Berlində Azərbaycan xalçaları sərgisi

post-img

Azərbaycanın Almaniyadakı səfirliyi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) birgə təşkilatçılığı ilə Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalçalarının sərgisi təşkil edilib.

Ekspozisiyanın açılışı mərasimində Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixə malik olduğunu, usta xalçaçıların bu sənətin incəliklərini gənc nəslə uğurla ötürdüyünü, ölkə rəhbərliyinin bu sənətin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib.“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılığın xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayıb, nümayiş olunan Qarabağ, Qazax, Naxçıvan, Şirvan xalçaçılıq məktəbləri nümunələrindən bəhs edib.

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman Bakıdakı fəaliyyəti dövründə Azərbaycanda xalçaçılıq sənəti ilə bağlı əldə etdiyi təəssüratı bölüşüb.

Sərgi zamanı qonaqlar üçün əsl Qarabağ xalçasının toxunma prosesi də nümayiş olunub. Sərgi iştirakçılarına xalçada öz ilmələrini atmaq imkanı yaradılıb. Qarabağ xalçasının toxunma prosesində iştirak edən hər kəsə “Azərxalça” ASC-nin xüsusi sertifikatı da təqdim olunub. İştirakçılara  Heydər Əliyev Fondunun Azərbaycanda xalçaçılıq sənəti barədə hazırladığı kitablar və broşürlər paylanılıb, Azərbaycan xalçaçılıq sənətindən, eləcə də ölkəmizin tanınmış xalça toxucularından bəhs edən film nümayiş olunub.

Sərgi sentyabrın sonunadək avropalı xalçasevərlər üçün açıq olacaq.

XQ

 

Mədəniyyət