“Azərişıq” ASC ölkənin bütün regionlarında köhnə, yararsız elektrik şəbəkələrini yeniləyir.
Qurumdan XQ-yə verilən məlumata görə, yenidənqurma işləri Bakıətrafı Saray və Yeni Yaşma qəsəbələrində də davam edir.
Sarayda yerləşən Köhnə kənd yaşayış massivində yeni evlərin tikilməsi və əhalinin sürətli artımı bu ərazidə abonentlərin fasiləsiz elektrik enerjisi ilə təminatını çətinləşdirirdi. “Azərişıq” hazırda problemin aradan qaldırılması yönündə yenidənqurma işləri aparır.
Səhmdar Cəmiyyət Yeni Yaşmada isə müəllimlər üçün ayrılan “Maarif” bağları adlanan ərazidə abonentləri fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün tədbirləri davam etdirir. Ərazidə bütün elektrik şəbəkəsi müasirləşdirilir, köhnə dayaqlar və elektrik xətləri yeniləri ilə əvəzlənir. Abonentlər üçün yeni smart sayğaclar quraşdırılır.
Həm Saray qəsəbəsinin Köhnə kənd adlanan ərazisində, həm də Yaşmada yenidənqurma işlərinin tezliklə yekunlaşması nəzərdə tutulub.
XQ