Azərbaycanın Qarabağda növbəti hədəfləri

post-img

İşğalçı qoşun ərazimizdən çıxarılmalı, qondarma rejim buraxılmalıdır

Dünən Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib. 

Xarici diplomatların nəzərinə çat­dırılıb ki, Azərbaycanın cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə hə­yata keçirdiyi bütün səylərə baxmaya­raq, Ermənistan və onun Azərbaycanın suveren ərazilərində qurduğu qondar­ma rejim normallaşma prosesinə xələl gətirməyə və gərginliyin azaldılmasına yönəlmiş bütün təklifləri rədd etməyə davam edir. Əksinə, Azərbaycan qarşı tərəfin israrla davam etdirdiyi təxribatçı addımlarla üzləşir. Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” bunun bariz nümunəsidir. Azərbaycanın bütün mesajlarına baxmayaraq, Ermənistan tərəfi öz yolundan dönmədi.

Brifinqdə, həmçinin bildirilib ki, Tür­kiyə, Pakistan, Ukrayna, Böyük Brita­niya, Gürcüstan, Moldova, Rumıniya, Macarıstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Almaniya, ABŞ, İran, ha­belə Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Avropa İttifaqı kimi bey­nəlxalq təşkilatlar bəyanat verərək qon­darma və qanunsuz “seçkiləri” pisləyib, onun legitimliyini tanımayıb. 

Tədbirdə beynəlxalq hüququ dəstəkləyən və Ermənistan tərəfinin bu qanunsuz, qeyri-legitim və təxribat xarakterli addımına qarşı açıq şəkildə çıxış edən bütün dövlətlərə və bey­nəlxalq təşkilatlara təşəkkür ifadə olu­nub. 

Diqqətə çatdırılıb ki, son bir neçə ay ərzində cəlb olunmuş bir sıra tərəfdaş­lar, xüsusilə də Rusiya Federasiyası, ABŞ və Avropa İttifaqı vasitəsilə Ağ­dam–Xankəndi və Laçın–Xankəndi yol­larından eyni zamanda istifadə etməklə erməni sakinlərə yüklərin çatdırılması­na yönəlmiş səylər davam etdirilib.

Vurğulanıb ki, heç bir istisna olma­dan bütün tərəfdaşlar bütün diplomatik müzakirələr zamanı Laçından və Ağ­damdan eyni zamanda keçidin mövcud vəziyyətin legitim və ağlabatan həll yolu olduğunu təsdiqləyiblər;

Qeyd etmək lazımdır ki, eyni za­manda keçid üçün çağırışlar ABŞ Döv­lət Departamentinin, Rusiya XİN-in, Avropa İttifaqı Şurasının Prezidentinin mətbuat katibinin verdiyi bəyanatlarda, habelə ATƏT-in Daimi Şurasının 12 sentyabr tarixli görüşü zamanı çıxışlar­da səsləndirilib. 

Sentyabrın 12-də uzun müddət davam edən müzakirələrdən və yu­banmalardan sonra Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobilinin Ağ­damdan Xankəndiyə keçidinin təmin olunduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, bunun aylardır müzakirə olunan eyni zamanda keçidlərin həyata keçirilməsi üçün bir təkan olacağı ilə bağlı bütün cəlb olunmuş tərəflərin ortaq gözləntisi olsa da, bu ümidlər bir daha boşa çıxdı.

Brifinqdə, həmçinin aşağıdakı məqamlara diqqət çəkilib. 

Sentyabrın 10-da ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmas­lar zamanı Azərbaycan tərəfi Laçın­dan keçid zamanı Azərbaycanın milli sərhəd və gömrük nəzarət tələblərinin yerinə yetirilməsilə BQXK tərəfindən Laçın və Ağdamdan eyni zamanda ke­çid variantında sadiq olduğunu bir daha bildirib.

Sentyabrın 11-də BQXK tərəfindən yüklərin daşınmasına dair müvafiq mü­raciətlər aldıqdan qısa müddət sonra Azərbaycan tərəfi sözügedən yüklərin müraciətlərdə göstərildiyi kimi keçidinə şərait yaradılmasına hazır olduğunu bildirib və BQXK-dan eyni zamanda keçidin təşkil olunacağı tarix və vaxtın bildirilməsini sorğu edib. Buna cavab olaraq BQXK Azərbaycan tərəfinə bil­dirib ki, ermənilər tərəfindən yüklərin qəbul edilməsi və BQXK konvoylarının təhlükəsizliyinin təmin edilməsinə dair “yaşıl işıq” yoxdur.

Azərbaycan cəlb olunmuş bey­nəlxalq tərəfdaşların müraciətlərini da­vamlı və xoş niyyətlə cavablandıraraq Laçın və Ağdamdan eyni zamanda ke­çid üçün müxtəlif variantları nəzərdən keçirsə də, Ermənistan tərəfi davamlı şəkildə razılaşmalardan geri çəkildi və yeni bəhanələr irəli sürdü.

Ermənistan tərəfinin sözügedən yolların açılmasına davamlı etirazı yal­nız siyasi xarakter daşıyır və hər hansı “humanitar böhran” məsələsilə heç bir əlaqəsi yoxdur. 

Bu xüsusda, ABŞ Senatında bu yaxınlarda keçirilən ictimai dinləmə er­məni lobbisini razı salmaq üçün təşkil edilmiş şoudan savayı bir şey deyildi. Təəssüf ki, Dövlət Departamentinin nümayəndəsi də erməni lobbiçilərinin təşviq etdiyi birtərəfli anti-Azərbaycan bəyanatlarına qoşulub. 

Gömrük nəzarəti tələbləri də daxil olmaqla Azərbaycan qanunvericiliyinə riayət etməklə Laçın və Ağdam yolla­rından eyni zamanda keçid məsələsi artıq bir neçə həftədir ki, ABŞ tərəfi ilə müxtəlif səviyyələrdə müzakirə edilib. Bu səbəbdən, indiki çıxılmaz vəziyyətin səbəbi ABŞ tərəfi üçün aydındır. Buna baxmayaraq, ABŞ Senatında verilən ifadə saxta erməni fikirlərini təkrarlayıb;

İyulun 15-də liderlərin Brüssel görü­şündə və sentyabrın 1-də Azərbaycan Respublikası Prezidenti ilə ABŞ Dövlət katibi arasında telefon danışığında mü­zakirə edildiyi kimi, Azərbaycan həmişə hər iki yolun ardıcıl və paralel istifadə­sini asanlaşdırmağa hazır olub. Lakin bir neçə aydır ki, erməni tərəfinin həllə biganəliyi, humanitar yardımın davamlı siyasiləşdirilməsi, separatizm və ayrıl­maya rəvac verməsi səbəbindən baş tutmayıb. Digər səbəb isə Azərbayca­nı tamamilə əsassız olan qondarma humanitar böhran yaratmaqda ittiham etmək idi. Təəssüf ki, bəzi ölkələrin si­yasi dairələrinin bəzi üzvləri özlərini bu saxta ittihamlarla əlaqələndiriblər.

Sentyabrın 17-də Ermənistan tərəfinin Ağdam–Xankəndi və Laçın–Xankəndi yollarından paralel keçidlə malların qəbuluna razılıq verməsinə dair BQXK-dan ilkin məlumat aldıq. Bu gün BQXK-nın keçidlə bağlı şifahi notasını aldıqdan sonra saat 7-də biz BQXK-nın iki avtomobilinin biri Ağdam-Xankəndi, digəri isə Laçın-Xankəndi yolu ilə eyni vaxtda keçidini təşkil edə bildik ki, bu da Azərbaycana qarşı “blokada” itti­hamlarının heç bir əsası olmadığını nü­mayiş etdirdi.

Eyni zamanda, yüklərin çatdırılması məsələsi Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan hərbi və siyasi təxribatlarının art­ması hallarından təcrid olunmayıb. 

On min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində yerləşmək­də davam edir. Yüzdən çox tank və di­gər zirehli texnika, yaylım atəşli raket sistemləri də daxil olmaqla, iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radioelektron mübarizə siste­mi və iki yüzdən çox minaatan sistem hal-hazırda Rusiya sülhməramlı kontin­gentinin müvəqqəti yerləşdiyi Azərbay­can ərazilərində yerləşdirilib. 

Ermənistan öhdəliklərinə zidd ola­raq bu qüvvələri texniki, hərbi, logistik və maliyyə dəstəyi ilə təmin edir. Azər­baycan ərazisindəki silahlı birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsin­dən maliyyələşdirilir. Ermənistan 4-cü bəndində erməni silahlı qüvvələrinin Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə paralel olaraq çıxarılması tələbinin açıq şəkil­də ifadə olunduğu 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatını nümayişkaranə şəkildə pozur; 

Azərbaycanın suveren ərazilərində qeyri-qanuni yerləşdirilmiş radioelekt­ron mübarizə sistemlərindən istifadə xüsusi narahatlıq doğurur. 13 iyul, 24 iyul, 27 iyul, 21 avqust, 1 sentyabr ta­rixləri də daxil olmaqla son bir neçə ay ərzində, Azərbaycan Hava Yollarının mülki təyyarələrilə yanaşı, xarici dövlət­lərin mülki təyyarələri də radioelektron müdaxiləyə məruz qalıb;

Son günlər həm Azərbaycan və Er­mənistan arasında delimitasiya olun­mamış sərhəd boyunca, həm də Qa­rabağ bölgəsində hərbi mühəndislik işlərinin və digər hərbi quruculuq fəa­liyyətinin artması ilə müşayiət olunan hərbi təxribatların intensivləşməsi mü­şahidə olunur. Ermənistan açıq şəkildə növbəti hərbi hücum etmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəx­si heyət və texnika toplayır. 

Ermənistan Azərbaycan ərazisində yeni minalar basdırmağa davam edir. Qeyd etmək lazımdır ki, ötən ilin avqus­tundan etibarən 2021-ci ildə Ermə­nistanda istehsal olunmuş 2728 mina aşkarlanıb və zərərsizləşdirilib. Bunla­rın 1119-u Azərbaycan və Ermənistan arasında sərhəd ərazisində, Kəlbəcər və Laçın rayonlarında, 1609-u isə Qa­rabağ iqtisadi rayonunun ərazisində aşkarlanıb. 

Laçın sərhəd-buraxılış məntəqəsi­nin yaradılmasının səbəblərindən biri sözügedən qeyri-qanuni hərbi fəaliyyə­tin və qaçaqmalçılığın qarşısının alın­ması olub.

Azərbaycan ərazilərində qanunsuz qondarma rejimin yaradılmasının ildö­nümünə dair Ermənistanın baş naziri tərəfindən verilmiş “təbrik məktubu” Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıması ilə bağlı əvvəl səsləndirilmiş bəyanatların qey­ri-səmimi olduğunu bir daha sübut edib.

Əksinə, Ermənistan rəhbərliyinin son bəyanatları və fəaliyyəti əvvəlki bə­yanatları əsaslı şəkildə heçə endirib.

Ermənistan tərəfindən Azərbayca­nın suverenliyinin və ərazi bütövlüyü­nün sözdə tanınmasına baxmayaraq, onun müxtəlif beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş diplomatik missiyaları qeyri-qanuni qondarma re­jim adından sənədlər yaymaqda davam edir.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü istənilən ölkəninki qədər va­cibdir. Azərbaycan dünyanın istənilən ölkəsi kimi beynəlxalq hüquqda əks edilmiş bütün vasitələrlə öz suverenliyi­ni və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir.

Bu vacib məqamda Ermənistanı öz təhlükəli yolundan döndərməyə məc­bur etmək həmişəkindən daha mühüm­dür və daha çox tələb olunur. 

Ermənistan və onun Azərbaycanın suveren ərazilərində bütün mümkün ideoloji, siyasi, hərbi, maliyyə və digər vasitələrlə qoruyub saxladığı xunta vaxt qazanmağa yönəlmiş köhnə taktikaya arxalanmağın heç bir nəticə verməyə­cəyinə dair beynəlxalq ictimaiyyətin va­hid və aydın mövqeyi ilə üzləşməlidir.

Azərbaycan Ermənistandan hərbi quruculuq fəaliyyətini dayandırması­nı, revanşist planlardan əl çəkməsini, Azərbaycanın suverenliyini və ərazi bü­tövlüyünü pozmağı dayandırmasını və Azərbaycanın Qarabağ bölgəsində se­paratizm və terrorizmi dəstəkləməkdən əl çəkməsini tələb edir. 

Bununla yanaşı, Azərbaycan Ermə­nistan silahlı qüvvələrinin şəxsi heyəti­nin dərhal çıxarılmasını, Ermənistana tabe qondarma rejimin hərbi və qon­darma “hökumət” strukturlarının aradan qaldırılmasını və Azərbaycan ərazilə­rində qanunsuz yerləşdirilmiş Ermənis­tan silahlı qüvvələrinin tərk-silah edil­məsini tələb edir. Bu halda, qondarma rejimin “nümayəndə”lərinə amnistiya tətbiq edilə bilər.

XQ



Siyasət