Ermənistanın regional layihələrdə iştirakı onun necə qonşu olmasından asılıdır
Uzun illər yürütdüyü işğalçılıq siyasəti üzündən iki qonşu ölkə – Şərqdən Azərbaycanla və Qərbdən Türkiyə ilə sərhədləri bağlı olan, regionda dalan vəziyyətinə düşmüş, siyasi və iqtisadi təcridlə üzləşmiş Ermənistan Respublikası hazırda bu vəziyyətdən çıxmaq üçün yollar aramaqdadır. Ermənistan hökuməti bu istiqamətdə səylərini İkinci Qarabağ müharibəsindən sonra xüsusilə intensivləşdirib. Baş nazir Nikol Paşinyanın ilk dəfə 2023-cü il oktyabrın 26-da keçirilən IV Tbilisi Beynəlxalq İpək Yolu Forumunda təqdim etdiyi “Sülh kəsişməsi” nəqliyyat-logistika layihəsi də bunun göstəricisi kimi qiymətləndirilə bilər. Rəsmi İrəvan, eyni zamanda İran və Hindistanla əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verir. Üç ölkə bölgədə “İrəvan-Tehran-Nyu-Dehli oxu” formalaşdırmaqdadırlar.
Bu istiqamətdə Hindistanın “The Economic Times” qəzetinin yaydığı məlumat diqqəti cəlb edir. Bildirilib ki, Hindistan və İran arasında qarşılıqlı əlaqələri inkişaf etdirmək məqsədilə bu həftə Tehranda xarici işlər nazirlikləri səviyyəsində məsləhətləşmələr baş tutacaq. Qəzet özəl mənbələrinə istinadən yazıb ki, Hindistan Xarici İşlər Nazirliyinin rəsmisi həmkarı ilə görüşmək üçün İranın paytaxtına gedəcək nümayəndə heyətinə rəhbərlik edəcək. Vəziyyətlə tanış olan şəxslərin sözlərinə görə, digər məsələlərlə yanaşı, danışıqlarda Çabahar limanının fəaliyyətinin, eləcə də Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin gücləndirilməsinə diqqət yetiriləcək.
Planlaşdırılan görüşdən öncə – şənbə günü iki ölkənin ali milli təhlükəsizlik şuralarının katibləri Acit Doval və Əli Laricani telefonla danışıblar. Söhbət əsnasında vurğulanıb ki, aparılacaq müzakirələrdə əsasən iqtisadi əməkdaşlığın, təhlükəsizlik və müdafiə sahəsində əlaqələrin möhkəmləndirilməsi, İranın Çabahar dəniz limanının fəaliyyətinin genişləndirilməsi, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı nəzərdən keçiriləcək. Bu, iyun ayında baş verən İran-İsrail hərbi münaqişəsindən sonra tərəflər arasında baş tutan ilk strukturlaşdırılmış dialoq olacaq.
Qəzet yazır ki, ikitərəfli görüşlə yanaşı, yaxın aylarda, ən uzağı 2025-ci ilin sonunadək Hindistan, İran və Ermənistan arasında üçtərəfli görüş keçiriləcək. “Hindistan-İran ikitərəfli görüşünü Hindistan-İran-Ermənistan üçtərəfli formatı izləyəcək. Görüşdə Tehranın vasitəçiliyi altında Nyu-Dehli ilə İrəvanın münasibətləri qiymətləndiriləcək. Bu format son bir neçə ildə Hindistan və Ermənistan arasında İran vasitəsilə nəqliyyat əlaqələrinin qurulması üçün işlənib hazırlanıb. Görüş Ermənistan və Azərbaycan arasında son sülh sazişi ilə bağlı məlumat almaq üçün fürsət ola bilər”, – deyə “The Economic Times” yazıb.
Xatırladaq ki, avqustun 29-da İranın icra işləri üzrə vitse-prezidenti Məhəmmədcəfər Qaimpənah yerli mətbuata açıqlamasında Tehran ölkənin cənub qurtaracağındakı Çabahar limanından cənub-şərqdəki Zahidan şəhərinə uzanan dəmir yolu layihəsinin başa çatdırılması üçün fəal iş aparır. Onun sözlərinə görə, layihə tamamlananda həm ölkənin dəmir yolu şəbəkəsinə, həm də beynəlxalq dəhlizlərə qoşulacaq: “Bu xətt vasitəsilə Çabahar limanından ölkənin şimalına, oradan isə Qafqaza, Rusiyaya və Avropaya zəruri mallar daşınacaq. Beləliklə, İranın regional və qlobal ticarətdə rolu güclənəcək”.
***
Girişdə qeyd etdiyimiz kimi, uzun illər işğalçılıq siyasəti yürüdən, eləcə də regional siyasətdə yanlış istiqamətlərə yönələn Ermənistan bu gün özünü dalan vəziyyətində tapıb. Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı qalması, Gürcüstan üzərindən tranzit imkanlarının isə məhdud, qış aylarında az qala keçilməz olması ölkəni həm iqtisadi, həm də siyasi baxımdan təcridə sürükləyib. Belə şəraitdə rəsmi İrəvanın yeni yollar axtarması, alternativ tərəfdaşlarla əməkdaşlıq qurmağa çalışması təbii haldır. Bu çərçivədə baş nazir Paşinyanın “Sülh kəsişməsi” adlandırdığı layihə, əslində, Ermənistanın çıxış yolları tapmaq istəyinin ifadəsidir. Lakin bu təşəbbüsün reallığa çevrilməsi üçün Ermənistanın regionda yeni güc balansını qəbul etməsi, qonşularla münasibətlərdə konstruktiv xətt seçməsi zəruridir. Zənnimizcə, bu layihənin həyata vəsiqə qazana bilməsində ölkəmizin rolunu Prezident İlham Əliyevdən daha yaxşı qiymətləndirən tapılmaz. Dövlətimizin başçısı 2025-ci il yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında bu barədə deyib: “Ermənistan müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Yəqin ki, siz də eşitmisiniz, dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki, bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz”.
Məhz bu dalan vəziyyətindən çıxmaq üçün İrəvanın diqqət yönəltdiyi əsas istiqamətlərdən biri İran və Hindistandır. Bu əməkdaşlıq sadəcə ikitərəfli deyil, həm də üçtərəfli formatda inkişaf etdirilməyə çalışılır. Tehranda baş tutacaq Hindistan–İran məsləhətləşmələri fonunda Ermənistanın da bu prosesə daxil edilməsinin planlaşdırılması region üçün mühüm siqnal sayılır. Bu formatın hədəfi Ermənistanın iqtisadi təcridini qismən yumşaltmaq, İrəvana alternativ ticarət yolları təqdim etməkdir. Əslində, Hindistan və İran arasında əlaqələrin möhkəmləndirilməsi yeni məsələ deyil. Son illər Nyu-Dehli enerji təhlükəsizliyi baxımından Tehrana önəm verir. Çabahar limanı layihəsi də məhz bu baxımdan strateji əhəmiyyət kəsb edir. ABŞ-ın sanksiyalarına baxmayaraq, Hindistan bu limanın inkişafı ilə maraqlanır, çünki bu, həm Pakistan üzərindən keçmədən Əfqanıstana çıxış, həm də Mərkəzi Asiya və Cənubi Qafqaza gedən marşrutlar üçün önəmli imkan yaradır. Beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizi də bu kontekstdə gündəmə gəlir. İranın son açıqlamaları göstərir ki, ölkə Çabahar limanı ilə Zahidanı birləşdirən dəmir yolu xəttini başa çatdırmaqla ticarət marşrutlarını şimala bağlamağı planlaşdırır.
Bu mənzərədə Ermənistan özünü tranzit ölkə kimi təqdim etməyə cəhd göstərir. İrəvan düşünür ki, İran üzərindən Hindistana çıxış qazanmaqla, eyni zamanda şimalda Gürcüstan və Qara dəniz limanları ilə əlaqə qurmaqla ölkə regional ticarət şəbəkəsində iştirak edə bilər. Lakin bu iddianın həyata keçməsi üçün təkcə Hindistan və İranla danışıqlar kifayət deyil. Ermənistanın qonşuları ilə münasibətləri hələ də həllini gözləyən məsələlərlə doludur. Ermənistanın bu prosesdə hansı rolu oynaya biləcəyi sual doğurur. Regionda yeni reallıqlar formalaşıb və həmin reallıqlar fonunda ən önəmli oyunçu Azərbaycandır. Ermənistanın təklif etdiyi marşrutların gerçəkləşməsi yalnız Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından sonra mümkündür. Əks halda, Ermənistan heç bir regional dəhlizin mərkəzinə çevrilə bilməz.
Hindistan–İran–Ermənistan üçtərəfli formatının planlaşdırılması daha çox siyasi xarakter daşıyır. Bu görüşlərdə İrəvanın təcriddən çıxmaq üçün imkanlar axtaracağı şübhəsizdir. Lakin prosesin real iqtisadi nəticələr verməsi üçün geniş regional əməkdaşlıq mühiti formalaşmalıdır. Hazırda isə belə bir mühit yalnız Azərbaycanla Ermənistan arasında imzalanmış sülh sazişi fonunda yarana bilər. Məhz bu səbəbdən Hindistan mətbuatında qeyd edilir ki, üçtərəfli görüş həm də regiondakı sülh prosesi ilə bağlı fikir mübadiləsi üçün imkan ola bilər.
Nəticə etibarilə, Ermənistanın İran və Hindistanla yaxınlaşma cəhdləri anlaşılandır. Lakin bu cəhdlərin uğur qazanması üçün ölkə reallıqlarla barışmalı, yeni iqtisadi və siyasi xəritədə özünə uyğun mövqeni düzgün müəyyənləşdirməlidir. Regionun iqtisadi arteriyalarına çıxış yalnız qonşularla normal münasibətlərin bərpası şərtilə mümkündür. Ermənistan isə indiyədək bu zərurəti qəbul etməkdə tərəddüd göstərir. “Sülh kəsişməsi” ideyasının gerçək məna kəsb etməsi üçün sözlərdən çox əməl gərəkdir. Ermənistanın gələcək uğuru məhz buna bağlı olacaq.
Politoloq İlyas Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, Ermənistanın Hindistan və İranla yaxınlaşma cəhdləri ölkənin uzunmüddətli təcriddən çıxmaq istəyinin ifadəsidir. Onun sözlərinə görə, “Sülh kəsişməsi” təşəbbüsü və planlaşdırılan Hindistan–İran–Ermənistan formatı rəsmi İrəvana regiondakı mövqeyini möhkəmləndirmək imkanı versə də, bu hədəflərin gerçəkləşməsi yalnız qonşularla münasibətlərin normallaşması fonunda mümkündür: “Çabahar limanı və Beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizi kimi layihələr strateji əhəmiyyət daşıyır, lakin Ermənistan bu marşrutlarda mühüm rol oynamaq üçün ilk növbədə, Azərbaycanla sülh sazişini icra etməli, Türkiyə ilə sərhədini açmaq istiqamətində real addımlar atmalıdır. Əks halda, İran və Hindistanla danışıqlar daha çox siyasi jest xarakteri daşıyacaq”.
Səxavət HƏMİD
XQ