Çin Azərbaycanın 4-cü iri ticarət tərəfdaşıdır

post-img

Asiya nəhəngi ölkəmizə 920 milyon dollar sərmayə yatırıb

Azərbaycan–Çin münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayan “Bir kəmər, bir yol” layihəsi çərçivəsində indiyədək çoxsaylı tədbirlər həyata keçirilib.  Bununla da  iki dost dövlət bu qlobal təşəbbüsün reallaşmasına mühüm töhfələr verib. 

Çində səfərdə olan energetika naziri Pərviz Şahbazovun  bu ölkənin Milli Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua ilə görüşündə də bu faydalı əməkdaşlıqdan ətraflı bəhs olunub. Söhbət zamanı hər iki ölkə rəhbərinin dostluğu və strateji baxışlarının hərtərəfli əlaqələri təşviq etdiyi, həmçinin Azərbaycan–Çin münasibətlərinin dərinləşdirilməsi istiqamətində böyük imkanların mövcudluğu bildirilib.  

Xatırladaq ki, hər iki ölkə arasında münasibətlər bu gün “Bir kəmər, bir yol”la yanaşı, digər iqtisadi sahələrdə də sürətlə inkişaf edir. SOCAR dost ölkəyə  Azərbaycan və digər mənşəli xam neft, neft, neft-kimya məhsullarının, eləcə də mayeləşdirilmiş qazın (LNG) təchizatını uğurla həyata keçirir. Azərbaycanın  elekroenergetika sektorunda Çin şirkətlərinin fəal iştirakı enerji əməkdaşlığını getdikcə möhkəmlədir. Bununla bərabər Çinin enerji müəssisələri ilə uzunillik əlaqələr hazırda “yaşıl enerji” və “yaşıl texnologiya”lar üzrə layihələrlə münasibətlər yeni inkişaf mərhələsinə daxil olur. Bu xüsusda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında “Dongfang” şirkətinin iştirakı, “China Gezhouba Group Overseas Investment” müəssisəsinin 2 QVt gücündə bərpaolunan enerji layihəsinin icrasında fəaliyyəti respublikamız tərəfindən yüksək dəyərləndirilir.    

Energetika naziri Pərviz Şahbazovun Çinə səfəri çərçivəsində elektrik enerjisi, neft-qaz, neft-kimya və bərpaolunan enerji sahələrində əməkdaşlığın inkişafı, həmçinin enerji layihələrinə investisiyanın təşviqi məqsədilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu” imzalanması da bu dost ölkələrin energetika sektorunda gələcək ikitərəfli əlaqələrin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, enerji infrastrukturunun yenilənməsi üzrə münasibətləri daha da dərinləşdirəcək. Eyni zamanda, adıçəkilən  Anlaşma Memorandumu tərəflər arasında əməkdaşlığın güclənməsinə, qarşılıqlı investisiya və biznes fəaliyyətlərinin təşviqininə, bərpaolunan enerji mənbələri sahəsində təcrübə mübadiləsinin keçirilməsinə müsbət təsir göstərəcək. 

Onu da xatırladaq ki, Çinin innovasiya yönümlü investisiya imkanları respublikamız üçün mühüm önəm daşıyır. Dost ölkə Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiya sahələrinə xüsusi maraq göstərir. Azərbaycan–Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi isə ticari–iqtisadi əlaqələrin inkişafına geniş imkanlar açır. Təbii ki, bu şəraitin davamlı şəkildə formalaşmasına iki ölkə arasında sərmayələrin təşviqi və qorunması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlər, həmçinin texniki–iqtisadi əməkdaşlığa dair sənədlər mühüm önəm daşıyır. 

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əməkdaşlığı həyata keçirilib. Respublikamızda  Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb.  

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda respublikamızın ticarət dövriyyəsində Çin əsas ölkələr siyahısında 4-cü yerdə qərarlaşır. Təkcə bu il ərzində Azərbaycandan Çinə ixrac olunan mal və məhsulların dəyəri 64,5  milyon dollar təşkil edir. Qeyri-neft məhsullarının ixracı isə 23  milyon dolları keçir.   

Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Dost ölkənin 1995-ci ildən indiyədək respublikamıza yatırdığı birbaşa investisiyanın həcmi isə 920 milyon dollara çatır. 

Çin şirkətlərinin ölkəmizə olan böyük marağı təsadüfi deyil. Çünki  son illər ərzində Azərbaycan resursdan asılı iqtisadiyyatdan innovasiya, sahibkarlıq və biliyə əsaslanan sənaye üzərində inkişaf edən iqtisadiyyata uğurla keçid edib. Tətbiq edilən vergi güzəştləri, güzəştli kreditlər, hökumət təşəbbüsləri ilə dəstəklənən əlverişli investisiya mühiti və dövlət–özəl sektor tərəfdaşlığının genişləndirilməsi diqqətdə saxlanılıb. İşğaldan azad edilən ərazilərdə vergi güzəştləri, sosial sığorta müavinətləri, təkmil investisiya təşviqi mexanizmləri, kommunal xidmətlər üzrə güzəştlər, əmək miqrasiyası kvotasının müəyyənləşdirilməsi və sadələşdirilən iş prosedurları ilə bağlı əlverişli şərtlər Çin şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələrə marağını şərtləndirib.     

Azərbaycan dost ölkə ilə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurub. Hər iki dövlət tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Çin bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. İqtisadiyyat naziri Mikayıl Cabbarov həmin Ticarət Evinin açılışında vurğuladığı kimi, dost ölkədə sayca 4-cü ticarət evi olacaq bu iqtisadi–ticari mərkəz ticarət və mədəni mübadilə üçün dinamik platforma rolunu oynayacaq.

Prezident İlham Əliyevin  təsdiq etdiyi  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyənləşdirilib. Bununla yanaşı, dövlətimizin başçısının tapşırığına əsasən, işğaldan azad olunan ərazilərdə “Yaşıl enerji” zonasının yaradılması nəzərdə tutulub. Bu baxımdan alternativ və bərpaolunan enerji sahəsində iki ölkə arasında böyük əməkdaşlıq potensialı mövcuddur və Azərbaycan bu sahəyə də çinli investorları dəvət edib.  

 

Vaqif BAYRAMOV 
XQ

 

İqtisadiyyat