Respublikamızda xarici ticarət dövriyyəsi və ixrac əməliyyatlarının getdikcə genişləndirilməsi ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdən biridir. Bununla bağlı rəqəmlərə diqqət yetirəndə həm də aydın görünür ki, ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisi getdikcə artır. Məlumat üçün bildirək ki, son illər ölkəmizdə qeyri–neft sektorunun davamlı inkişafı ilə bağlı reallaşdırılan tədbirlər nəticəsində bu sahədə rəqabətqabiliyyətli məhsulların istehsalı xeyli artıb.
Bu gün həmin məhsullara dünya bazarlarında getdikcə böyük maraq yaranır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust ayına əsasən, 2023-cü ilin ötən 8 ayı ərzində Azərbaycanın ümumi ixracının 20,8 milyard dollar, qeyri-neft sektoru üzrə ixracın isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz artaraq 2 milyard dollar təşkil etməsi də bunu aydın göstərir.
Mərkəzin məlumatında, həmçinin bildirilir ki, cari ilin yanvar–iyul ayları ərzində yeyinti məhsulları üzrə ixrac 520 milyon ABŞ dollarına bərabər olub. Hesabat dövründə elektrik enerjisi ixracı 5,5 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 4,4 dəfə, şəkər ixracı 53,1 faiz, meyvə–tərəvəz ixracı isə 46,6 faiz artıb.
Bu ilin 8 ayında aqrar və aqrar–sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,6 faiz artaraq 540 milyon dollar təşkil edib. Qeyri–neft–qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar–sənaye məhsullarının yaratdığı dəyər isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3 faiz artaraq 119 milyon dollar təşkil edib.
Əlbəttə, belə uğurlu göstəricilərin əldə edilməsinə respublikamızda strateji məhsulların ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının reallaşdırılması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyənləşdirilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və xarici ticarət əlaqələrinin həcminin və coğrafiyasının getdikcə daha da genişlənməsi əhəmiyyətli rol oynayır.
Təbii ki, ixrac imkanlarının genişlənməsi üçün respublikada müxtəlif sahələri əhatə edən istehsalat sahələrinin, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühitinin və siyasi sabitliyin yaradılması diqqət mərkəzində saxlanılıb.
Respublikada əlverişli biznes mühiti dedikdə şübhəsiz ki, sahibkarlar, iş adamları üçün stimullaşdırıcı biznes və investisiya mühitinin mövcudluğu, bu sahədə dövlət tərəfindən müxtəlif dəstək tədbirlərinin, həmçinin vergi və gömrük güzəştlərinin reallaşdırılması nəzərdə tutulur və bu məsələlərin həlli diqqətdə saxlanılaraq əldə edilən nəticələr iqtisadi inkişafın dinamikasını şərtləndirir.
Azərbaycanda həyata keçirilən layihələr sayəsində son illər qeyri-neft ixracında dinamik artım müşahidə olunur. Məsələn, ötən ilin ilk altı ayında qeyri-neft ixracı 1,5 milyard dollar idisə, bu göstərici 2023-cü ilin müvafiq dövründə 1,8 milyard dollar təşkil edib. Bu da son altı ayda 300 milyon dollarlıq artım deməkdir.
Həyata keçirilən bütün bu tədbirlərin nəticəsidir ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 4 milyard 261 milyon 917 min dollar (ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz çox) təşkil edib. Həmçinin MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 28,7 faizi səviyyəsinə yüksəlib.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, hesabat dövründə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri Rusiya ilə 2 milyard 786 milyon 710 min dollar (1 il əvvələ nisbətən 26,8 faiz çox), Türkmənistanla 644 milyon 767 min dollar (2,7 dəfə çox), Belarusla 218 milyon 349 min dollar (18,8 faiz çox), Tacikistanla 4 milyon 103 min dollar (7,2 faiz çox) olub.
8 ay ərzində respublikamızdan Rusiyaya 794 milyon 478 min dollar (illik müqayisədə 46,1 faiz çox), Qazaxıstana 75 milyon 39 min dollar (72 faiz çox), Türkmənistana 56 milyon 622 min dollar (4,7 dəfə çox), Özbəkistana 29 milyon 849 min dollar (2,1 faiz çox), Qırğızıstana 27 milyon 323 min dollar (22,3 dəfə çox), Tacikistana 4 milyon 62 min dollar (9 faiz çox) dəyərində məhsul ixrac edilib. Ölkənin ümumi ixracında Rusiya 3,3 faiz, Qazaxıstan 0,3 faiz, Türkmənistan 0,2 faiz, Özbəkistan 0,1 faiz, Qırğızıstan 0,1 faiz və Tacikistan 0,02 faiz paya sahib olub.
Hesabat dövründə neft məhsullarının ixracında da artım qeydə alınıb. Belə ki, 8 ayda respublikamızdan 403 milyon 953 min dollarlıq (ötən ilin müvafiq dövrünün göstəricisindən 64,3 faiz çox) 678 min 402,9 ton neft məhsulları ixrac olunub. Bütün ixracın 1,66 faizi neft məhsulları ixracının payına düşüb.
Azərbaycanın ixrac potensialını ildən-ilə yaxşılaşdırması təsadüfi deyil. Bu, son illər qeyri-neft sektorunda xüsusi fəallığın nəzərə çarpması, iqtisadiyyatının şaxələndirilməsi istiqamətində uğurla həyata keçirilən layihələrin məntiqi nəticəsidir. Bunu belə bir fakt da təsdiqləyir: 2010-cu ildə respublikamızın qeyri–neft sektorunda 18,4 milyon manatlıq məhsul istehsal olunduğu halda, çoxsaylı mənfi şokların təsiri ilə mübarizə aparan qlobal iqtisadiyyatın həssas olduğu indiki məqamda həmin sahədə artım neft–qaz sənayesindəki göstəriciləri üstələyir. Belə ki, mövcud sahədə əlavə dəyərin cari ilin ilk yarısında 6,5 faiz yüksəlməsi, ümumi olaraq isə qeyri-neft sektorunda 3 faizdən çox artımın müşahidə olunması bunun bariz ifadəsidir.
Qeyri-neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcılarının hasilat və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir.
Vaqif BAYRAMOV
XQ