“Bilgəh”də yay məktəbinin açılışı

post-img

İyulun 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin “Bilgəh” İstirahət Mərkəzində 12-16 yaş arası məktəbli və yeniyetmələr üçün təşkil ediləcək “Cyber Summer School - 2023” beynəlxalq yay məktəbinin açılış tədbiri keçirilib. 

Azərbaycan Kibertəhlükəsizlik Təş­kilatları Assosiasiyasının təşkilatçılığı, “Azerconnect MMC”, “Caspel”, “Cy­berpoint”, “Techpro DC” və “Huawei Te­chnologies” şirkətlərinin sponsorluğu, “Gesco”, “A2Z Technologies”, “CISCO” və “Azerobot” şirkətlərinin tərəfdaşlığı ilə iyulun 30-dək Bakı Ali Neft Məktəbində keçiriləcək yay məktəbinə cəlb olunmuş yeniyetmələrin və onların valideynlərinin iştirak etdikləri açılış tədbirində aidiyyəti dövlət qurumlarının, xarici ölkələrin ölkə­mizdə fəaliyyət göstərən səfirliklərinin, eləcə də ali təhsil müəssisələrinin rəhbər vəzifəli şəxslərinin çıxışları dinlənilib. 

Bununla yanaşı, açılış tədbirinin işti­rakçıları texnoloji sərgidə “Caspel”, “Cy­berpoint” “Techpro DC”, “Huawei”, “A2Z Technologies”, “Cisco” və “Azerobot” şirkətlərinin texnoloji həlləri və xidmətləri ilə tanış olublar.

Ənənəvi olaraq hər il təşkil olu­nan yay məktəbi ərzində yerli və xarici mütəxəssislər tərəfindən iştirakçılar üçün kibertəhlükəsizlik sahəsində təlimlər, tex­noloji turlar, habelə iştirakçılar arasında kibertəhlükəsizlik sahəsində bilik yarışı­nın (“CTF”) keçirilməsi planlaşdırılıb. 

Qeyd etmək lazımdır ki, “Cyber Sum­mer School - 2023” yay məktəbinin əhatə dairəsi və beynəlxalq əhəmiyyəti bu il daha da genişləndirilib. Belə ki, iyulun 30-dək davam edəcək yay məktəbinə Azərbaycan, İsrail və Türkiyə ilə yanaşı, Türk Dövlətləri Təşkilatına üzv olan Qa­zaxıstan, Özbəkistan, Qırğızıstandan da yeniyetmələr olmaqla, ümumilikdə 125 iştirakçı cəlb edilib. 

Ödənişsiz əsaslarla ingilis dilində təş­kil ediləcək beynəlxalq yay məktəbinə 12-16 yaş aralığında olan, zəruri ingilis dili, habelə informasiya texnologiyaları üzrə biliklərə malik və müsabiqədən keçmiş şəxslər cəlb olunub. Bakı Ali Neft Mək­təbində təşkil ediləcək təlim və praktiki seminarlar isə Azərbaycan, İsrail və Tür­kiyənin sahə üzrə ekspertləri tərəfindən keçiriləcək. Ümumilikdə yay məktəbinin davam edəcəyi müddət ərzində 20 təlim­çi tərəfindən kibertəhlükəsizliyin müxtəlif aspektləri üzrə 20-dən çox təlim və prak­tiki seminarların, sonda isə yay məktəbi iştirakçıları arasında bilik (“CTF”) yarışı­nın keçirilməsi nəzərdə tutulub.

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər