Sentyabrın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Polşanın baş müftisi Tomasz Miskievicz ilə görüşüb.
A.Paşazadə Polşa ilə Azərbaycan arasında mədəni-mənəvi əlaqələrdən bəhs edərək, polyak əsilli Roma Papası II İohan Pavel barədə xatirələrini bölüşüb. A.Paşazadə ulu öndər Heydər Əliyevin dəvəti ilə Vatikan rəhbərinin ilk dəfə Azərbaycana səfərini böyük önəm daşıyan hadisə kimi dəyərləndirib. Bunun ardınca Azərbaycanın dini konfessiya rəhbərlərinin Vatikana səfərinə toxunub, hazırda Müqəddəs Taxt-Tacla münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.
Polşanın Baş müftisi Tomasz Miskievicz Polşada 100 minlik müsəlman icmasının fəaliyyəti, XIV əsrdən Polşada məskunlaşan türk kökənli etnik azlıqlar olan tatarların öz çoxəsrlik tarixi və dini-mədəni irsini qoruması yönündə səylərindən ətraflı bəhs edib. Azərbaycanla əlaqələrə, o cümlədən, dini-mənəvi sahədə münasibətlərin dərinləşməsinə yüksək dəyər verən baş müfti şeyxülislamı Polşaya səfərə dəvət edib.
XQ