“Humanitar böhran” avantürası məngənədə

post-img

Ağdamdan Xankəndiyə “sülh daşınmalıdır” 

Görək Ermənistan rəhbərliyi və dünya ermənipərəstləri bundan sonra nə deyəcək, nədən danışacaqlar? Görək, qarşıdakı müddətdə Qarabağdakı separatçı rejimi qorumaq üçün hansı oyunlara əl atacaqlar? Hərçənd, bu kəsimin “axtarışlarının”, həyasızlıqlarının bitib-tükənmək bilmədiyi aşkardır. İndilik durum belədir: Qarabağda onsuz da olmayan humanitar böhran şousunu davam etdirmək üçün əsas yoxdur. Ağdam–Əsgəran–Xankəndi və Laçın–Xankəndi yolları humanitar məqsədli yüklərin daşınması üçün açıqdır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin yük avtomobilləri hər iki istiqamətdə hərəkət edərək, Qarabağın erməni əhalisi üçün daşımalar həyata keçirirlər. 

Mövzu ətrafında söhbət açarkən ilk vurğulanmalı məqam Azərbaycanın prinsipial mövqeyinin təmin olunması­dır. Məlum olduğu kimi, ölkəmiz sözü­gedən yolun eyni anda açılmasını tələb edirdi. Nəzərə alaq ki, ancaq Laçın–Xankəndi yolunun açıqlığı separatizmi düşüncələrdə, bir növ, leqallaşdırırdı. Hazırda isə Ağdam–Xankəndi yolu da açıqdır ki, bu, bölgənin erməni əhali­sinə yardımın həm də Azərbaycan əra­zisi vasitəsilə göstərilməsi deməkdir.

Bəli, ölkəmizin qətiyyətli davranışı ənənəvi stereotipləri sıradan çıxarır. Onu da nəzərə alaq ki, yalnız Laçın–Xankəndi yolunun fəaliyyət göstərməsi, eyni zamanda, bölgənin Ermənistana məxsusluğu baxışını da formalaşdırır­dı. Onilliklər ərzində də belə olmuşdu. İndi isə o yolda Azərbaycana məx­sus sərhəd nəzarəti tətbiq edilir. Yəni, BQXK-nin Ermənistan tərəfdən gələn humanitar yardımı da həmin sərhəd postunda keçərək ünvanına yetişir. Se­paratçı rejimin Ağdam–Xankəndi yo­luna düzdükləri beton plitələr isə artıq yoxdur. Bu, həmin rejimin özünün də yoxa çıxarılması yolunda son dərəcə əhəmiyyətli hadisədir.

Əvvəldəki sualımızı bir qədər fərq­li formada ünvanlayaq: Bundan son­ra nə olmalıdır? Cavabı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev verir: “Maskalar düşür, reallıq qalır”! Azərbaycanda boz zonalara yer yoxdur!” Laçın–Xankəndi və Ağdam–Xankəndi yolunun eyni anda BQXK-nin yük avtomobilləri üçün açılması ilə bağlı X sosial şəbəkəsində paylaşım edən Prezidentin köməkçisi ölkəmizin əsas hədəfini açıqlayır. O hədəfi ki, Ermənistan rəhbərliyi və dünya ermə­nipərəstləri ölkəmizin ona çatmağını əngəlləmək üçün müxtəlif “arqument­lər” uydurmaqdadırlar. 

Bəli, Qarabağda humanitar böhran şousu da diqqəti əsas məsələlərdən yayındırmaq yönümlü uydurmadır. H.Hacıyev elə bu səbəbdən də bildirir: “Bütün beynəlxalq ictimaiyyət bir daha şahidi oldu ki, blokada deyilən bir şey yox idi, ancaq Ermənistan və qeyri-qa­nuni marionet rejimi, lobbi qrupları və bəzi qərbli korrupsioner siyasətçilər və qərəzli KİV tərəfindən xalqı yanıltmaq, manipulyasiya etmək və çaşdırmaq məqsədi ilə humanitar məsələlərin si­yasiləşdirilməsi var idi!”

Qarabağda humanitar böhran yoxdursa və məsələ tamamilə bitib­sə, o zaman qarşıda iki yol görünür: ya sülh, ya da müharibə. Məsələni bu qədər konkret qoymağımızda səbəb var. Birincisi, onsuz da bölgə müstəvi­sində bıçaq sümüyə dirənib. İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəya­natın şərtlərinə məhəl qoymur, öz qo­şunlarını Qarabağdan çıxarmır. İkinci­si, Ermənistan hərəkətləri ilə ərazidəki separatçı rejimin legitimliyi ilə bağlı təəssürat formalaşdırır. Məsələn, baş nazir Nikol Paşinyanın sözügedən rejimdən söz açarkən “seçkili haki­miyyət” fikrini dilə gətirdiyi məlumdur. Yəni, bir tərəfdən Azərbaycanın Qa­rabağ da daxil olmaqla ərazi bütöv­lüyünü tanıyan Nikol digər tərəfdən, belə yolverilməz leksikondan istifadə edir. Üçüncüsü, Paşinyan, ümumən, Azərbaycan – Ermənistan münasibət­lərinin nizamlanması üzrə danışıqla­rın predmetinə, sülh gündəliyinə yad ritorikadan yararlanır. Daim anti-Azər­baycan motivli hərəkət və davranışlar gerçəkləşdirir, bu və ya digər yollar­la çalışır ki, beynəlxalq ictimaiyyətin ölkəmizə qarşı antipatiyası formalaş­sın, vəziyyətdən istifadə edərək real­lıqları dəyişsin.

Qarabağ ermənilərinə humani­tar yardımın daşınması təmin edilir­sə, o zaman Ermənistan rəhbərliyinin və dünya ermənipərəstlərinin “Laçın dəhlizinin açılması”na dair beynəlxalq müstəvidə qaldırdıqları məsələ də əhə­miyyətini itirməkdədir. Nəzəri cəhətdən düşünülə bilər ki, yerli əhali sıxıntı çəkmirsə, deməli, nəyə görə həmin yol taybatay açıq olmalıdır? Qara­bağ Azərbaycanın ərazisidirsə, hansı məntiqlə Laçın yolunda Azərbaycanın sərhəd nəzarəti tətbiq edilməməlidir? Edilməlidir və edilir də. 

Digər yandan, artıq Qarabağ er­mənilərinə qarşı etnik təmizləmə və soyqırımı kimi iddialar da əhəmiyyəti­ni itirməkdədir. Ermənipərəstlərin Luis Moreno Okampo, Xuan Mendes kimi dələduz hüquq ekspertlərinin, o cümlə­dən, Bob Menendez kimi erməni əsilli həyat yoldaşının sözü ilə ABŞ Senatın­da müzakirələr təşkil edən senatorların da “xidmətlərindən” imtinası şərtdir. Paşinyan administrasiyasının sözüge­dən şəxslərin dediklərini beynəlxalq platformalarda təbliğini dayandırması da, həmçinin. 

Daha vacib bir məqam var. Ağ­dam–Xankəndi yolunun açılmasını həm də Qarabağ ermənilərinin Azər­baycana reinteqrasiyasının başlanğı­cı kimi qiymətləndirmək mümkündür. Onlar ölkəmizin tamhüquqlu vətəndaşı olaraq özlərini göstərməlidirlər. Bu an­dan başlayaraq həmin erməni sakinlər üçün geriyə sayım başladı. Ya barələ­rində “hökm” çıxarılmış separatçıların qurduqları məkrli planlarda alətə çevril­məmək, Azərbaycanın yurisdiksiyasın­da yaşamaq, yaxud bölgəni tərk edib getmək. Üçüncü yol yoxdur. 

Bəli, zaman gerçəkliklə üzləşmə zamanıdır. Ən böyük gerçəklik isə sülhdür. Qalır məsələnin dərk edilmə­si. Sülh isə Qarabağdakı separatçı rejimin tamamilə sıradan çıxması ilə mümkündür. Cənab H.Hacıyev sülh müqaviləsinin 2023-cü ilin sonunadək imzalanacağına ümid etdiyini bildirib. Mövcud xüsusda beynəlxalq vasitə­çilərin fəaliyyətinə toxunan Prezidentin köməkçisi onların işini yüksək qiymət­ləndirdiyini bildirməklə, Azərbaycan–Ermənistan nizamlanması prosesinin qaldığı yerdən davamının zəruriliyinə eyham vurur. O, danışıqların hər bir formasının ümumilikdə özünəməxsus şəkildə unikallığını və Bakı ilə İrəvan arasında ən problemli məsələlər üzrə dialoqların aparılmasına kömək etdiyi­ni diqqətə çatdırır: “Beynəlxalq vasitə­çilərin fəaliyyətinə gəlincə, biz onların Azərbaycan–Ermənistan münasibətlə­rinin normallaşmasına verdiyi töhfəni yüksək qiymətləndiririk. Azərbaycan hələ də cari ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına ümid edir və Ermənistanın siyasi rəhbərliyini əsas addımı atmağa çağırırıq. Ermə­nistan sülh müqaviləsinə imza ataraq Azərbaycanın ərazi bütövlüyünü, ölkə­mizin Qarabağ iqtisadi rayonu da daxil olmaqla, rəsmi şəkildə tanısın, gələ­cəkdə Azərbaycanın daxili işlərinə qa­rışmaqdan çəkinmək barədə üzərinə öhdəlik götürsün”. 

Sonda bir daha bildirək ki, Ağdam–Xankəndi yolunun fəaliyyətə başlama­sı Azərbaycanın ciddi uğuru və dirə­nişinin nəticəsidir. Heç şübhəsiz, bu, Ermənistan rəhbərliyi üçün ciddi siqnal olmalıdır. Paşinyan administrasiyası bilməlidir ki, dünya ermənipərəstləri­nin, müxtəlif maraqlı qütblərin mənasız dəstəyinə bel bağlayıb avantürist niy­yətlər gerçəkləşdirməyin heç bir fayda­sı olmayacaq. Nikol və tərəfdarları onu da yaxşı anlamalıdırlar ki, bundan son­ra danışıqlar prosesində hansısa mani­pulyasiya, yeni nələrinsə qondarılması sonda çox qorxduqları güc tətbiqinə əsas yaradacaqdır. Çünki Azərbayca­nın öz ərazisinin separatçılıq meydanı kimi istifadəsinə dözmək limiti bitib. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət