Şeyxülislam “Böyük iyirmiliy”in Dinlərarası Forumunda

post-img

Sentyabrın 5-6-da Hindistanın Pune şəhərində “Böyük iyirmiliy”in (G20) Dinlərarası forumu keçirilib. Məclisdə Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov təmsil ediblər.

QMİ-nin mətbuat xidmətindən XQ-yə bildirilib ki, Azərbaycan dövlətinin dinlər və mədəniyyətlərarası dialoqda oynadığı mühüm rol, Prezident İlham Əliyevin bu istiqamətdəki qlobal təşəbbüsləri ölkəmizin “Böyük iyirmilik” kimi önəmli beynəlxalq platformada mütəmadi iştirakçı olmasına səbəb olub. Belə ki, G20 çərçivəsində Azərbaycan özünün multikulturalizm modelini beynəlxalq müstəvidə sülh içində birgəyaşayışın uğurlu örnəyi kimi təqdim etməkdə davam edir.

Şeyxülislam Allahşükür Paşazadə forumun açılış plenar iclasında çıxış edərək bildirib: “Bugünkü forumun əsas mövzuları olan iqlim dəyişikliyi, ekosistemin pozulması, qida və su çatışmazlığı, müharibələr və nüvə təhdidi hər gün bəşəriyyəti, özəlliklə gələcəyimiz olan uşaqların təbii insani hüquqlarını təhdid edir. Biz müharibə dəhşətlərini və fəlakətlərini yaşamışıq. Təmsil etdiyim Azərbaycan tolerantlıq, multikulturalizm diyarı olaraq mədəniyyətlər arasında dialoq və səmərəli əməkdaşlıq imkanlarının yaradılmasında aparıcı və müsbət rol oynayır. Bu, bizim dövlətimizin milli siyasəti və dini dəyərlərə olan ehtiramın göstəricisidir”.

Forum əsnasında şeyxülislam Allahşükür Paşazadə yerli və xarici dini liderlər və ictimai xadimlərlə, o cümlədən G20 dinlərarası forumunun prezidenti Kol Durham, Amrita Vişva Vidyapitam dini təşkilatının ruhani lideri Svami Amritasvarupananda Puri, Vahid Qlobal Forumun sədri və Hindistan Milli Konqresinin milli katibi Dalbir Sinqx, Vasai Arxiyepiskopu Feliks Maçado və Pune Ümumdünya Sülh Universitetinin təsisçisi, professor Vişvanat Karad ilə ikitərəfli görüşlər keçirib.

Son xəbərlər