Erməni baş nazirinin Strasburqdakı çıxışı Rusiyada qəzəb doğurub
Ermənistan baş naziri Nikol Paşinyan yenə də çaşır, vəziyyəti düzgün qiymətləndirmir, arxasını söykəməyə divar axtarır. Bir tərəfdən sülhdən dəm vurur, digər tərəfdən də Azərbaycanı əsassız yerə ittiham edir. İkili standartlar nümayiş etdirən Avropa da ermənilərin başbilənini alqışlayır, onu yeni intriqalar qurmağa həvəsləndirir. N.Paşinyan Strasburq səfərində səsləndirdiyi fikirlər hətta Moskvada da qəzəblə qarşılanır. Rusiya Ermənistanı “Ukraynanın yolu ilə getdiyini” deməyə başlayıblar.
Qarabağ münaqişəsi artıq tarixdir. Amma Ermənistan hələ də reallıqla barışmaq istəmir, regional əməkdaşlığa yol açacaq addımlar atmaq əvəzinə, Azərbaycanı olmayan “günahlarda” ittiham etməyə çalışır. Korrupsiya qalmaqallarında itib-batmış Avropa Parlamenti də 30 il işğalçılıq siyasəti yürütmüş ölkənin baş nazirinə əl çalır, “demokrat” baş naziri yeni avantüraya həvəsləndirir. N.Paşinyanın Avropakı çıxışı təkcə rəsmi Bakının yox, Rusiyanın da etirazına səbəb olub. Moskva Nikol Paşinyanın Avropa Parlamentində çıxışını tənqid edib və onu təxribat xarakterli çıxış kimi qiymətləndirib. Bu barədə RİA Novosti-yə yüksək vəzifəli mənbə məlumat verib. “Biz Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk”, - agentliyin həmsöhbəti bildirib. Mənbənin fikrincə, “onlar Ermənistanı 3 nömrəli Ukraynaya çevirməyə çalışırlar və Paşinyan Zelenskinin yolu ilə gedir”.
Xatırladaq ki, oktyabrın 17-də Avropa Parlamentindəki çıxışında Nikol Paşinyan erməni əhalisinin Qarabağdan köçürülməsi fonunda Rusiya sülhməramlılarını “fəaliyyətsizlikdə” günahlandırmışdı. O, həmçinin konkret ölkələrin adını çəkmədən “təhlükəsizlik müttəfiqlərini” tənqid etmişdi. N.Paşinyanın sözlərinə görə, “100 min insan Qarabağdan Ermənistana qaçarkən İrəvanın müttəfiqləri “nəinki kömək etməyib, hətta hakimiyyətin dəyişdirilməsi ilə bağlı ictimai çağırışlar da ediblər”. Ermənistanın baş naziri də Avropa İttifaqı ilə əməkdaşlığa və bu birliyə mümkün qədər yaxınlaşmağa hazır olduğunu bildirib. Politoloq Suren Surenyants fikrincə, Nikol Paşinyanın Avropa Parlamentində “bəzi müttəfiqləri” ölkədə hakimiyyəti dəyişmək istəməkdə günahlandırdığı çıxışı göstərir ki, Ermənistan baş naziri Ukraynanın dərslərindən nəticə çıxarmayıb və ölkə regionda anti-Rusiya tramplininə çevrilib”.
“Bu, kifayət qədər açıq mətnlə Ermənistanın Ukraynaya çevrilməsi ilə bağlı açıqlama idi. Təəccüblüdür ki, başqa geosiyasi mərkəzdə olan bir ölkənin rəhbəri öz maraqları əvəzinə, hətta bu müttəfiq formal olsa belə, orada strateji müttəfiqinə böhtan atmağa başlayır. Xarici siyasətdə (Ermənistanın -red.) xaotik qeyri-müəyyənlikdir. Bir həftə əvvəl o and içmişdi ki, Ermənistan xarici siyasətinin vektorunu dəyişmək fikrində deyil və dünən( oktyabrın 17-də) rusların Ermənistanda nə etmək istədiklərini izah edərək, qatı anti-Rusiya çıxışını etdi. Hətta Ukrayna Paşinyan üçün dərs olmadı. Əslində o, Ermənistanı anti-Rusiya tramplininə çevirməyə razılıq verib”. Xatırladaq ki, Avropa Parlamentində çıxışı zamanı N.Paşinyan bildirib ki, Ermənistanın təhlükəsizlik müttəfiqləri Qarabağ ətrafındakı vəziyyət fonunda, guya, açıq şəkildə ölkədə hakimiyyət dəyişikliyinə çağırıblar. Lakin o, hansı müttəfiqlərin bu cür çağırışlar etdiyini dəqiqləşdirməyib.
Siyasi müşahidəçilərin fikrincə, N.Paşinyanın anlaşılmaz davranışı müəyyən niyyət və məqsədlər güdür. Erməni baş nazir Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsini istəyir. Ermənistan Avropada bəzi siyasi dairələrdə mövzuda müzakirələr getdiyini nəzərə alaraq, sanksiya məsələsinin gündəmdə saxlamağa çalışır. Amma mütəxəssislər sanksiyaların tətbiq olunacağını düşünmürlər. Fakt budur ki, Azərbaycanın Avropa neft və qaz bazarındakı rolu Avropa İttifaqı üçün çox vacibdir. Azərbaycan müharibədə qalib gəldi, hərbi-siyasi üstünlüyünü nümayiş etdirdi və Ermənistanın da artıq sövdələşmə aparmağa heç bir əsası yoxdur. Əksinə, sülh müqaviləsinin imzalanmasını yubatlamaqla İrəvan vəziyyətini ağırlaşdıracaq. Ancaq N.Paşinyan indi erməni əhalisinin Qarabağdan köçməsi ilə bağlı vəziyyətdən istifadə edərək, həyasızcasına Azərbaycanı açıq şəkildə, Rusiyanı isə üstüörtülü ittiham edir. Əslində, bu, erməni diplomatiyasının ruhuna uyğundur. Mütəxəssislərin fikrincə, N.Paşinyan indi ermənilərin Azərbaycandan Ermənistana köçməsindən sövdələşmə predmeti kimi istifadə etməyə çalışır. Ancaq Rusiya Federasiyasının Dövlət müşaviri, birinci dərəcəli Tatyana Poloskovanın vurğuladığı kimi, N.Paşinyan unudur ki, o, Avropa İttifaqı üçün heç də mühüm fiqur deyil, sadəcə olaraq Cənubi Qafqazda hansısa çirkli kombinasiyaların həyata keçiriləcəyi alətdir.
S.ELAY
XQ