Bu məqsədlə hər il 4 milyard manata yaxın vəsait xərclənir
Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunan ərazilərin mina və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən, nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb.
Bu, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, müasir texnologiyalar əsasında “ağıllı şəhər” və “ağıllı kənd”lərin inşa olunmasına, bu zaman ən müasir şəhərsalma nümunələrindən istifadə edilməsinə, aqrar sahənin, o cümlədən, heyvandarlığın inkişafının reallaşmasına, habelə əhalinin dayanıqlı məskunlaşmasına xidmət edib, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradıb.
Qeyd edək ki, düşməndən təmizlənən ərazilərin yenidən qurulması üçün büdcədən vəsait ayrılması Vətən müharibəsindən sonra daim diqqətdə saxlanılıb. Maliyyə Nazirliyinin məlumatına görə, ötən 9 ay ərzində Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq layihələrinə 3 milyard 741 milyon manat vəsait yönəldib. Bu, 2023-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulan vəsaitin 77,9 faizi deməkdir. Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub.
Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçıların verdiyi sifarişlər əsasında 1 milyard 588,5 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 59,7 faizinə bərabərdir. İşğaldan azad edilən ərazilərin bərpası məqsədilə 2024-cü ilin dövlət büdcəsindən isə 3 milyard 825 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Bütün bunlar bir daha onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövləti üçün ən prioritet məsələdir. Prezident İlham Əliyev bununla bağlı çıxışlarının birində deyib: “Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır, hamısını öz hesabımıza edirik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik”.
Dövlətimizin başçısının bu sözləri deməyə əsas verir ki, ölkəmizin zəngin potensial imkanları azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində səfərbər edilib.
XQ