“Heydər Əliyev və müasir ərəb İslam Şərqi” adlı konfrans keçirilib

post-img

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü və Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı İraqda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir ərəb İslam Şərqi” adlı beynəlxalq konfransda iştirak ediblər.

 Bildirilib ki, konfransa “Zoom” vasitəsilə qoşulan Ruhəngiz Cümşüdlü “Heydər Əliyev və Azərbaycan-İslam Əməkdaşlıq Təşkilatı əlaqələri” mövzusunda məruzə edib. Məruzəçi Heydər Əliyevin apardığı xarici siyasətin və diplomatik gedişlərin əsas və mühüm istiqamətlərindən biri kimi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə fəal və səmərəli əməkdaşlıq etmək xəttinin müəyyənləşdirildiyini qeyd edib. Ulu Öndərin İƏT Zirvə toplantılarında iştirakı, bu beynəlxalq qurumun rəhbərliyi ilə görüşləri barədə danışıb.

1993-cü ilin ikinci yarısından etibarən İƏT ilə ölkəmiz arasındakı əlaqə və təmasların intensivləşməyə və fəallaşmağa başladığını vurğulayan R.Cümşüdlü bildirib ki, Heydər Əliyevin gərgin zəhməti və yorulmaz fəaliyyəti nəticəsində ilk vaxtlar İƏT Baş Katibliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, sonrakı mərhələdə İƏT konfransları Ermənistan-Azərbaycan münaqişəsi haqqında daha kəsərli qətnamələr qəbul edib. Bu qətnamələrdə Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Ermənistanın Azərbaycana təcavüzü kimi qiymətləndirilib.

Gülər Qafqazlı konfransda “Heydər Əliyev və mədəni irsimizdən biri - Müslüm Maqomayev adına Dövlət Filarmoniyası” mövzusunda məruzə edib. Məruzədə Azərbaycan Respublikasının mədəniyyətinin inkişafına önəm verən Ulu Öndər Heydər Əliyevin Azərbaycan Dövlət Filarmoniyası ilə bağlı sərəncamları, mədəniyyətimizin inkişafında filarmoniyanın əhəmiyyəti, yeri və mədəniyyət işçiləri haqqında bəhs edilib. Məruzəçi Azərbaycan Dövlət Filarmoniyasında səhnələşdirilən ilk və digər əsərlərin tarixindən də söz açıb.

 





Son xəbərlər