Dünən Şəkidə Xalq şairi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
ADPU-nun Şəki filialının direktoru, dosent Rafik Rəsulov çıxış edərək bildirilib ki, Bəxtiyar Vahabzadə XX əsrdə Azərbaycan xalqının yetişdirmiş olduğu bənzəri olmayan söz ustadı, filosof, dramaturq, publisist və azadlıq fədaisi kimi həmişə sevilib. Şəki ziyalıları beynəlxalq konfransın məhz bu şəhərdə keçirilməsini böyük şairin xatirəsinə olan dərin hörmət və ehtiramın ifadəsi kimi dəyərləndirirlər. Çünki Bəxtiyar Vahabzadə Şəkidə doğulub boya-başa çatıb və bu şəhərə həddindən artıq bağlı bir insan olub.
AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, professor Ramazan Qafarlı, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva və başqaları Bəxtiyar Vahabzadənin Azərbaycanda söz sənətinin inkişafındakı xidmətlərindən danışıb, şairin yaradıcılığının müxtəlif məqamlarına toxunublar.


