Sentyabrın 30-da Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun vida və dəfn mərasimi keçirilib.
Mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Şərafət Həsənov bildirib ki, dövlətimiz Riad Əhmədovun axtarışı ilə hər zaman məşğul olub. Lakin heç bir nəticə əldə edilməyib.
Rəis müavini deyib ki, Vətən müharibəsindən sonra Şuşa və Daşaltı ətrafında Milli Qəhrəmanın axtarışları davam etdirilib. Axtarışlar nəticəsində şəhidlərimizin nəşi tapılıb.
Riad Əhmədovun döyüş yoldaşı, Daşaltı əməliyyatının iştirakçısı İlyas İsmayılov vurğulayıb ki, Riad əməliyyat zamanı yaralansa da, bunu büruzə vermirdi, döyüşə yaralı vəziyyətdə davam edirdi.
Riad Əhmədovun bacısı Mehriban Əhmədova çıxışı zamanı bildirib: “Qardaşım Azərbaycanın ilk Milli qəhrəmanlarındandır. Onu çox vətənpərvər biri kimi tanıyıblar. Bizim üçün Riadın yoxluğunu yaşamaq, hiss etmək çox çətindir. Biz bu faciəni 31 il bundan öncə yaşamışıq. Ona həsr olunmuş bu vida mərasimi bir daha sübut etdi ki, Vətənin azadlığı uğrunda canlarını fəda edənlər heç vaxt unudulmur”.
Digər çıxış edənlər Milli Qəhrəman Riad Əhmədov barədə xatirələrini bölüşüb, onun vətənpərvərlik, qəhrəmanlıq, igidlik rəmzi olduğunu vurğulayıblar.
Sonra Riad Əhmədovun İkinci Fəxri xiyabanda dəfn mərasimi keçirilib. Mərasimdə şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb. Milli Qəhrəmanın xatirəsinə ehtiram əlaməti olaraq 3 dəfə yaylım atəşi açılıb, Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, Əhmədov Riad Fikrət oğlu 1992-ci ildə Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsində çalışıb. O, 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb. Uzun illər yeri müəyyən olunmayıb.
XQ