Məhəmməd Salah dünyanın ən bahalı futbolçusu ola bilər

post-img

İngiltərənin “Liverpul” klubunun  misirli hücumçusu Məhəmməd Salah üçün fantastik transfer təklifi edilib. 

“XQ” Türkiyənin “TGRT haber” portalına istinadən bildirir ki, təklif Səudiyyə Ərəbistanı klubu “Əl-İttihad”dan gəlib. Təklifin dəyəri 175 milyon avro olub. Lakin misirli hücumçu bu təklifi rədd edib. Bundan sonra səudiyyəlilər misirli ulduz üçün “Liverpul”a yeni transfer təklifi etmək qərarına gəliblər. Mənbənin məlumatına görə, yeni təklif 230 milyon avro təşkil edir ki, bu da indiyədək transfer bazarında qeydə alınmamış yeni rekorddur.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pro Liqası bu mövsüm klubların etdiyi ulduz transfer xəbərləri ilə bütün dünyada ad çıxarıb. Belə ki, Kristianu Ronaldunun “Əl-Nəsr”ə transferindən sonra Neymar, Fabinyo, N'Qolo Kante, Benzema, Firmino,  Riyad Mahrez və bir çox başqa ulduzlar Ərəbistan yarımadasına yollanıb.

Məhəmməd Salahın “Əl-İttihad” komandasına transferi reallaşarsa, o, braziliyalı ulduz Neymarın 2017-2018-ci illər mövsümündə Parisin PSJ komandasına 222 milyon avroya keçid rekordunu qıraraq dünyanın ən bahalı oyunçusu olacaq. 

Elçin ABBASOV,
XQ

İdman