Ceyhun Bayramov BMT sessiyasında

post-img

Dünən Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksəksəviyyəli həftəsində iştirakı çərçivəsində Xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxış edib.

Nazir Nyu-Yorkdakı “Türk evi”ndə iclasın yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidana minnətdarlığını bildirib.

Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının hazırda inkişaf dövrünü yaşadığını, tam gücü ilə fəaliyyətini davam etdirdiyini, üzv dövlətlər arasında əməkdaşlığın daha da genişləndiyini, təşkilatın beynəlxalq səviyyədə rolunun yüksəldiyini məmnunluqla vurğulayıb.

Üzv dövlətlər tərəfindən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, həmçinin Türk İnvestisiya Fondu kimi Türk Dövlətləri Təşkilatının tabeliyində olan və əlaqəli qurumların fəaliyyətinə xüsusi önəm verildiyi diqqətə çatdırılıb.

Özbəkistan və Qazaxıstan tərəfindən Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonunda reallaşdırılan və reallaşdırılmaqda olan layihələrin dövlətlərimiz arasında dostluq rəmzinə çevrildiyi diqqətə çatdırılıb.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Orta Dəhliz boyu yeni nəqliyyat qovşağının açılması baxımından həlledici rol oynayacağını bildirib.

Nazir Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri barədə məlumat verib. Azərbaycan tərəfindən suveren torpaqlarında həyata keçirilmiş tədbirlərlə bağlı ölkəmizə göstərilmiş dəstəyə görə türk dövlətlərinə xüsusi minnətdarlıq bildirilib. 

Qeyd edilənlər nəzərə alınaraq, üzv ölkələri və türk birliyini hədəf alan bütün məkrli təhdidlərə qarşı mübarizə aparmaq üçün birlikdə və güclü olmağın vacibliyi vurğulanıb.

Ceyhun Bayramovun BMT-də görüşləri

Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos ilə də görüşüb. 

Söhbət zamanı  Azərbaycan və UNAOC arasında əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub. Nazir Ceyhun Bayramov ölkəmizlə UNAOC arasında əlaqələrin, ən Bakı prosesi çərçivəsində təşkil olunan Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edib. Post-münaqişə dövründə bölgədə mövcud vəziyyətdən, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesindən, o cümlədən Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində atılan addımlardan geniş bəhs olunub. 

Ali nümayəndə Migel Angel Moratinos, UNAOC-un öz multikulturalizm modeli ilə mədəniyyətlərarası dialoq üzrə nümunəvi ölkələrdən hesab olunan Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlər ilə reinteqrasiya prosesinin irəlilədilməsinin məmnunluq doğurduğu qeyd olunub.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində dünən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb. 

Söhbət zamanı Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri, habelə bölgədə son vəziyyət müzakirə olunub. Nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri zamanı Rusiya sülhməramlı kontingentinin üzvlərinin həlak olması ilə bağlı Rusiya Federasiyası və həlak olan şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib. Məsələ ilə bağlı araşdırma aparıldığı və istintaq tədbirləri barədə məlumat verilib.

24 saatdan az bir zaman çərçivəsində həyata keçirilən antiterror tədbirlərinin 30 ilə yaxın işğal dövründən qalma, sonrakı mərhələlərdə, hətta post-münaqişə dövründə belə Ermənistan tərəfindən maliyyələşdirilən və dəstəklənən qanunsuz hərbi mövcudluğun varlığına son qoyulması ilə uğurla yekunlaşdığı qeyd olunub. Hazırda isə bölgədə müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingenti ilə koordinasiya edilərək, ciddi şəkildə hərbiləşmiş erməni silahlı qüvvələrinin silah-sursatının müsadirəsi istiqamətində əməli addımların atıldığı diqqətə çatdırılıb.

Ceyhun Bayramov, antiterror tədbirlərinin həm bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, həm də erməni sakinlərin reinteqrasiyası baxımından görülən işlərin intensivliyini artıracağına inandığımızı, bundan sonra da qeyd olunan istiqamətlərdə səylərimizi davam etdirəcəyimizi bildirib.

Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb. 

***

Ceyhun Bayramov Pakistan İslam Respublikasının Xarici İşlər naziri Cəlil Abbas Cilani ilə görüşüb.

Nazir Ceyhun Bayramov Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən həyata keçirilən hərbi-siyasi təxribatlar barədə qarşı tərəfə ətraflı məlumat verib. Bölgədə həyata keçirilmiş antiterror tədbirinin əsas məqsədinin qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah edilməsi və qanunsuz rejimin buraxılması olduğu diqqətə çatdırılıb. Silahlı qüvvələr tərəfindən həyata keçirilən lokal antiterror tədbirinin müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparıldığı, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədi güddüyü qeyd edilib.

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

***

Daha sonra Ceyhun Bayramovun Albaniyanın Avropa və xarici işlər naziri İgli Hasani və Uqanda Respublikasının vitse-prezidenti Cessika Alupo ilə görüşüb.

***

Sentyabrın 22-də xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Qoşulmama Hərəkatı (QH) – “77-lər Qrupu” və Çin Birgə Koordinasiya Komitəsinin (JCC) xarici işlər nazirləri səviyyəsində iclasına həmsədrlik edib və tədbirdə çıxış edib.

Nazir cari ilin iyul ayında QH-nin Əlaqələndirmə Bürosunun Bakı şəhərində keçirilmiş Nazirlər İclasında üzv ölkələrin beynəlxalq iqtisadiyyat, ticarət və maliyyə məsələlərində inkişaf etməkdə olan ölkələrin rolunun artırılması üçün QH və “77-lər Qrupu” və Çin arasında əlaqələndirmənin gücləndirilməsinə ehtiyacın olduğunu bir daha təsdiq etdiklərini qeyd edib. 

Ceyhun Bayramov Bakı şəhərində keçirilən “2023 Nazirlər görüşü”ndə QH üzv ölkələrinin baş qərargahı inkişaf etməkdə olan ölkədə yerləşəcək Cənub-Cənub əməkdaşlığı üçün BMT-nin İxtisaslaşmış Agentliyinin yaradılması ilə bağlı “77-lər Qrupu” və Çin ilə işləyəcəkləri barədə razılığa gəldiklərini bildirib. Cənub-Cənub əməkdaşlığının inkişaf etməkdə olan ölkələrin həmrəylik prinsipi əsasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün birgə fəaliyyətlərini əks etdirdiyi diqqətə çatdırılıb.

XQ

 

Son xəbərlər