Bu gün ölkəmizdə prokurorluq işçilərinin peşə bayramı qeyd olunur. Bu münasibətlə Mingəçevir Şəhər Prokurorluğunda keçirilən toplantıda müstəqilliyimizin qorunmasında və inkişaf etdirilməsində, hüquqi-demokratik dövlət quruculuğunda prokurorluq orqanlarının gördüyü işlərdən, qarşısında duran məsul vəzifələrdən söhbət açıldı.
Prokurorluq işçiləri ilə yanaşı, Mingəçevir şəhər rəhbərliyinin, prokurorluq veteranlarının, hüquq-mühafizə orqanları və media nümayəndələrinin iştirak etdikləri məclisdə şəhər prokuroru Qabil Səfərov respublika prokurorluğunun yaranmasından keçən 105 ilə nəzər saldı, əlamətdar gün ilə bağlı həmkarlarına xoş arzularını çatdırdı. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov Mingəçevir prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik etdi. Onlara xidməti fəaliyyətlərində yeni uğurlar arzuladı.
Şəhər prokurorunun böyük köməkçisi İsmayıl Məmmədli respublikanın Baş prokuroru Kamran Əliyevin peşə bayramı münasibətilə təbrikini kollektivə çatdırdı. Şəhər prokurorunun müavini Balahüseyn Şabanov, prokurorluq veteranı Kamil Yunusov, şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev də prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik etdilər.
Sonda prokurorluq veteranlarına hədiyyələr təqdim olundu.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri