyadan o maddələri çıxarsalar belə, bir qrup radikal-revanşist erməni yenə də Türkiyə və Azərbaycana qarşı mübarizəyə çağıracaq. Necə ki, yüz il əvvəl belə olub. Onlar Osmanlı dövlətinə arxadan zərbə vurmaq istədilər. Rusiya imperiyasının və Fransanın əlində alət oldular. Azərbaycana müxtəlif illərdə zərbələr vurdular.

Əlbəttə, barmağımız hər zaman tətikdə olmalıdır. Bilməliyik ki, belə bir üzdəniraq qonşumuz var. Bu dövlətin mənsubları sözdə bizimlə sülh sazişi imzalamaq, diplomatik münasibət qurmaq istəsələr də, qəlblərinin dərinliklərində düşünürlər ki, yenə də güclənək, hayıfımızı alaq. Ona görə də Azərbaycan və Türkiyə Ermənistandan konstitusiyasında əksini tapan qonşu dövlətlərə ərazi iddialarına birdəfəlik son qoymasını tələb etməlidirlər.

 

Səxavət HƏMİD 
XQ

 



Siyasət