Bakıdan göndərilən humanitar yüklər Xankəndiyə çatdırıldı

post-img

Sentyabrın 22-də Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq məhsulları və gigiyenik vasitələr göndərilib.

İçərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və çörək dolu 2 avtomobil Ağdam–Xankəndi yolu ilə yükü ünvanına çatdırıb və geri qayıdıb. Bundan sonra da bu kimi humanitar məqsədli yüklərin çatdırılması təmin olunacaq.

Nazirlikdən XQ-yə verilən məlumatda bildirilib ki, içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan Əsgərana doğru yola salınıb.

“Yüklər artıq fəaliyyətdə olan Ağdam–Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Bundan sonra da bu kimi humanitar məqsədli yüklərin çatdırılması təmin olunacaq”, – deyə məlumatda bildirilir.

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev deyib ki, yük avtomobillərinin hər birinin tutumu 20 tondur.

O, Qarabağda yaşayan erməni sakinlərə bundan sonra da humanitar dəstəyin göndəriləcəyini bildirib. Ərzaq qutularında çörəklə yanaşı un, peçenye, makaron, duru yağ, duz, düyü, mərcimək, diş məcunu, diş fırçası, uşaq bezi, sabun və konfet də yer alıb.

Bundan öncə – avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən erməni əhaliyə 40 ton un göndərilsə də, separatçılar yükün Xankəndiyə keçidinə imkan verməmişdilər. Rusiya Qızıl Xaç Komitəsinin göndərdiyi yük isə bir neçə gün Azərbaycan ərazisində gözlədikdən sonra sentyabrın 12-də Xankəndiyə keçmişdi.

Onu da qeyd edək ki, Qarabağın erməni sakinlərinin nümayəndələri sentyabrın 21-də Yevlaxda keçirilən görüş zamanı xüsusilə yanacağa ehtiyac duyulduğunu bildirmişdilər. Eyni zamanda, onlara qida məhsulları olmaqla, humanitar yardımın göstərilməsini xahiş etmişdilər.

Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılıb.

Beləliklə, Qarabağın erməni sakinlərinin nümayəndələri artıq özləri Azərbaycanın mərkəzi hakimiyyətindən humanitar yardımın göndərilməsini istəyirlər. Çünki lokal antiterror tədbirlərindən sonra bütün maneələr aradan qaldırılıb. Bu isə gələcək birgəyaşayış üçün zəmin yaradır. Zatən, Azərbaycanın hər zaman istədiyi də Qarabağ regionunun inkişafı, əhalinin sülh və əmin-amanlıq içində yaşaması olub.

Səxavət HƏMİD

XQ

Son xəbərlər