Türkiyə–Azərbaycan dostluq və qardaşlığı dünya örnəyidir

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin APA-dakı nümayəndə heyətinin rəhbəri, qurum sədrinin təmsilçisi Abdulkadir Emin Önenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan–Türkiyə  münasibətlərinin inkişafından danışılıb və qeyd edilib ki, iki ölkə arasında qardaşlıq, dostluq əbədidir və bu münasibətlər bir çox ölkələr üçün nümunədir. İki ölkə arasında münasibətlər ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”  müdrik kəlamına uyğun olaraq hər gün daha da inkişaf edir və genişlənir. Eyni zamanda, dost və qardaş ölkələrin  bütün platformalarda bir-birini dəstəklədikləri vurğulanıb. Rəcəb Tayyib Ərdoğan bugünlərdə BMT Baş Assambleyasındakı çıxışında qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu, bizim haqq işimizə davamlı dəstəyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Görüşdə 44 günlük Vətən müharibəsi dövründə də Türkiyədən olan nümayəndə heyətlərinin Azərbaycana səfəri və ölkəmizə siyasi-mənəvi dəstək verməsi xatırlanıb. Bildirib ki, Azərbaycan da hər zaman Türkiyənin yanında olduğunu söyləyərək, dəfələrlə sübut edib.

Azərbaycan və Türkiyənin qanunverici orqanları arasında da münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib. Digər sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrimiz də həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində uğurla inkişaf edir. 

Regionda baş verən son hadisələr barədə qonaqlara məlumat verən Milli Məclisin Sədri bildirib ki, Azərbaycanın sülh və sabitlik istiqamətində atdığı ardıcıl addımlara baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlar törədərək sülhün əldə olunmasına maneələr yaradırdı. O, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin törətdiyi bir sıra irimiqyaslı hərbi təxribatlar və terror aktlarına əl atdığını qeyd edərək, bu təxribatlara cavab olaraq, ölkəmizin regionda lokal antiterror tədbirləri həyata keçirdiyini vurğulayıb. 

Sahibə xanım, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün görülən tədbirlər barədə də məlumat verib.

Abdulkadir Emin Önen qəbula və göstərilən qonaqpərvərliyə görə, minnətdarlığını bildirərək, Asiya Parlament Assambleyasının Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının yüksək səviyyədə təşkil olunduğunu, tədbirdə müzakirə olunan mövzuların aktuallığını diqqətə çatdırıb. 

O, dost və qardaş ölkələrimiz arasında münasibətlərin daim zamanın sınaqlarından uğurla çıxaraq, daha da möhkəmləndiyini və bu gün bütün sahələri əhatə etdiyini diqqətə çatdırıb. 

***

Həmin gün Milli Məclisin Sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İndoneziya Respublikası Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon ilə görüşüb.

Görüşdə APA-nın  daimi komitəsinin Azərbaycanın evsahibliyi ilə keçirilən iclasında müzakirə olunan məsələlərin aktuallığı vurğulanıb. Görüşdə APA-nın Asiya dövlətlərinin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində vacib rolu qeyd edilib. Diqqətə çatdırılıb ki, ötən il diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümü qeyd olunan Azərbaycan və İndoneziya bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda yaxından əməkdaşlıq edirlər. İki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələri bir sıra sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da uğurla davam edir. S.Qafarova, eyni zamanda, Milli Məclisin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv qəbul olunmasını xatırladaraq, bu təşkilat çərçivəsində də əlaqələrin əhəmiyyətini vurğulayıb. 

Parlamentin Sədri, həmçinin Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbədən sonra regionda vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün həyata keçirilən tədbirlər barədə də məlumat verib.

İndoneziya Nümayəndələr Palatasının komitə sədri Fadli Zon göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib və APA-nın tədbirinin yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. O, ölkəsinin Azərbaycanla bir çox sahələrdə münasibətlərin daha da inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. F.Zon, həmçinin bu əlaqələrin parlamentlərimiz arasında da uğurla davam etdirildiyini, Milli Məclisin Sədrinin İndoneziyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərin  əhəmiyyətini diqqətə çatdırıb.

 

Əliqismət BƏDƏLOV

XQ

Son xəbərlər