Dördtərəfli görüşün keçirilməsi təklifi region dövlətlərinin və
xalqlarının mənafeyinə uyğundur
Regionda hər zaman sülh və əmin-amanlıq istəyən, Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipinə uyğun siyasət yürüdən Türkiyə Cümhuriyyəti, onun Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni təşəbbüs irəli sürüb. O, Qarabağ məsələsi ilə bağlı Azərbaycan, Türkiyə, Ermənistan və Rusiya liderləri səviyyəsində dördtərəfli görüşün keçirilməsini təklif edib.
Cənab Ərdoğan bu barədə sentyabrın 16-da BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən öncə İstanbulda keçirdiyi mətbuat konfransında deyib: “Bəli, əvvəllər nəzərdə tutulduğu kimi, üçtərəfli formatda görüş keçirilməsi bizim prioritetimizdir. Amma biz, həmçinin dördtərəfli formatda görüşməyi təklif etdik. Bu təklifi çatdırdıq. Yəni mən özüm, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan. Mən dedim ki, gəlin görüşək, atılacaq addımları birlikdə müzakirə edək. Amma indiyədək bu təklifə müsbət və ya mənfi cavab almamışıq. Biz bu məsələni daha sonra Prezident İlham Əliyevlə müzakirə edəcəyik və hadisələri diqqətlə izləyəcəyik”.
Qeyd edək ki, sentyabrın 11-də Türkiyə Prezidenti ilə Ermənistan baş naziri arasında telefon danışığı olmuşdu. Telefon danışığı zamanı Türkiyə–Ermənistan münasibətləri və regional məsələlər müzakirə edilmişdi. Türkiyə Cümhuriyyəti cumhurbaşqanlığının kommunikasiya müdirliyinin bununla bağlı yaydığı məlumatda qeyd olunurdu ki, görüşdə Türkiyə–Ermənistan münasibətləri və regional məsələlər müzakirə edilib. Görüş zamanı iki lider regionda daimi sülh və sabitliyin bərqərar olmasının region ölkələrinin inkişafına və rifahına töhfə verəcəyini vurğulayıb və bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini bildiriblər.
Qeyd etdiyimiz kimi, Türkiyə regionda hər zaman sülh və sabitliyin tərəfdarı olub. Ankaranın siyasətinin qayəsində bu dayanır. Eyni zamanda, Türkiyə Azərbaycanın təşəbbüslərini də dəstəkləyib. Bunun ən bariz nümunəsi Vətən müharibəsindən sonra ölkəmizin irəli sürdüyü 3+3 formatının (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) dəstəklənməsini göstərmək olar. Bu, Cənubi Qafqazda uzunmüddətli sülhün və təhlükəsizliyin yaradılması, onun qorunub-saxlanması və çoxtərəfli əməkdaşlıq əsasında iqtisadi inkişafa nail olunması üçün yeni unikal əməkdaşlıq platforması idi. Rusiya Prezidenti Vladimir Putin bu təşəbbüsü birmənalı şəkildə dəstəkləməklə Moskvanın öz geosiyasi və geoiqtisadi maraqlarını Ermənistanın təcavüzkar siyasətinin girovuna çevirmək istəmədiyini nümayiş etdirmişdi. Regionda öz maraqlarını qoruyub saxlamağa çalışan Tehran da belə səmərəli təklifi dəstəkləyərək, çoxtərəfli əməkdaşlığın İrana verə biləcəyi dividendlərin səviyyəsini düzgün qiymətləndirmişdi. Təəssüf ki, Gürcüstan–Rusiya münasibətlərində mövcud olan problemlər, həmçinin İranın ölkəmizə qarşı yürütdüyü qeyri-dost siyasət bu platformada əməkdaşlıq imkanlarını minimuma endirdi. Ancaq region ölkələri arasında əməkdaşlıq tarixi zərurətdir.
Vaxtilə İngiltərə və Fransa yüzillik müharibə aparıblar. “Qoca qitə” XX əsrdə iki dünya müharibəsinin əsas savaş meydanı oldu. Sonra Avropa ölkələri müharibələrin problemlərin həllinin çıxış yolu olmadığını anladılar. Belçika, Almaniya Federativ Respublikası, Niderland, Lüksemburq, Fransa və İtaliya 1951-ci ildə sonradan genişlənməklə Avropa İttifaqına çevrilən Avropa Kömür və Polad Birliyini yaratdılar. Müharibədən çıxmış Cənubi Qafqazı da məhz belə bir tale gözləməlidir. Ermənistan özünün destruktiv mövqeyindən əl çəkməli, İran qeyri-dost davranışdan geri durmalı və Cənubi Qafqazın çiçəklənən regiona çevrilməsinə əngəl olmamalıdırlar. Azərbaycanın irəli sürdüyü 3+3 formatının, habelə Türkiyə Prezidentinin dördtərəfli formatda görüş keçirilməsi təklifinin mahiyyətində də bu dayanır.
ABŞ-ın qurucularından olan Benjamin Franklinin Böyük Britaniya ilə sülh müqaviləsi imzalandıqdan sonra dediyi sözlər bu gün də aktualdır: “Yaxşı müharibə və pis sülh heç vaxt olmayıb. Sülh hər zaman ən yaxşı seçimdir, millətlərin sərbəst inkişafı üçün tamamilə ideal bir vəziyyətdir”. Bəli, indi Türkiyə və Azərbaycanda da regionda sülhün əldə olunması istiqamətində səylər göstərirlər. Bu məqsədlə müxtəlif təşəbbüslərlə çıxış edirlər. Ümumən, müzakirə hər zaman yaxşılığın əlamətidir. İnsanlar susduğu zaman silahlar “dilə” gəlir. Müzakirələrin aparılması mümkün toqquşmaların qarşısının alınması deməkdir. Cənab Ərdoğanın təşəbbüsünə bu nöqteyi-nəzərdən yanaşılmalı və Ermənistan rəhbəri orada iştirakdan imtina etməməlidir.
Bundan əlavə, region ölkələri öz problemlərini özləri həll etməlidir. Fransanın timsalında kənardan moderatorluq etməyə çalışanlar regionda sülhdə bizim qədər maraqlı ola bilməzlər. Rəsmi Paris Ermənistanı qızışdıraraq, açıq-aşkar destruktiv rol oynayır. Təəssüf ki, son vaxtlar ABŞ-də da ona qoşulanlar tapılıb. Bu baxımdan cənab Ərdoğanın təklifinin müsbət olduğu göz önündədir. Əgər rəsmi İrəvan suları bulandırmaq istəmirsə, sülhdə səmimidirsə, bu həqiqəti anlamalıdır.
***
Bu istiqamətdə fikirlərini “Xalq qəzeti” ilə bölüşən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz bildirib ki, 2023-cü il sentyabrın 10-da Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin və üçtərəfli bəyanatın imzalanmasının 34 ayı tamam oldu. Onun sözlərinə görə, ötən 34 ayda Azərbaycan sülhə, diplomatiyaya, insanlığa, mərhəmətə uyğun olaraq qalib dövlət kimi, məsələnin tənzimlənməsi üçün Türkiyə ilə əl-ələ verərək, bütün mümkün təşəbbüsləri edib: “Fəqət ötən 34 ay ərzində məsələ daha dolaşıq, daha çox ölkənin və beynəlxalq təşkilatın cəlb olunduğu hala gəlib. Bu vəziyyətdə məsələnin həlli mümkün görünmür. Çünki çoxtərəfli problemin həlli mümkün deyil. Hər dövlət özünün imperialist mənafeyini və mənfəətini güdüb siyasət yürüdərək məsələyə yanaşır. Burada nə erməniləri, nə də Ermənistanı düşünürlər. Burada yeganə məqsəd yüz illərdir yeritdikləri siyasətin davamı olaraq, status-kvonu saxlamaqdır”.
Y.Karauz deyib ki, buna görə də Türkiyə Prezidentinin dördtərəfli platformada görüş keçirilməsi, məsələni tezliklə həll etmək üçün yeni təşəbbüslə çıxış etməsi doğru-düzgün çıxış yoludur: “Təbii ki, şəxsi mənfəətlərinə görə, bu varianta qarşı çıxan region və regiondan kənar dövlətlər, qruplar olacaq. İlk növbədə, ABŞ buna qarşı çıxacaq. Vaşinqton İrəvanla birgə keçirdiyi hərbi təlimlərlə Cənubi Qafqazda möhkəmlənməyə doğru daha bir addım atıb. İndi burada mövcudluğunu daimi hala gətirməyə çalışır. Burada da ABŞ-nin marağı Ermənistan və ermənilər deyil, Rusiyanı cənubdan necə deyərlər, mühasirəyə almaq, Moskvanı narahat edəcək vəziyyət yaratmaq və sonrakı həmlələri üçün strateji üstünlüyü təmin etməkdir. Fransa ermənipərəst dövlət kimi özünü dünyanın sahibi zənn edir. İkinci Dünya müharibəsindən sonra yaradılan BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü qalan 185 ölkəni dövlət hesab etmir. Fransa Avropa İttifaqında da belə düşüncələrin yaranmasına yol açıb”.
Müsahibimiz hesab edir ki, digər ən önəmli faktorlardan biri də İrandır. Onun fikrincə, Tehran bu platformaya çox şiddətli reaksiya göstərəcək: “İrandan verilən açıqlamalar, Azərbaycan torpaqlarının işğalda olduğu 30 ilə yaxın vaxt ərzində, həmçinin işğaldan sonra ədalətsiz mövqe nümayiş etdirdiyi, əl altından işlər gördüyü ortadadır. Dolayısı ilə İran dördtərəfli platformanın uğursuz olması üçün əlindən gələn hər cür fəaliyyəti göstərəcək”.
Ehtiyatda olan general-mayor hesab edir ki, əslində, ən düzgün çıxış yolu Azərbaycan və Ermənistanın aralarındakı problemi beynəlxalq hüquq çərçivəsində Türkiyə və Rusiyanın vasitəçiliyi ilə ədalətli şəkildə həll etməsi, davamlı sülh əldə etmələridir: “Bunun olmayacağı, üçtərəfli saziş yerinə yetirilməyəcəyi təqdirdə, təbii ki, Azərbaycanın səbrinin bir həddi var. Ondan sonra Azərbaycan öz məsələsini özü həll edəcək. Burada itirən Ermənistan və erməni xalqı olacaq. Çünki səfalət, pərişanlıq, əhalinin sayının azalması, orduya getmək istəməyən və Laçın yolu ilə Qarabağı tərk edən gənc erməni gənclərinin ruhunu çox yaxşı ifadə edir”.
Yücel Karauz Ərdoğanın Nyu-Yorkdan qayıtmasından sonra dördtərəfli platformada görüşün keçirilməsi üçün diplomatik fəallığın artacağını düşünür: “Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməkdə, qardaş ölkənin haqq və mənfəətləri haradadırsa, orada dayanmaqda davam edəcək”.
***
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev isə qəzetimizə açıqlamasında deyib: “Türkiyə Prezidentinin təklifi ondan irəli gəlir ki, region ölkələri öz talelərini məhz özləri həll etməlidirlər. Paşinyan bu yaxınlarda Ərdoğana zəng etmişdi. O, çox güman ki, Türkiyə liderindən proseslərə təsir göstərməyi xahiş edib. Məncə, dördtərəfli görüşün keçirilməsi təklifi buradan irəli gəlib. Eyni zamanda Ərdoğan daha sonra Rusiya barədə danışıb. Reallıq bundan ibarətdir ki, Rusiyanın sülhməramlı qüvvələri Qarabağda yerləşib. Rusiyasız burada nəyisə müzakirə etmək bir qədər çətindir”.
F.Şəfiyev qeyd edib ki, Azərbaycanın Qərb ölkələrinin prosesə töhfəsini qəbul etmədiyini demək mümkün deyil: “Biz Şarl Mişellə, ABŞ ilə çox sıx işləmişik. Vaşinqtondan Yuri Kimin verdiyi son bəyanat isə göstərir ki, onlar daha çox Ermənistanın mövqeyini dəstəkləyirlər. Senatda olan çıxışlar, xüsusilə birtərəfli ittihamlar ABŞ-nin neytral vasitəçiliyini şübhə altına alır”.
Qeyd edək ki, sentyabrın 17-də İrəvanda jurnalistlərin suallarını cavablandıran Nikol Paşinyan Ərdoğanın dördtərəfli görüşlə bağlı təşəbbüsünə münasibət bildirərkən, məsələnin mürəkkəb olduğunu deyib. Fərid Şəfiyev buna əsaslanaraq güman edir ki, Paşinyan dördtərəfli görüşün keçirilməsində maraqlı deyil: “Ermənistan baş naziri Rusiya ilə görüşmək istəmir. Hər halda ermənilər müəyyən dərəcədə şou göstərirlər ki, onların Rusiya ilə əlaqələri pozulub və Qərbin müdaxiləsinə ehtiyac var. Ona görə də mən Paşinyanın dördtərəfli görüş formatını qəbul edəcəyinə şübhə ilə yanaşıram”.
Türkiyə Prezidentinin təklifinə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Avro-Atlantika Təhlükəsizliyi Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov da münasibət bildirib. O, özünün teleqram kanalında yazıb: “Bu gün vəziyyət fərqlidir. Ermənistan zəifdir və ruhdan düşüb, Qərb və Rusiya Qarabağ uğrunda Dnestryanı və ya Abxaziyadan az rəqabət aparırlar. Amma eyni zamanda, Moskva Ankaradan və Azərbaycan–Türkiyə tandemindən 2022-ci ilə nisbətən daha çox asılıdır. Deyək ki, siyasi-iqtisadi mənada Türkiyənin fikri bir-iki il əvvəlkinə nisbətən daha çox nəzərə alınmalıdır. Qərbin Rusiyasız Qafqaza həqiqətən ehtiyacı var, lakin Vaşinqton və Brüssel Qafqazı NATO-dakı müttəfiqləri olan Türkiyəyə vermək də istəmirlər”.
Rusiyalı analitik qeyd edib ki, əvvəllər Qarabağla bağlı danışıqların eksklüziv formatı var idi. Rusiya bu formatda (Minsk qrupu nəzərdə tutulur-S.H.) təmsil olunurdu. Bu gün isə Rusiya öz eksklüzivliyini böyük ölçüdə itirib. Markedonovun fikrincə, bütün bunlar Türkiyənin xeyrinə oynayır və bu şəraitdən istifadə etməmək Ankara üçün günah olardı.
Səxavət HƏMİD
XQ